İnsanlara hürriyət, millətlərə istiqlal!

HANSI PARTİYANIN HİMNİ VAR?

2310 16.11.2009 09:07 Siyasət A A

Bizə məlumdur ki, Müsavat Partiyasının himni var. 1994-cü ildə yazılan himnin musiqisinin müəllifi gözəl bəstəkarımız Cavanşir Quliyev, sözlərinin müəllifi dahi şair Ramiz Rövşəndir. Müsavat Partiyası əksər tədbirlərində, mitinqlərində Azərbaycanın dövlət himni ilə yanaşı Müsavat himnini də səsləndirir. Digər hansısa partiyanın himninin olması haqda isə məlumatsız olduğumuzdan araşdırma apardıq.
AMİP-in himni yoxdur. Bu barədə partiya katibi Əli Orucov dedi: “Amma 2003-cü il prezident seçkilərində AMİP-in namizədi Etibar Məmmədovla bağlı mahnı yazılmışdı. Bu mahnı təbliğat vasitəsi idi və bütün seçkiqabağı mitinqlərdə səslənirdi. Açığı indiyə qədər partiyanın himninin olması istiqamətində düşünməmişik. Sizin işlədiyiniz bu mövzu yaxşı ideyadır. Onu reallaşdırmağa dəyər”.
Ümid Partiyasının isə himni var. Bu barədə partiyanın sədri İqbal Ağazadə məlumat verdi. Bu yaxınlarda yazılan himnin sözlərinin müəllifi Əvəz Qurbanlı, musiqisinin müəllifi Firudin Allahverdiyevdir.

İqbal Ağazadə himnin bir bəndini söylədi:
Məzlum yaxasından qopacaq zülmün əli.
O zaman yalnız həqiqət gedəcəkdir irəli.
Ümid ilə gedəcəkdir irəli.

Məlum oldu ki, partiyanın himni İqbal Ağazadənin telefonuna da köçürülüb. Himni telefonda bütöv dinlədik.
ADP-nin vaxtı ilə himni olub. Hazırda isə yoxdur. Bu barədə danışan ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, 1990-cı illərdə gözəl himnləri olub: “Himnin sözlərini bir gənc ADP-çi yazmışdı. Musiqisi isə Cavanşir Quliyevə məxsus idi. Tədbirlərimizdə həmin himndən istifadə edirdik. Hətta dövlət xor orkestrində himnin oxunmasına və audio yazısının yazılmasına nail olmuşduq. Sonradan partiyanın rəhbərliyində təmsil olunan Qurban Məmmədovla Müsavat Partiyasının başqanı İsa Qəmbərin arasında problem yarandı. Cavanşir Quliyev ADP-nin himnini müəllif olaraq geri istədi və ləğv etdi. Bəyan etdi ki, onun təmsil olunduğu partiyanın başqanının xatirinə bu addımı atır. Bundan sonra biz indiyə qədər yeni himn yazdırmamışıq”.
KXCP-nin də ayrıca himni yoxdur. Himn kimi Azərbaycanın himnindən istifadə edirlər. M.Mirəlioğlunun dediyinə görə, partiyanın himni məsələsi 2003-cü ildə müzakirə olunub. Amma himn hazırlanması ilə nəticələnməyib.
YAP, ALP, VİP, BQP, BAXCP, ADİP, Azadlıq, AXP, VHP, Vəhdət və ASDP-nin də himninin olmadığını dəqiqləşdirdik. Beləliklə, məlum oldu ki, hazırda 52 partiyadan yalnız 2-nin himni var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR