İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan–Ermənistanın 4 milyardlıq silah sövdələşməsi: sülhü pozan təhlükəli müqavilə

1063 25.11.2025 21:01 Gündəm A A

Mediada yayılan məlumatlara görə, Ermənistan Hindistanla 3,5–4 milyard dollarlıq tarixi silah müqaviləsi bağlamağa hazırlaşır.

Musavat.com xəbər verir ki, paketə Su-30MKI tipli çoxmilliq döyüş təyyarələrinin daxil olması xüsusi diqqət çəkir. "HAL" şirkətinin məlumatlarına uyğun olaraq bu təyyarələr Hindistanın istehsalı olan AESA radar sistemi, hava-hava tipli “Astra” raketləri və DRDO-nun radioelektron mübarizə avadanlığı ilə təchiz oluna bilər.

Ermənistan Hindistandan görün hansı RAKETLƏRİ ALIR? - FOTO

Ermənistan üçün bu, müdafiə sahəsində görünməmiş miqyasda alışdır və ölkənin son beş ildə sürətlə artan silahlanma xəttinin davamı kimi qiymətləndirilir. Gərginliyin azaldığı, Bakı və İrəvanın sülh gündəliyi üzrə real irəliləyiş əldə etdiyi bir dövrdə atılan bu addım həm regional, həm də beynəlxalq səviyyədə suallar doğurur.

Hindistanın bu siyasəti regionda sülhə və sabitliyə xidmət etmir. Azərbaycan və Ermənistan arasında sülh sənədi üzrə danışıqlar son aylarda daha konstruktiv fazaya keçib, tərəflər bir-birinin suverenliyinin tanınması və gələcək kommunikasiyaların açılması barədə ardıcıl bəyanatlar veriblər. Lakin Dehlinin Ermənistana rekord həcmdə silah satmağa hazırlaşması həmin prosesə uyğunsuzluq yaradır. Bu addım Cənubi Qafqazda silahlanma balansını dəyişə, Ermənistanı illərlə davam etmiş gərginlik modelinə qaytara və regionun dinc inkişaf trayektoriyasına xələl gətirə bilər.

Hindistan üçün daha ciddi risk isə Şimal–Cənub nəqliyyat dəhlizi ilə bağlıdır. Bu layihə Hindistanın Rusiya və Avropa bazarlarına ən qısa çıxış yoludur və ən səmərəli marşrut Azərbaycan üzərindən keçir. Dehlinin regionda gərginlik yaradan siyasəti bu strateji yolun reallaşmasında özünü kənarda qoyması ilə nəticələnə bilər.

Ermənistanın davranışı da sülh bəyanatları ilə üst-üstə düşmür. Rəsmi İrəvan aylardır “sülh dövrünə qədəm qoymaq”, “kommunikasiyaların açılması”, “regionda barış və əməkdaşlıq” kimi ritorikanı gücləndirsə də, praktik siyasət tam əksini göstərir. Son beş ildə Ermənistanın hərbi xərcləri rekord səviyyəyə qalxıb, müxtəlif ölkələrdən artan həcmdə silahlar alınır. 2020-ci ildə artıq bir neçə ədəd Su-30SM almış, lakin onlardan real istifadə edə bilməmiş Ermənistan indi daha təkmil və daha bahalı Su-30MKI təyyarələrinə keçmək istəyir. Bu isə açıq şəkildə göstərir ki, ölkə Azərbaycanla silah yarışında olmaq xəttini davam etdirir. Halbuki belə yarış Ermənistan üçün nə hərbi üstünlük, nə də siyasi dividendlər gətirib. Silahlanma yalnız büdcə yükünü artırır və iqtisadiyyatı daha da zəif vəziyyətə salır.

Su-30SM: Denying Physics

Maliyyə tərəfi isə daha təhlükəlidir. Ermənistanın dövlət borcu 2018-ci ildən bu günə qədər 80 faizdən çox artıb. Büdcəsi məhdud olan bir ölkənin daha bir neçə milyard dollarlıq silah müqaviləsi imzalaması borc yükünü kritik həddə çatdırır. Bu məbləğin gerçək həcmdə ödənməsi üçün ya əlavə borclanma olacaq, ya da sosial xərclər ixtisar ediləcək. Hər iki halda Ermənistan cəmiyyətinin rifahı zərər görəcək. Halbuki bu vəsaitlər ölkənin sosial-iqtisadi inkişafına, kommunikasiya xətlərinin bərpasına, Azərbaycanla yeni iqtisadi dövrün başlanmasına sərf olunsa, Ermənistan üçün həm daha rasional, həm də daha dayanıqlı yol açılmış olardı.
Regionun reallığı onu deməyə əsas verir ki, sülh və qarşılıqlı iqtisadi inteqrasiya Cənubi Qafqaz üçün yeganə uğurlu modeldir. Son aylarda tərəflər arasında delimitasiya prosesinin başlanması, sərhəddə gərginliyin azalması, yeni dəhlizlərin açılması barədə müzakirələrin intensivləşməsi bunu təsdiqləyir. Silahlanma, xüsusilə də milyardlıq hava üstünlüyü təyyarələrinin alınması isə bu müsbət proseslərə ziddir. Ermənistanın regional əməkdaşlıqdan yayınıb silahlanmaya yönəlməsi həm sülhün, həm də ölkə daxilində sosial sabitliyin zəifləməsinə gətirə bilər.

Bu səbəbdən həm Hindistanın, həm də Ermənistanın hazırkı xəttinin yenidən qiymətləndirilməsi vacibdir. Hindistan üçün bu addım regional strateji layihələrdən kənarda qalmaq, Ermənistan üçün isə kritik borclanma və sülh prosesindən uzaqlaşmaq riski yaradır. Daha sağlam və rasional siyasət — silahlanmanı artırmaq yox, sülhü möhkəmləndirmək və iqtisadi əməkdaşlığa yönəlməkdir. Cənubi Qafqazın gələcəyi silah müqavilələrində yox, əməkdaşlıqda, qarşılıqlı asılılıqda və sabit inkişafda gizlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR