İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Namiq Kamal bu dəfə kuklalarla birgə səhnəyə çıxdı – FOTOLAR

1356 20.06.2019 18:30 Mədəniyyət A A

Kukla Teatrında xalq artistinin 70 illik yubileyinə həsr olunan tamaşanın premyerası keçirilib

Mayın 19-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xalq artisti İlham Namiq Kamalın kuklalarla birgə olan “Bizim Don Kixot” tamaşasının premyerası keçirilib.

Musavat.com bildirir ki, mərhum dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan” və xalq artistinin 70 illik yubileyinə həsr olunan tamaşasının premyerasında tanınmış teatr xadimləri, teatrsevərlər iştirak edib.

Qeyd edək ki, müzikl kimi hazırlanan tragikomik tamaşanı səhnələşdirən Rəhman Əlizadə, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir. Səhnə işində xalq artistindən başqa, Kukla Teatrının aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Araz Həsənli, Adil Dəmirov ifa ediblər.

Teatrsevərlər üçün yeni olan bu tamaşanın məzmunu SSRİ-nin dağıldığı dönəmdə imperiya insanının problemlərinin önə çəkilməsindən ibarətdir. Əsərdə əsas faktor kimi insan, onun mənəvi dünyası, ətrafına münasibəti, firavan yaşamaq, sağlam cəmiyyət arzuları önə çəkilib.

Əsərin baş qəhrəmanı Əhmədağa həqiqəti demək, cəmiyyətdəki əyriliklərə öz münasibətini bildirmək istəyir. Amma ətrafındakı xoşagəlməzliklərə etirazını özü kimi yox, Don Kixot olaraq bildirir. Düşünür ki, Əhmədağa olduğu halda onu kimsə qəbul etməz, dinləməz. Ona görə də maska taxmaq, obraza girmək istəyir və Don Kixota çevrilir. Beləliklə tamaşa boyu Əhmədağa Don Kixot maskası ilə haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparır. Quruluş müəllifi əsərdən fərqli olaraq tamaşanı gözlənilməz sonluqla bitirir. Belə ki, Əhmədağanın acı sonunu “Don Kixotlar həmişə var və olacaq” kimi nikbin, mübariz bir sonluqla ifadə edir.

Premyeradan sonra tamaşanın yaradıcılarından öz təəssüratlarını bölüşməsini xahiş etdik. Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Qurban Məsimov  xalq artisti ilə birgə işindən söz açaraq qeyd etdi: “Şəxsən mənim üçün də  çox maraqlı oldu, İlham müəllimi daha yaxından tanıdım. Uşaq ikən onu  ekranda görürdümsə, indi onunla birlikdə işləyirəm və bu mənə böyük zövq verir. Bu tamaşanı hazırlayarkən İlham Namiq Kamaldan çox şeyi öyrəndim. Ən çox da onun işinə necə məsuliyyətlə yanaşdığının şahidi oldum. Məşqlərə bir saat öncədən gəlir və sualları yağdırırdı. Bütünlükdə iş prosesindən çox böyük zövq aldım...

Bildiyiniz kimi bu il İlham müəllimini yubileyidir və bu tamaşa da Kukla Teatrından ona bir hədiyyədir”.

Tamaşanın bəstəkarı Vüqar Camalzadə də tamaşadan çox razı qaldığını dedi: “Çox gözəl tamaşa alınıb. Bu, böyük sənətkarımız İlham Namiq Kamal ilə birgə ilk işimiz idi. Bu əsər həm obraz həm də temperament cəhətdən hər birimizi ruhlandırdı ki, belə bir işi ərsəyə gətirək. Beləliklə, əməkdar artist Qurban Məsimovun rəhbərliyi altında biz də əlimizdən gələni etməyə çalışdıq. Düşünürəm ki, bənzəri olmayan bir iş alınıb”.

Tamaşaçı qismində premyerada iştirak edən əməkdar artist Novruz Qartal da öz təəssüratlarını bölüşdü: “Fikirləşirdim ki, görəsən bu tamaşa necə alınacaq? İlham Namiq Kamal bununla yeni bir obraz yaratdı. Tamaşanı izləyərkən sanki möcüzələrə adasına düşmüşdüm. Çox bəyəndim, çox xoşuma gəldi. Demək ki, İlham Namiq Kamal həm də Kukla Teatrında kuklalarla da işləyə bilər. Bildiyiniz kimi xalq artisti bundan əvvəl Musiqili Teatrdan başqa Opera və Balet Teatrında, Akademik  Milli Dram Teatrında səhnəyə çıxmışdı. Bircə Kukla Teatrı qalmışdı, gördüyünüz kimi burada da özünü təsdiq etdi”.

Xalq artisti Cəfər Namiq Kamal da tamaşadan çox razı qaldığını dedi: “İlk dəfə idi ki, İlham Namiq Kamalı bu formatda görürük. Hər birimiz üçün maraqlı idi ki, bu tamaşa necə alınacaq və gözlədiyimiz kimi də çox gözəl ərsəyə gətirilib”.

Xalidə Gəray,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR