İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci “soyuq müharibə” başladı: Pekin yumşaq gücü ilə ABŞ-a meydan oxuyur

1133 24.03.2023 00:37 Yazarlar A A

Bir qrup ABŞ senatoru Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) Çinə kredit verməsini qadağan edən qanun layihəsi təqdim ediblər. Qanun layihəsi Çinə kredit verilməsini dayandıracaq, həmin bankların maliyyə resurslarını digər ölkələrin inkişafına yönəltməyə imkan yaradacaq.

Əlbəttə, iki bankın Çinə ayırdığı üst-üstə 20 milyard dollar dəyərində kredit dünyanın ikinci böyük iqtisadiyyatına malik ölkə üçün ciddi bir problem yaratmaq gücündə deyil. Lakin bu layihə göstərir ki, ABŞ artıq Çinə qarşı müxtəlif sahələrdə tədbirlər görəcək.

Çin liderinin Moskva səfərində Ukrayna müharibəsində atəşkəs əldə olunması ehtimalı da artıq təsdiqini tapmadı. ABŞ rəsmilərinin fikrincə, Çinin yeni təklifləri Rusiyanın Ukraynada yeni ərazi qazanmasının təsbitindən başqa bir işə yaramayacaq. Si Cinpinin son Moskva səfəri zamanı Vladimir Putinin onun sülhlə bağlı ideyalarına müsbət yanaşması bunu göstərir.

6a19bc1d-0a66-3aba-882f-4b0a3632053e_850.jpg (86 KB)

Çinin 12 bənddən ibarət təşəbbüsündə “ölkələrin ərazi bütövlüyünə hörmət olunması” ilə yanaşı, “ölkələr arasında danışıqların aparılması” və “atəşkəsin zərurətindən” bəhs edilir. Həmin planda Rusiya qoşunlarının Ukraynadan çıxarılması barədə bir bənd belə yoxdur. Çinin təkliflərində Rusiyaya qarşı sanksiyaların ləğvi çağırışı da var.

Əlbəttə, indiki şərtlərdə nə Ukraynanın, nə də Qərbin bu təkliflə razılaşması mümkündür. Pekinin hətta qaneedici təklifi olsa belə, indiki vaxtda bunun qəbul olunması ehtimalı çox az idi. Çünki bu, faktiki olaraq Avropada ABŞ-a meydan oxumaq olacaqdı.

Məsələ ondadır ki, Çin mart ayında ABŞ-a qarşı uğurlu gediş edərək Yaxın Şərqdə mövqelərini möhkəmləndirib. 2015-ci ildən bu yana rəsmi olaraq diplomtik əlaqələri olmayan, az qala müharibə vəziyyətində olan iki güclü region ölkəsini – İran və Səudiyyə Ərəbistanını barışdırdı. Pekində aparılan 4 günlük danışıqlar martın 10-da İran və Səudiyyə Ərəbistanı arasında barışıq razılaşmasının imzalanması ilə nəticələndi. Proses o qədər sürətli oldu ki, Pekin danışıqlarında İranı təmsil edən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani cəmi bir həftə sonra BƏƏ-yə səfər edərək ikinci barışıq danışıqlarını Əbu-Dabi liderləri ilə apardı. Səudiyyə Ərəbistanı isə artıq İrana sərmayə qoyuluşu həyata keçirəcəyini elan edib.

c964c6bd-3fa2-30fe-bfbf-9449c41bafae_850.jpg (60 KB)

Çin hakimiyyətinin Yaxın Şərqin “qəvi düşmənləri” olan İran və Səudiyyə Ərəbistanını bir araya gətirməsi sıradan siyasi-diplomatik gediş deyildi. Həm də Çinin regionda uzun illərdir apardığı səssiz-sədasız siyasətin nəticəsi idi. Çin demək olar ki, regionun bütün aparıcı dövlətləri ilə yaxın əlaqələr qurub. Çin son illərdə ABŞ-ın regiondakı ən yaxın müttəfiqi hesab olunan İsraillə belə o qədər yaxınlaşıb ki, rəsmi Vaşinqton 2020-ci ildə İsrailə açıq şəkildə Çinlə əməkdaşlığın Amerika ilə əlaqələrə mənfi təsir edəcəyilə bağlı xəbərdarlıq etməyə məcbur qaldı. Lakin buna baxmayaraq, İsrail Çinlə dəniz suyunu təmizləmə layihəsinin icrası sazişini imzaladı.

Bütün bunların fonunda ABŞ-la münasibətləri ciddi şəkildə soyumuş körfəz ölkələrinə Vaşinqtonun ciddi təsir mexanizmləri qalmayıb. Çin isə artıq uzun müddətdir ki, Yaxın Şərq ölkələri ilə münasibətlər qurub, ticari-iqtisadi ələqələri dərinləşdirib. 2015-ci ildə Cibutidə qitədən kənarda ilk hərbi bazasını quran Çin qlobal oyunçu olmaq iddialarını ortaya qoyub. 2016-cı ildə isə Çin Yaxın Şərqin ən güclü ölkələrindən biri olan İranla dəyəri 400 milyard dollar hesab olunan 25 illik investisiya müqaviləsi imzaladı. Bu müqavilədə Çinin İranda hərbi qüvvə saxlamaq (mövcud investisiyaları qorumaq məqsədi ilə - K.R.) hüququ kimi bənd də yer alırdı. Lakin Çin Yaxın Şərqdə yalnız anti-Qərb bloku ilə əməkdaşlıq etmirdi. Bir il sonra İraqla bu cür genişmiqyaslı müqavilə imzalayan Çin 2018-ci ildə Səudiyyə Ərəbistanı ilə Qırmızı dənizdə hərbi-dəniz təlimləri keçirdi. Hansı ki, İranla oxşar təlimləri az qala hər il keçirir.

cin.PNG (462 KB)

Başqa sözlə, artıq Çin təkcə Uzaq Şərqdə deyil, həm də Avrasiyanın bu biri ucunda ABŞ-la rəqabətə girib və göründüyü kimi, heç də uğursuz deyil. Vaşinqton isə hələlik Pekinə qarşı əlindəki mümkün maliyyə rıçaqlarını işə salmağa çalışır. Amma indi bunun nə qədər effektiv olacağını demək çətindir. Fakt odur ki, Pekin artıq uzun illərdir Afrika və Yaxın Şərqə böyük sərmayə yatırıb və addım-addım bu regionlarda möhkəmlənir. Göründüyü kimi, yalnız ABŞ-a düşmən olan dövlətlər deyil, dostlar da Çinlə yaxınlaşır.

ABŞ isə uzun müddət ciddi xətalara yol verdiyi regionlarda yenidən imicini düzəltmək, itirdiklərini geri almaq üçün çox işlər görməli olacaq. Çünki indi qarşısında ideoloji rəqib deyil, geniş investisiya imkanlarına malik hiyləgər Çin var. Çinin Rusiya və İranla yaxınlaşması, Yaxın Şərqdə ABŞ-dan incik düşmüş ərəb ölkələrini öz yanına çəkməsi Vaşinqton üçün ciddi siqnaldır.

62983.jpg (28 KB)

Bu arada xarici media Çin və Rusiyanın vasitəçiliyi ilə İranın nüvə proqramıyla bağlı gizli danışıqların aparıldığı haqda xəbərlər yayıb. Hələlik bu xəbərlər rəsmi mənbələr tərəfindən təsdiqlənmir. Amma son bir ayın hadisələri bu xəbərə diqqəti artırır. Çin artıq böyük oyunçu kimi çıxış edir.

Doğrudanmı Çin növbəti “soyuq müharibə”nin tərəfidir? Əlbəttə, ABŞ hazırda planetin ən böyük hərbi gücüdür. Və ən əsası, bu hərbi güc planetin bir nöqtəsində deyil, az qala bütün nöqtələrində mövcuddur. Çin ABŞ-la hərbi güc olaraq müqayisə olunmasa da, (baxmayaraq ki, Çin artıq uzun illərdir ABŞ-dan sonra ikinci ən böyük hərbi büdcəyə malik dövlətdir) Çin yumşaq güc siyasəti, iqtisadi layihələr, sərmayə proqramları ilə artıq Afrika və Asiyanın böyük bir hissəsini “ələ keçirib”. Lakin aydın məsələdir ki, yaşadığımız dünyada hərbi güc hələ də əsas meyar olaraq qalır. Bu səbəbdən də Çin yaxın zamanlarda ABŞ-la sovetlərin etdiyi kimi, qarşıdurma və ya açıq rəqabətə girməkdən qaçacaq. Çünki ABŞ həm də Çin üçün hələ də böyük bazar və sərmayə mərkəzi olaraq qalır. Lakin son hadisələr göstərir ki, Çinin diplomatik hücumları onu istər-istəməz ABŞ-la qarşı-qarşıya gətirir. Başqa sözlə, yaxın zamanlarda bu gərginliyin açıq müstəviyə keçməsi qaçılmaz olacaq.

Kənan Rövşənoğlu, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR