2026-cı il fevralın 28-dən iyunun 20-nə qədər təxminən 15 həftə davam edən və tərəflər arasında ilkin sülh sazişinin imzalanması ilə nəticələnən İran müharibəsinin regiona vurduğu irimiqyaslı insani və iqtisadi zərərlərin statistikası məlum olub.
Musavat.com xəbər verir ki, ABŞ-ın "The New York Times" (NYT) qəzetinin dərc etdiyi rəsmi hesablama və rəqəmlərə görə, hərbi əməliyyatlar nəticəsində təxminən 3 500 iranlı, 3 700 livanlı, 26 israil vətəndaşı və 13 ABŞ hərbçisi həyatını itirib, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Müharibənin ABŞ iqtisadiyyatına birbaşa və dolayı təsiri 132 milyard dollar səviyyəsində qiymətləndirilir ki, buraya sırf hərbi xərclər, enerji daşıyıcılarının qiymətinin kəskin artması və digər qlobal iqtisadi fəsadlar daxildir. Konflikt fonunda ABŞ-da benzinin bir qallonunun qiyməti 2,98 dollardan 4,00 dollara yüksəlib və bu artım hər bir amerikalı ailənin büdcəsinə orta hesabla 460 dollar əlavə xərc kimi yansıyıb.
İnfrastruktur baxımından İranda yüzlərlə məktəb və tibb müəssisəsi tamamilə dağıdılıb və ya ciddi zədələnib, həmçinin ABŞ-ın regiondakı hərbi bazaları və aktivlərinə də ciddi ziyan dəyib. Qlobal miqyasda isə strateji əhəmiyyətli Hörmüz boğazında gəmilərin hərəkətinin iflic olması dünya bazarında neft, gübrə və ərzaq məhsullarının qiymətlərinin kəskin bahalaşmasına rəvac verib.
Musavat.com






