İnsanlara hürriyət, millətlərə istiqlal!

HEYDƏR ƏLİYEVİN BACISI VƏFAT ETDİ

29551 26.11.2008 03:27 Ölkə A A

Mərhumənin işlədiyi və kimyadan dərs dediyi 190 saylı məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova “Media forum”a açıqlamasında deyib ki, heç bir xəstəlikdən əziyyət çəkməyən Ş.Əliyeva vəfatından bir həftə əvvəl ayağı sındığı üçün məktəbə getmirmiş: “Birinci rübün sonunda eşitdik ki, Şəfiqə xanım yıxılıb, ayağı sınıb. Bu hadisə ilə vəfatı arasında cəmi bir həftə çəkdi”.
Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Birinci kursu bitirəndən sonra anasının təkidi ilə Bakıda təhsilini yarımçıq buraxıb və Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun kimya-biologiya fakültəsində oxuyub.
Daha sonra Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib təyinatla Şəkiyə göndərilən Ş.Əliyeva həyat yoldaşının işi ilə əlaqədar Cəlilabad və Lənkəranda da işləyib. 1969-cu ildən ömrünün sonuna qədər isə Bakıdakı 190 saylı orta məktəbdə kimyadan dərs deyib.
Respublikanın əməkdar müəllimi olan Ş.Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, “Canlı aləm haqqında əhvalatlar”, “Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları” adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş “Mənim anam”, qardaşı, mərhum akademik Aqil Əliyev haqqında “Xatirəyə dönən illərin işığında” kitablarını da qələmə alıb.
Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, “Ziyalı” qəzetinin və “Elm və mədəniyyət” jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ş.Əliyeva “Qızıl qələm” mükafatı laureatıdır. Bir qızı, iki nəvəsi var.
Mərhumənin cənazəsinin dünən saat 15-də öz evindən götürüləcəyi bildirilirdi.
Allah rəhmət eləsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR