İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev gəncliyə general olmağın yol xəritəsini təqdim etdi – 2 fevral görüşünün şifrələri

1650 04.02.2022 10:28 Yazarlar A A

29 iyul 2020-ci il. Prezident İlham Əliyev Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolunun açılış mərasimində iştirak etmək üçün bu rayona səfər edib. Rayonun ən böyük kəndi Vəndama-həm də şəhid Milli Qəhrəmanımız, ordu generalı Polad Haşımovun yurduna… Ordu generalımız cəmi 15 gün əvvəl 7 döyüş yoldaşı ilə bərabər Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu...

Prezident generalın böyüdülmüş şəklini görəndə idarə etdiyi maşını saxlamış və Polad Həşimova böyük sayğısını ifadə etmişdi. Vəndam kəndinin yetirməsi olan Azərbaycan oğlunun qəhrəmanlığından danışan dövlət başçısı onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi, Qəbələdə və Sumqayıtda yaşayan ailəsinə, qohumlarına diqqət göstərilməsi və digər müvafiq tədbirlərlə bağlı icra hakimiyyətinin başçısına tapşırıqlar vermişdi. Bu səhnə hər kəsi riqqətə gətirmişdi...Bəlkə də 44 günlük döyüşlərdə qazanılan qələbədə bu faktın da böyük önəmi oldu, döyüş ruhunu aşılayan anlar idi axı... Baş Komandanın bu sayğısından, generalının şəklini belə görəndə maşını saxlayıb, onun xatirəsini uca tutmasından sonra kim istəməzdi döyüşə yollansın, Həşimovun seçdiyi ali məqama ucalsın?

O hadisə iki il yarımdan sonra, 2022-ci ilin 2 fevralında xatırlandı - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda...

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş  Gənclər Forumunda iştirak edib YENİLƏNİB - 2

Budəfəki də olduqca təsirli səhnəydi və hətta sonradan tamaşaçı qismində o kadrları seyr edənlər də mütəəssir oldu. Dövlət başçısına suallar ünvanlayan gənclərin sırasından ayağa qalxan qız özünü təqdim etdi: Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova, “sualım yoxdur”, dedi. Sadəcə: “Sizi görmək fürsətindən istifadə edərək, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə sizə təşəkkür etmək istəyirəm”.

Prezident: "Sən fəxr elə ki, Polad Həşimovun qızısan" -

Bir neçə dəfə izlədim həmin anları və mənə elə gəldi ki, sualı olmayan qısa çıxışla dövlət başçısının cavab reaksiyası arasında çox uzun pauza oldu. General qızının qürurula təşəkkürünü ifadə etməsi hamını təsirləndirdi, prezidenti də...Müharibədən öncə Qəbələdəki həmin səhnəni Forumda bir daha xatırlatdı, danışarkən kədəri də aydın hiss olundu... İlham Əliyevi nadir hallarda kədərlənən görmüşük, son zamanlar iki dəfə - Cıdır düzündə və general qızını dinləyəndən sonra. Ən qiymətli zabitlərindən birini itirən Baş Komandanın səmimiyyətilə ifadə etdi münasibətini. Əslində bu, çox böyük kədərdir, millətin dərdinə şərik olmağın nümunəsiydi. Xalqı ilə birgə zəfərə sevindiyi kimi, şəhidinə də üzülür, eyni zamanda qəhrəmanlarımızın qisasının alındığını deməklə toxtaqlıq verir və arxayınlaşmamağı tövsiyə edir. Xüsusilə bütün bu keyfiyyətlərin Azərbaycanın bu günü və gələcəyi olan gənclərə aşılanmasında çox böyük məna var. Artıq təcrübə danışır, Qarabağ zəfərini Azərbaycan gəncliyi qazandı, bu gənclik bütün şəhidlərimizin ruhunu şad etməklə bərabər, yaşlı nəsli də gələcəyin töhmətindən xilas etdi. Əks təqdirdə, yüz illər boyu qınanılacaqdıq toplum olaraq, bizdən sonrakı nəsillər də babalarına görə xəsalət çəkəcəkdilər, torpaqları düşməndən ala bilmədiklərinə görə. Odur ki, gəncliyə minnətdarlıq etmək həm də onlara stimul verməkdir, bundan sonrakı quruculuq, inkişaf işlərində...

Vətənpərvərliyin təbliğindən, gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasının yollarından çox danışılır. Əslində 2 fevral görüş-forumu mükəmməl modeldir: dövlət başçısı qeyri-rəsmi qiyafədə, iştirakçı gənclər sərbəst şəkildə fikirlərini ifadə edirlər, suallarına cavab alırlar. Prezident şəhid və qazilərimizin qəhrəmanlığından, gənclərimizi uğura aparacaq yollardan bəhs edir, Vətənə, millətə xidmətin yollarını nişan verir, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, gənclərimizin Azərbaycanı təmsil etməli olduqlarını söyləyir.

7756ff3b-f8cb-4f6d-ba05-cc42cab1c0bf.jpg (187 KB)

Sitat: “Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır”.

Vətənə, dövlətə, xalqa bağlılığın düsturunu təqdim edir ölkə başçısı. Bu çərçivədə özünü görmək istəyən heç zaman kənar meyillərin təsiri altına düşməz, soyuna, kökünə hörmətsizlik gətirməz.

Prezidentdən Həşimovun xatirəsinə böyük ehtiram - Foto

Dövlət başçısının suallara cavablarında əslində gənclərimiz üçün yol xəritəsi təqdim olundu. Bu yolda Vətənin adını elm yolunda ucaltmaq da var, şəhidlik məqamına ucalmaq da...Tamamilə haqlıdır: “Məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik”.

Həqiqətən də müstəqilliyin ilk illərində vəziyyət çox ağır idi. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. O zaman da vətənpərvər gənclərimiz kifayət qədər idi, şəhidlərimiz də oldu, qazilərimiz də, uğursuzluqlarımıza dözməyib, ürəyi dayananlar da...Amma bütün bu uğursuzluqlarda onların zərrə qədər suçu yox idi. Dövlətin qüdrəti, inkişaf etmiş ordusu, inamlı, qətiyyətli, diplomatik təcrübəyə malik sərkərdəsi olmalı idi, qələbəni şərtləndirən amillər sırasında... Dövlət rəhbəri vaxtilə ölkəmizin uğursuzluq zolağında olmasının səbəblərindən danışarkən gənclərin kitablardan, digər mənblərdən oxuduqlarını onlara birbaşa söylədi. Vaxtilə Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmadığını, sahibkarlığın çox aşağı səviyyədə olduğunu, dövlət qurumlarının yeni idarəetmə üsuluna yiyələnə bilmədiyini, iqtisadi tənəzzülün hər yerdə özünü büruzə verdiyini, ölkəmizin iqtisadi qüdrətinin onurğa sütununu təşkil edən neft-qaz kontraktlarının yenicə imzalandığını xatırlatdı. Dəhşətli mənzərəydi, yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda ömür sürürdülər. Belə vəziyyətdə torpaqları işğaldan azad etmək qeyri-mümkün idi. Üstəlik, ölkəmizə qarşı erməni lobbi təşkilatlarının dünya boyunca tirajladıqları saxta məlumatlar cəbhəsini yarmaq Qarabağdakı “Ohanyan səddi”ndən də çətin idi, bunu etiraf etmək lazımdır. Diplomatik cəbhədə yüksəkliklər qazanılmasaydı, Murov yüksəkliyi üçün də çoxsaylı şəhidlər verəcəkdik.

Gənclərimizin yüksək səviyyədə təhsil almasına böyük önəm verən, bu istiqamətdə dövlətin dəstəyini davam etdirəcəyini bildirən Prezident müasir gəncliyə qiymətli tövsiyələrini verdi. Bildirdi ki, azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar.

Sitat: “Azərbaycan xalqı nəsildən-nəslə əsrlər boyu milli ideologiyanı, milli xüsusiyyətləri ötürürdü və özünü assimilyasiyadan qoruyurdu. Azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, bu dəyərləri qoruyub saxlamalıyıq”.

Gənclərimiz gərəkdir ki, unutmasınlar, uğurun formulu həm də budur: soy-kökünə, ana dilinə bağlılıq! Bir sıra mərkəzlərin “qloballaşma” adı altında müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, xüsusilə gəncləri vahid “dəyərlər” ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və ondan sonra o ölkələri idarə etmək planlarından da bəhs etdi dövlət başçısı. Məmnunluğunu da ifadə etdi: “Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır”. Ölkə rəhbəri qeyd etdi ki, zəngin təbii resurslarla özünü təmin etmiş və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan ölkələrin diqqətini xüsusi cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün müstəqillik illərində dəfələrlə müxtəlif təzyiqlərlə rastlaşıb. “Sorosçuların məqsədi məhz gənclərdir. Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Bu, aktual məsələdir və öz aktuallığını heç vaxt itirməyəcək”, xəbərdarlığını da etdi.

İlham Əliyev Polad Həşimovun adının küçəyə verilməsi barədə tapşırıq verdi  - YENİLƏNİB | Report.az

Özünün 60 yaşında idmana sevgisindən bəhs etməklə, şəxsi nümunəsini xatırlatmaqla gənclərimizə zərərli vərdişlərdən uzaq olmağı, sağlam bədənə, sağlam ruha sahiblənməyi tövsiyə edən Prezident eyni zamanda gənclərimizin yaddaşını təzələdi, həm də tarix müəllimi statusunda dərs keçdi. Azərbaycanlıların öz doğma torpaqlarından bir neçə mərhələ ilə qovulduqlarını söylədi.

“1918-ci ili heç vaxt yaddan çıxarmamalıyıq. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı - qədim Azərbaycan şəhərini Ermənistana faktiki olaraq heç bir səbəb olmadan bağışladı. Halbuki, o vaxt İrəvandan olan nümayəndələr buna qəti etiraz edirdi. Amma onların sözünə baxmadılar. 1920-ci ildə isə artıq sovetləşmədən sonra noyabr ayında sovet hakimiyyəti Zəngəzuru bizim əlimizdən alıb Ermənistana birləşdirdi. Ondan sonra illər keçdikdə müxtəlif bəhanələr altında yavaş-yavaş bizim kəndlərimizi götürüb Ermənistana birləşdirdilər. Bu proses ancaq 1969-cu ildə dayandı. Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərlik etməyə başlayanda artıq bir qarış torpaq da Ermənistana verilmədi. Ondan sonra, 1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz ovalığına köçürüldü. Nəhayət, axırıncı etnik təmizləmə artıq 1980-ci illərin sonlarında baş verdi və Ermənistan ərazisindən azərbaycanlılar tamamilə çıxarıldı, ondan sonra da Qarabağ münaqişəsi baş verdi”.

Qan yaddaşımıza yazılmalı faktlardır və çətin ki, gənclər bu tarixi həqiqətləri unutsunlar, həm də axı, bunu onlara dövlət başçısı söyləyib, tələbə gənclər üçün ən mükəmməl mühazirəydi sözsüz ki...

Yeri gəlmişkən, bəzən AXC hökumətinin İrəvanı güzəştə getməsi barədə səslənən iradlara etirazlar səslənir. Amma məncə, bu məsələdəki fundamental yanaşmaya diqqət etməliyik. Dövlət başçısı İrəvanı zor-xoş güzəştə gedən AXC hökumətini qınamaqla əslində Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının Prezidenti olaraq bu güzəşti QƏBUL ETMƏDİYİNİ vaxtaşırı həm xalqın yaddaşında təzələyir, həm də dünyaya mesajını çatdırır: “İRƏVAN BİZİMDİR” mesajı...Ermənilərin başına hər zaman qaxınc olası HƏQİQƏT! Bu, həm də Azərbaycan dövlətinin öz torpaqlarından heç vaxt imtina etməyəcəyi barədə prinsipial mövqedir. Dövlət başçısı AXC qurucularını tariximizdən silmir ki...Əksinə, hər dəfə Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görsəydilər, şad olardılar deyir, AXC-nin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var, söyləyir. Eynilə Şuşa şəhərinin ermənilərə təslim edilməsinə görə səslənən ittihamları da anlayışla qəbul etmək lazımdır. Hər kəs anlayır ki, Şuşa xəyanətin qurbanı olmuşdu, Azərbaycan xalqının, dövlətinin belini qırmaq üçün Qalamızı bizdən qoparmışdı düşmən, amma içimizdəki xainlərin əli ilə. Görmədikmi, 8 noyabr 2022-ci ildə Azərbaycan ordusu Şuşaya bayraq sancandan sonra üzümüz gülməyə, qəddimiz dikəlməyə başladı, düşməninsə onurğası qırıldı. Səslənən fikirləri qəribçiliyə salmaqdansa, bir az dərindən düşünməkdə fayda var, səhvlərimizdən nəticə çıxartmalıyıq, bir daha hansısa xəyanətkarların meydan sulamasına imkan verməməliyik, düşmən yatmayıb. Bütün bunlarla bağlı gəncliyə xitab edilməsinin müstəsna əhəmiyyəti isə danılmazdır. Görəsən, Qalib ölkənin Lideri ilə görüşdən sonra neçə gənc general olmaq istədi, təkcə ordunun yox, elmin, istehsalın, diplomatiyanın... Dünyanın bir neçə dilində mükəmməl danışaraq çoxlarını mat qoyan Prezident İlham Əliyev 2 fevralda təmiz ana dilində Vətənin gənclərinə general olmağın sirrlərini, həm də yol xəritəsini təqdim etdi: istedadı olan bu yolda uğur qazanacaq və xalqına, dövlətinə qazanc gətirəcək, heç şübhəsiz!

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR