İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihar işində rüşvət alan müstəntiqə hökm oxunub

1270 06.04.2023 17:01 Kriminal A A

Qaradağ Rayon Prokurorluğunun keçmiş müstəntiqi Emin Seyidova hökm oxunub.

Musavat.com xəbər verir ki, aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Seyidov barəsində çıxarılan hökmlə məhkəmə onu təqsirli bilsə də, şərti cəza vermək qərarına gəlib.
İttihama görə o, icraatında olan intihara cəhd işi ilə əlaqədar rüşvət alıb.

Emin Seyidov istintaq və məhkəmə dövründə də həbs olunmamışdı. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi.

Emin Seyidov 2017-ci ildə prokurorluqda işə başlayıb. 2020-ci ildən Qaradağ rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb. 2022-ci ildə vəzifəsindən azad edilərək, cinayət məsuliyyətinə cəlb olunub.

Onun icraatında Gülşad Mirzəyeva adlı qadının özünə qəsd etməsi ilə bağlı cinayət işi olub. 2021-ci ildə baş vermiş bu hadisə ilə əlaqədar Qaradağ rayon Prokurorluğunda dindirilən Gülşad Mirzəyeva 3 nəfərdən şikayətçi olub, onların üzündən intihar həddinə çatdırıldığını iddia edib.

Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işinin istintaqını aparan müstəntiq Emin Seyidov sözügedən 3 nəfəri çağırıb dindirərkən onlardan 30 min manat rüşvət tələb etdiyi iddia olunur. Bu, Seyidovla bağlı cinayət işinin materiallarında əksini tapıb. İttihama əsasən, danışıqlardan sonra məbləğ əvvəl 15 min manata, daha sonra 10 min manata düşüb.
Sözügedən 3 nəfər Elçin Nağdəliyev, Emin Oruczadə və Sərxan Quliyev olub.

Sabiq müstəntiq Emin Seyidov istintaqda özünü təqsirli bilib. Lakin məhkəmədə bildirib ki, istintaqdakı ifadəsi həqiqətə uyğun deyil. O, ittihamları qəbul eləmir. Emin Seyidov kimsədən rüşvət tələb etmədiyini və almadığını söyləyib. O, ünvanına səslənən iddiaları da böhtan adlandırıb.

Emin Seyidov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə təqsirli bilinib. Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR