Rusiyada Ukraynaya qarşı müharibə başlayandan bəri əmək qabiliyyətli kişi əlillərin sayı 540 min nəfər artıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vahid İdarələrarası İnformasiya-Statistika Sistemi (EMİSS) məlumatları əsasında aparılan təhlildə bildirilir.
Məlumata görə, 2025-ci ildə Rusiyada əmək qabiliyyətli yaşda olan kişi əlillərin sayı 2 milyon 485 min nəfərə çatıb. Bu, 2022-ci illə müqayisədə 27 faiz çoxdur.
Maraqlıdır ki, müharibədən əvvəlki son ildə bu göstərici əksinə, azalmışdı. Lakin 2023-cü ildə birdən-birə 517 min nəfərlik sıçrayış qeydə alınıb. Sonrakı illərdə də artım davam edib.
Demoqraf Aleksey Rakşaya görə, artımın bir hissəsi əlilliyin rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı ola bilər. Bununla belə, Qərb ekspertlərinin Ukrayna müharibəsində ağır yaralanaraq əlil olmuş Rusiya hərbçiləri barədə səsləndirdiyi qiymətləndirmələr də bu rəqəmlərə yaxındır.
Rusiya hakimiyyəti müharibə nəticəsində əlil olmuş hərbçilərin ümumi sayını açıqlamır. Bununla belə, 2024-cü ildə Prezident Vladimir Putin müharibədə şikəst olmuş şəxslər üçün əlavə 4 milyon rubl məbləğində birdəfəlik ödəniş təsis edib.
Bu məqsədlə "Vətənin Müdafiəçiləri" fonduna əvvəlcə 11,3 milyard rubl, daha sonra isə əlavə vəsait ayrılıb. Fondun hesabatına əsasən, 2025-ci ilin sonunadək əlavə ödəniş alan müharibə əlillərinin sayı artıq 28 min nəfərə çatıb. Məlumata görə, Ukrayna müharibəsində əlil olmuş hərbçilərin 58 faizi ikinci qrupa aiddir. Onların 85 faizi isə mina-partlayış xəsarətləri alıb.
Qərb qiymətləndirmələrinə görə isə Rusiyanın Ukraynaya qarşı müharibəsində əlil olmuş hərbçilərin sayı bundan xeyli çoxdur. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) bu rəqəmi 376 min nəfər, NATO-nun baş katibi isə təxminən 400 min nəfər səviyyəsində qiymətləndirib.
Musavat.com






