ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə sərt açıqlamalar verib. O, Tehranın yeni nüvə obyekti yaratmağa cəhd edəcəyi təqdirdə ABŞ-ın həmin hədəfə zərbə endirəcəyini bildirib.
Musavat.com xəbər verir ki, Tramp eyni zamanda İranın Vaşinqtonla yenidən danışıqlar aparmaq niyyətində olduğunu iddia edib. Onun sözlərinə görə, Tehran ABŞ-la görüş keçirmək üçün israr edir, lakin Vaşinqtonun hazırda buna marağı yoxdur.
"Onlar ümidsiz şəkildə görüşmək istəyirlər. Ancaq onlar həqiqətən ciddi və mənalı şəkildə buna hazır olana qədər bizim buna heç bir marağımız yoxdur", – deyə Tramp vurğulayıb.
Trampın bu bəyanatları Vaşinqton və Tehran arasında münasibətlərin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir. ABŞ prezidentinin həm mümkün hərbi zərbələrlə bağlı xəbərdarlığı, həm də İranın danışıqlara can atdığını iddia etməsi Yaxın Şərqdə vəziyyətlə bağlı yeni müzakirələrə səbəb olub.
Musavat.com






