İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnkişaf etməkdə olan ölkə” kateqoriyasından necə yararlanaq? - iqtisadçı ekspertin təklifi

938 27.05.2019 08:25 İqtisadiyyat A A

İqtisadçı ekspert Ümumdünya Ticarət Təşkilatına üzvlüyün vacibliyini önə çəkdi

ABŞ prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. “Mən qərara gəldim ki, Türkiyənin iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə-benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı”, - deyə ABŞ prezidentinin bəyanatında bildirilir.

Buna uyğun olaraq Vaşinqton həmçinin Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırıb.

Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr (İEOÖ)  iqtisadi cəhətdən tam inkişaf etməmiş, enerji ehtiyatlarından asılı olan, istehsalı daha çox xammal səviyyəsində olan ölkələrdir. Bu ölkələrə Asiya, Afrika, Latın Amerikasında yerləşən 150-yə qədər ölkə aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar. Onların əksəriyyəti hazırda da iqtisadi cəhətdən asılı vəziyyətdədir. İEOÖ iqtisadi və sosial inkişaf səviyyələrinə görə çox geri qalırlar. İqtisadiyyatın mineral-xammal və aqrar-xammal istiqaməti bu ölkələr üçün səciyyəvidir. İEOÖ-də urbanizasiyanın səviyyəsi əsasən aşağı olur, əhalinin təbii artımı yüksəkdir, həyat səviyyəsi aşağıdır.

İEOÖ-in təsərrüfatında faydalı qazıntıların hasilatı və satışı mühüm yer tutur. Bu qrup ölkələrə mineral-xammal ölkələri deyilir.

Azərbaycan da inkişaf etməkdə olan ölkələrdən biri sayılır və bu mənada beynəlxalq ticarətdə müəyyən güzəştlər əldə etmək şansı var. Bəs görəsən, dünyanın bir çox ölkələrinin yararlandığı bu güzəştlərdən Azərbaycan yararlanırmı?

Ä°lgili resim

“Yeni Müsavat”a açıqlamasında bu durumu dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan inkişaf etməkdə olan ölkə kimi belə güzəştlərdən yararlana bilmir: “Türkiyə ilə ABŞ arasında illər öncə bağlanmış bir müqavilə var; onun tərkib hissəsi kimi, inkişaf etməkdə olan ölkələr kateqoriyasına aid edilən ölkələrə Amerikaya mal ixracatında müəyyən güzəştlər tətbiq olunur. Bura vergi güzəştləri, gömrük güzəştləri aiddir, onlara müəyyən kvotalar da ayrılır. Azərbaycanın belə bir kvotası yoxdur. 2007-ci ildə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində 6 ölkəyə  güzəştli 250 milyon avroluq ixrac modeli təklif edildi. Azərbaycan heç bu kvotanı doldura bilmədi, cəmi 80 milyon avroluq mal ixrac edə bildik. Çünki enerji daşıyıcılarının müqavilələri tamamilə fərqli kontekstdə bağlanılır. Burada söhbət qeyri-neft ixracatından gedirdi, Gürcüstan bu kvotanı şərabçılıqla, meyvə və təbii mineral sularla doldura bildi. Ancaq Azərbaycan bunu bacarmadı. Ölkəmizin ikitərəfli  müqavilələri olduqda, o güzəştlərdən yararlanmaq imkanları var. Hazırda ABŞ-la elə bir müqavilə yoxdur”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycan da  inkişaf etməkdə olan ölkələrə daxildir: “Çünki ÜDM-in adambaşına düşən həcminə baxdıqda bizim göstəricilərimiz heç də ürəkaçan deyil. İki devalvasiyadan sonra bizdə bu göstəricilər 2 dəfədən çox aşağı düşdü. Devalvasiyadan öncə adambaşına düşən ÜDM 8 min dollara çatmışdısa, indi 4 min dollar civarındadır. Bu da Azərbaycanın inkişaf etməkdə olan ölkələr kateqoriyasına aid olduğunu göstərir. Azərbaycanın ABŞ dolları ilə büdcəsi təqribən 12 milyard dollara yaxındır, bunu adambaşına hesabladıqda çox az bir rəqəmdir. Bütün bu göstəricilərə görə, Azərbaycan inkişaf etməkdə olan ölkədir. Ancaq bu kateqoriyanın üstünlüklərindən istifadə etmək üçün əlavə müqavilələrə ehtiyac var”.

İqtisadçının fikrincə, ilk növbədə  Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazımdır ki, Azərbaycan bunu gecikdirir: “Orada da inkişaf etməkdə olan ölkələr kateqoriyasına aid edildikdə müəyyən güzəştlər qazana bilər, ya da ölkələrlə ikitərəfli müqavilə bağlaya bilər. Necə ki, bunu Türkiyə ABŞ-la etmişdi. İndi o güzəştlərin ləğvi Türkiyə iqtisadiyyatına kifayət qədər zərbə vuracaq. Çünki ixracatın  həcmi azalacaq və qiyməti bahalaşacaq. Türkiyə mallarının Amerika bazarına çıxış qiymətləri  yüksələcək. Buna görə də, inkişaf etməkdə olan ölkə statusundan düşünülmüş şəkildə istifadə etmək olar. Həm ikitərəfli müqavilələr çərçivəsində, həm də ÜTT çərçivəsində. Azərbaycan  hökuməti bunun hansını edəcək, demək çətindir. Danışıqları sürətləndirib tezliklə bu təşkilata üzv olub, orada inkişaf etməkdə olan ölkə kateqoriyasından istifadə edərək ixracda, təşviqdə müəyyən güzəştlər qazanmaq mümkündür”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR