İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər bir iqtisadi region üzrə ayrıca proqram işlənməlidir” - iqtisadçı

1002 31.01.2019 09:10 İqtisadiyyat A A

Ekspertlər regionların inkişafı ilə bağlı yeni proqramdan gözləntilərini dilə gətirdilər; regionlarda dirçəliş bu amillərdən asılıdır

Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqrama yekun vurulub. Bu münasibətlə keçirilən konfransdan sonra ölkə prezidentinin fərmanı ilə dördüncü proqram təsdiqlənib.

Prezident İlham Əliyevin konfransda verdiyi məlumata görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının tərkibi əsasən yerlərdən gələn xahişlər nəticəsində formalaşıb: “Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb”.

Yeni proqramın əsas istiqamətləri barədə məlumat verən dövlət başçısı bildirib ki, sahibkarlıqla bağlı siyasət davam etdiriləcək: “Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur. Əlbəttə, infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. Müxtəlif mexanizmlər işə salınıb, müxtəlif təşəbbüslər irəli sürülüb”.

Dövlət başçısı bildirib ki, sənaye potensialının inkişafı üçün sənaye zonalarının, sənaye parklarının çox böyük rolu var: “Azərbaycan indi müasir sənaye mərkəzinə çevrilibdir. Bu sahədə görüləcək işlər əminəm ki, ölkəmizin qeyri-neft sektorunun inkişafını təmin edəcək, qeyri-neft ixracının həcmini böyük dərəcədə artıracaq”.

Prezident qeyd edib ki, ölkədə xalçaçılığın inkişafı istiqamətində işlər davam etdiriləcək. Bundan əlavə, ölkədə iplik və hazır tekstil fabriklərinin tikilməsinə də ehtiyac var: “Bizdə iplik fabrikləri var. Verilən məlumata görə, tədarük edilən pambığın təxminən 50 faizi artıq Azərbaycanda emal olunur və bu, əlavə dəyər yaradır. Bu, çox yaxşı haldır. Ancaq sahibkarlar bilməlidirlər ki, potensial daha böyükdür. Azərbaycanda pambıq istehsalı artır. Ona görə hesab edirəm ki, sahibkarlar iplik fabriklərinin tikilməsinə çox ciddi baxmalıdırlar. Bu, çox gəlirli və ölkəmiz üçün çox faydalı bir işdir. Eyni zamanda, ipəkçiliyin inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Artıq Qax rayonunda Damazlıq Baramaçılıq Mərkəzi yaradılır. Bu da imkan verəcək ki, biz idxaldan asılılığı azaldaq və gözəl bir zəncir yaradaq, tingdən hazır ipək parçasına qədər. Yenə də dövlət əsas işi öz üzərinə götürüb. Ancaq sahibkarlar da mütləq bu sahəyə maraq göstərməlidirlər. Hesab edirəm ki, bu, onlar üçün faydalı ola bilər”.

Azərbaycanda yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac var: “Çünki meyvə və tərəvəz istehsalı artır. Biz bunu daha çox meyvə-tərəvəz kimi ixrac edirik. Ancaq xarici bazarlarda emal olunmuş məhsullara da böyük tələbat var. Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir”.

Qarşıya qoyulan hədəfləri açıqlayan prezident taxıl istehsalı sahəsində məhsuldarlığın yüksəldilərək Avropa İttifaqı səviyyəsinə çatdırılması, növbəti 5 il ərzində mal əti istehsalının 15 faiz, süd istehsalının 15-20 faiz artırılmasının nəzərdə tutulduğunu bildirib. Prezident pambıqçılıqda da məhsuldarlığın artırılmasının vacib olduğunu deyib: “Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və harada məhsuldarlıq aşağıdır, orada başqa məhsullar yetişdirilməlidir”.

İqtisadçı-ekspert Pərviz Heydərov ile ilgili görsel sonucu

Dövlət başçısının verdiyi məlumata görə, bütövlükdə ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur: “Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq”.

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, regionların sosial-iqtisadi inkişafına dair indiyədək həyata keçirilmiş 3 dövlət proqramının ən mühüm nəticəsi regionlarda mükəmməl infrastrukturun formalaşdırılmasıdır: “Bildiyiniz kimi, regionların sosial-iqtisadi inkişafı prezidentin hələ seçkilərdən öncə verdiyi əsas vədlərdən biridir. İqtisadiyyatın istənilən sahəsində inkişafa nail olunması, emal və istehsal müəssisələrinin yaradılması üçün müvafiq infrastrukturun olması ən vacib şərtlərdən biridir. Bu baxımdan, indiyədək regionların qaz, elektrik enerjisi, avtomobil yolları və s. təminatı sahəsində böyük işlər görülüb, turizmin inkişafı üçün zəruri infrastruktur yaradılıb. İndi isə əsas diqqət regionlarda emal və istehsal sahələrinin inkişaf etdirilməsidir. Ölkə prezidentinin verdiyi məlumatdan da aydın olur ki, regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramın qarşısına qoyulan əsas hədəflər kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsidir”.

İqtisadçının fikrincə, regionların inkişafı üçün əsas diqqət yetirilməli olan məsələlərdən biri yerli xammal əsasında istehsal müəssisələrinin yaradılmasıdır: “Düzdür, regionlarda bir sıra emal müəssisələri, istehsal sahələri yaradılıb. Lakin bu müəssisələrin yerli aqrar istehsalçılarla əlaqəsi çox zəifdir. Əgər bir rayonda emal müəssisəsi ola-ola yerli istehsalçı məhsulunu satmağa yer tapmırsa, demək, o müəssisə ilə istehsalçılar arasında koordinasiya yoxdur. Bu baxımdan, Azərbaycanda proses çox ləng gedir. Düşünürəm ki, dördüncü proqram çərçivəsində istehsal və emal müəssisələri yaradılarkən yerli istehsalçılarla əlaqələndirməyə xüsusi diqqət yetirilməlidir”.

İqtisadçı-ekspert Rövşən Ağayev isə hesab edir ki, yeni proqram tamamilə fərqli formatda olmalıdır: “İlk növbədə, hər bir iqtisadi region üzrə ayrıca proqram işlənməli və həmin proqramlarda aşağıdakılar əks olunmalıdır:1) Proqramda hər bir regionun spesifikası nəzərə alınmaqla fürsətlər, təhdidlər, zəif və güclü tərəflər (SWOT analiz); 2) Siyasi, hüquqi, iqtisadi, sosial, texnoloji və institusional mühit amillər (PESTLE analiz); 3) Hədəflər, hədəflərə yönəlik fəaliyyətlər, hədəflərə çatmanı ölçmək üçün yekun göstəricilər; 4) Hər bir fəaliyyət üzrə tələb olunan resurslar”.

Ekspertin fikrincə, məhz bu standartlara uyğun hazırlanan regional inkişaf proqramları yeni dövrün tələblərinə uyğun proqramlar sayıla bilər: “Əlavə olaraq, bu proqramlar bütün maraqlı tərəflərin - vətəndaş cəmiyyəti və media, ixtisaslaşmış ekspertlər, biznes icmasının geniş və ortaq müzakirəsinin yekunu kimi ortaya çıxmalıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR