İnsanlara hürriyət, millətlərə istiqlal!

İndi gerçəkdən də Araz aşığımızdandır, Kür topuğumuzdan...

2364 01.07.2020 09:10 Yazarlar A A

Bir gün belə olacağı, çayların suyunun azalacağı, dünya okeanının səviyyəsinin qalxacağı hələ 20-22 il öncədən bəlliydi. Bu, 20-22 il öncədən bizə, mətbuat işçilərinə, belə məsələlərlə maraqlanan adamlara məlum idi, elmi ictimaiyyət isə daha 5-6 il öncədən sənaye istehsalı marafonunun dünyanı hara gətircəyindən xəbərdar idilər.

Ekoloq alimlər vaxtaşırı Londonda, Stokholmda, Osloda, Kopenhagendə, Cenevrədə elmi toplantılar keçirirdilər, dünyanı ekoloji fəlakət gözlədiyini deyirdilər, qüdrətli dövlətlərin başçılarına müraciətlər edirdilər, trivial dildə desək, həyəcan təbili çalırdılar.

İndiki kimi xatırlayıram, 2000-ci ildə Rusiyada çıxan “Vlast” jurnalında yer alan müvafiq məzmunlu elmi-kütləvi materialı ciddi siqnal hesab edərək tərcümə edib yaymışdıq.

Həmin materialda Kürün suyunun azalacağı barədə konkret heç nə yox idi, amma bolsulu çayların suyunun azalacağından, dağlarda qar və buz örtüyünün naziləcəyindən, əbədi buzlaqların yoxa çıxacağından, səhralaşmanın genişlənəcəyindən, təbii fəlakətlərin artacağından, okean sahilində yerləşən bir çox şəhərlərin təhlükə altına girəcəyindən bəhs olunurdu.

Bu, o zamanlar idi ki, Dəli Kür coşub-çağlayır, yaz vaxtı məcrasından çıxırdı, sakit axan Araz yatağına zor-bəla sığırdı. Bu çaylarla bağlı yeganə dərdimiz onların sularına Ermənistan ərazisində mis zavodunun zəhərli tullantılarının, Tiflisdə kanalizasiya çirkabının qarışdırılması idi.

Bu, o zamanlar idi ki, Kilimancaro dağlarının başı qarlı idi, ancaq tədqiqatçı alimlər dağlarda qar örtüyünün nazildiyini müşahidə etmişdilər.

Bu, Antarktidada buz dağlarında iri çatların müşahidə edildiyi, buzlu materikdan qoparaq okeana doğru üzən nəhəng aysberqlərin kütləviləşdiyi vaxtlar idi.

Həmin vaxtlar okeanlarda balinaların, akulaların mədəsindən sellofon torbalar, plastik kütlələr təzə-təzə çıxırdı.

Çox adam bu cür hallara, iqlim dəyişikliklərinə, təbii fəlakətlərin artmasına məhəl qoymurdu, amma ekoloq alimlər ümumdünya fəlakətinin mahiyyətinə varmış, adını da qoymuşdular: “Qlobal istiləşmə”.

Onlar iddia edirdilər ki, bu fəlakəti yaradan başlıca səbəb ümumdünya sənayeləşmə yarışmasıdır.

Bu, o zamanlar idi ki, Çində, ABŞ-da, Hindistanda, Braziliyada, Cənubi Koreyada, Yaponiyada, digər sürətlə inkişaf etmək istəyən ölkələrdə az qala hər gün nəhəng-nəhəng zavodlar, fabriklər inşa edilirdi, kimya sənayesi ölkələri ağuşuna alırdı.

Alimlər elmi simpoziumlarda yaxalarını cırırdılar, ölkə başçıları iqtisadi-siyasi sammitlərdə qlobal inkişafdan, istehsal tempinin artmasından danışırdılar.

Əvvəlcə Kilimancaro dağlarının qarı yoxa çıxdı. Dağlarda qar olmayınca, ondan qidalanan çaylar qurumağa başladı. Çaylar quruyunca, onların keçdiyi ərazilərin meşələri, örüşləri qurumağa üz qoydu.

Ancaq yenə də alimlərin səsini eşidən yox idi. Təhlükə böyüyüncə siyasilər istiləndi, alimlərin tövsiyəsi ilə dünya ekologiyasına aid sazişlər hazırladılar, dünyanın gələcəyi üçün narahat olan ölkələrin rəhbərləri bu sazişlərə qoşuldular. Qoşulmayanlar da oldu, sonradan sazişdən çıxanlar da.

Budur, 20 il öncədən dünyaya duyurulan fəlakətin - qlobal istiləşmənin acı nəticələri qapıdadır - çaylarımız quruyur, sözün hərfi mənasında Araz aşığımızdandır, Kür topuğumuzdan, o qədər dayazdırlar.

İndi problemin qaynağını Kürün və Arazın keçdiyi yerlərin sahillərində, su oğurluqlarında, ifrat israfçılıqda axtarırıq. Amma problemin əsas qaynağı dağlardadır. Çayları qidalandıran dağlardır, dağlardakı qar-buz qatıdır. Onlar yaz aylarından ta payıza qədər yavaş-yavaş əriyərək çaylara su verir. İndi o qar-buz qatı yoxdur, hamısı qısa müddətdə əriyib, özünü tükədib.

Nə də dağlara, dərələrə yağış yağmır. Küləklər buludları ora-bura qovur, toplayır, sıxlaşdırır və ayrıca götürülmüş bir nahiyədə illik yağış norması bir saatin içində düşərək sel-daşqın yaradır. Ölkənin bir rayonu susuzluqdan qovrulduğu halda, o biri rayonu selin-suyun altında qalır.

Bu, ekoloji tarazlığın pozulması deməkdir. İnsan oğlu bu tarazlığı pozub və indi onun bədəlini ödəyir. Ağıllı olmasa, alimlərə qulaq asmasa, daha pis günlərə qalacaq.

Ancaq yenə də təbiətin özünə ümid böyükdür. O, əvvəl-axır silkinib, silkələnib, özünü duruldacaq, süni baryerləri dağıdacaq, hər şeyi sahmana salacaq.

O dağlara yenə qar, yağış yağacaq, su gələn çaya bir də gələcək.

P.S. Bu arada Kürün suyunun azalması göstərdi ki, dibini lil basıb, onu xeyli dayazlaşdırıbmış. Fürsətdən istifadə edib, çayların dibini dərinləşdirmək lazımdır ki, sabah su bol gələndə çay məcrasından çıxmasın, öz yatağına sığsın.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR