İnsanlara hürriyət, millətlərə istiqlal!

İdlibdəki gərginlik Türkiyə-Rusiya yaxınlığını bitirə bilərmi?

1574 11.09.2018 08:20 Gündəm A A

“Putin kimi şəxslər ancaq güc dilini başa düşürlər”

Sentyabrın 7-də Türkiyə, Rusiya və İran prezidentləri arasında Tehranda keçirilən zirvə görüşü gündəmdə düşmür. Xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında yaşanan gərginlik ətrafında gedən müzakirələr səngimək bilmir.

Ərdoğanın görüşün yekun bəyannaməsində İdliblə bağlı “atəşkəs” sözünün yazılmasını təklif etməsi, lakin Kreml sahibinin bununla razılaşmamasının Türkiyə-Rusiya münasibətlərindəki yaxınlığa ciddi kölgə sala biləcəyi qeyd olunur. Rəsmi Ankaranın sammitdə Suriya və digər məsələlərlə bağlı istədiklərini əldə edə bilməməsinin gələcəkdə onun şimal və cənub qonşumuzla münasibətlərində ciddi çatlar yaradacağı yönündə fikirlər meydana çıxarıb. Hər üç ölkə rəhbəri arasında növbəti görüşün Rusiyada olacağı önə çəkilir və bu görüşün daha gərgin keçəcəyi ehtimal edilir.

Politoloq Əhəd Məmmədli bildirdi ki, Tehran görüşünün Suriya problemini həll edə bilməyəcəyi əvvəlcədən məlum idi: “Tehran görüşü gözləntiləri doğrultmadı. Açığı, ümidlər də böyük deyildi. Əsəd Moskva və Tehranın dəstəyi ilə bütün Suriyaya hökmranlığını qaytarmaq istəyir. Və bunun olması üçün sonuncu maneə kimi İdlibi görürlər. Xahiş-minnətlə İdlibi almaqdan nə Əsəd rejimi, nə Moskva, nə də Tehran əl çəkən deyil. Bunu Ankara da gözəl anlayır. Ona görə də Türkiyə İdlib yaxınlığında ordu toplayır. 50 minlik Azad Suriya Ordusu da (ASO) İdlibə daxil olmağa hazırdır. Aydın məsələdir ki, Tehran görüşü Suriya problemini həll edə bilməyəcəkdi. Heç ona görə görüşməmişdilər də. İdlib problemini həll etməyə yığışmışdılar, onu da həll edə bilmədilər.

Картинки по запросу Politoloq Əhəd Məmmədli

Putin kimi şəxslər ancaq güc dilini başa düşürlər. Məlum idi ki, Putin güzəştə getməyəcək. Ərdoğan da bunu bilirdi. Ərdoğan güclü siyasətçi kimi hamının gözü önündə sona qədər cəhd etdi və bununla da göstərdi ki, İdlib qətliamında o, nəinki iştirak etməyəcək, buna seyrçi qalan da deyil. Putin kimiləri razı salmaq üçün Türkiyənin iştirakı ilə müxalifət İdlibdə Dəməşq-Tehran-Moskva üçlüyünə ciddi hərbi müqavimət göstərməlidir. Ancaq İdlib cəbhəsində uğursuzluq Putini güzəştə getməyə məcbur edər. Mövcud situasiya onu göstərir ki, İdlibdə Ankaranın rəhbərliyi altında müxalifət ciddi hərbi müqavimətə hazırlaşır. Bütün bunlara rəğmən Ankara ilə Moskva İdlibə görə münasibətlərini pozan deyillər. Ankara ilə Moskvanı birləşdirən digər məqamlar da var. Əsas məqam da Vaşinqton amilidir. Nə vaxta qədər Vaşinqton eyni anda Ankara və Moskvanın üstünə gedəcək, Ərdoğanla Putin birgə hərəkət etməyə mətləblər tapacaqlar. Rusların bir deyimi var: ”Ümid sonda ölür". İdlib qətliamını dayandırmağa hələ ümid qalır. Fikrimcə, Türkiyə, Rusiya və onun müttəfiqləri İranla Əsəd rejiminə İdlib məsələsində qətiliyini göstərə bilsə, ikincilər geri çəkilə bilərlər.

Moskva üçün yaxşı olar ki, indi güzəştə getsin. İdlibdə hərbi durum şiddətlənəndən sonra Moskva geri çəkilsə, bu, Putinin “rus mujiki” imicinə beynəlxalq miqyasda və daxili auditoriyada zərbə olacaq. Görünür, Putin əmindir ki, İdliblə növbəti uğurunu qazanacaq. Amma İdlib getsə, bu da daxildə və yaxın xaricdə Ərdoğanın imicinə ciddi ziyan olacaq. Ərdoğan da bunun fərqindədir.

Fərqində olduğu üçün də, göründüyü kimi, savaşa savaşla cavab verəcək. İdlib sünni suriyalıların son qalasıdır. Sünni suriyalılar da Suriyanın 90%-i deməkdir. Və sünni suriyalıların gözü də Ərdoğandadır. Bundan əlavə, Türkiyə Suriyadan daha qaçqın qəbul etmək istəmir. Yeni qaçqın axınının da ancaq İdlibi qorumaqla qarşısını almaq olar. Moskva İdlibin üstünə gəlsə, Ankaraya seçim yolu qoymur. Ankara da sifətini qorumaq üçün Moskvanın üstünə gələcək. Və bu qarşıdurmada sifətini ancaq biri qoruya biləcək.
Kim qoruyacaq, onu yaxın zaman göstərəcək".

Politoloq onu da bildirdi ki, Türkiyə, Rusiya kimi böyük dövlətlər bir neçə istiqamətdə əməkdaşlıq edirlər: “Bir istiqamətdə münasibətlərin pozulması digər istiqamətlərdə münasibətlərin pozulması anlamına gəlmir. Ankara və Moskvanın bir çox iqtisadi anlaşmaları, isti ticari münasibətləri var. Rusiya Türkiyəni ”Şərq" hərbi təlimlərinə dəvət edib. Suriyada açıq şəkildə Türkiyə-Rusiya hərbi toqquşması baş verməyənə qədər hər iki tərəf münasibətlərin qorunub saxlanılması və inkişafında maraqlıdır. Lakin Suriyada İdlib qarşıdurmasının kəskinləşməsi Türkiyə ilə Rusiyanın ciddi şəkildə arasını vura bilər. Amerika iki dövlətin arasının dəyməyində maraqlıdır. Amma Amerika da İdlibin Əsəd tərəfindən götürülməsində maraqlı deyil. Çünki İdlib alınsa, Əsəd rejimi kürd regionuna çıxacaq. Kürd regionu da bildiyiniz kimi, Amerikanın nəzarətindədir. Bu da yeni Amerika-Rusiya toqquşması deməkdir. İdlib məsələsində Türkiyə ilə Amerikanın maraqları üst-üstə düşə bilər. Üstəlik, İdlibin ələvilər tərəfindən alınması Türkiyənin nəzarətində olan regionlara çıxış deməkdir. Belə olan təqdirdə Əsəd Moskva və Tehranın dəstəyi ilə Ankaradan tələb edəcək ki, nəzarət etdiyi Suriya ərazilərindən çıxsın. Bu da Ankaranın Dəməşq-Tehran-Moskva ilə növbəti qarşıdurma fazasına keçməsi deməkdir. Ona görə Ankara üçün İdlibin qorunub saxlanılması həyati vacib bir məsələdir. Moskvadakı növbəti görüşə gəldikdə isə qeyd etdiyim kimi, müsbət sonluğa ümid həmişə var. Fərqi yoxdur, harada görüş keçirilir, təki problemlər həll edilsin və Suriyada nəhayət ki, sülh bərqərar olunsun. Türkiyə İdlib düyünündən necə çıxacaqsa, böyük ölçüdə Suriya müharibəsindən də elə çıxacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR