İnsanlara hürriyət, millətlərə istiqlal!

Hanı Rusiyanın demokratları?..

977 22.02.2022 10:30 Yazarlar A A

Doğrusu, vaxtında Rusiyanın qərbçiləri və slavyanofilləri haqqında o qədər oxumuşam və yazmışam ki, təzədən bu mövzuya baş vurmaq, onu təzədən çək-çevir etmək istəmirəm.

Həm də rusiyalı qartalın iki başı var - biri şərqə baxır, digərisə qərbə. Bəlkə də bunun özü o deməkdir ki, Rusiya üçün çoxdan şərq və qərb ayrılıqda mövcud deyildir, Rusiya həm Qərbə, həm də Şərqə iddialıdır.

Bəli, neçə həftədir ki, Moskva dünyanı müharibə səksəkəsi içində yaşadır. Belə bir vəziyyətdə biz Boris Nemtsovdan sonra sanki tamam qeybə çəkilmiş rus demokratlarını görmürürük.

Düzdür, məhbəsdə Aleksey Navalnıy da var. Amma onun tərəfdarları niyə qeybə çəkilib? Niyə görə Rusiyanın Ukraynaya qarşı siyasətini pisləmirlər? Niyə görə ötən il Nobel mükafatı alan Dmitriy Muratov susur? Axı o, Nobel mükafatını “ifadə azadlığına” görə almışdı! Daha Rusiyada ifadə azadlığına ehtiyac yoxdurmu?..

Bəli, suallar, yenə də suallar... Onların bircə cavabı vardır: Rusiyada həqiqi demokrat yoxdur, burada millətçi-fövqəldövlətçilər var. Ona görə də heç nə alınmır. Ona görə də Kreml əhli Rusiyanı istədikləri istiqamətə sürükləyə bilirlər...

Amma bu dəfə istiqamət tanışdır, bəllidir. Rusiya artıq bir dəfə bu aqibəti yaşayıb. Bəli, təzədən tələyə düşməmək üçün Vladimir Putin bundan sonra ağılla davranacaqlarını deyirdi, heç bir müharibəyə baş vurmayacaqlarını, silahlanma yarışına qatılmayacaqlarını deyirdi. Gəl ki, 150 min ordu, onu silahlandırmaq silahlanma yarışına qoşulmaq deyilmi?..         

Vaxtilə Rusiya Əfqanıstan müharibəsinə qoşularkən də hər şey belə “məntiqli” görünürdü. Amma axırı nə oldu? Böyük soyuq müharibə start götürdü. Bir neçə ildən sonra “yenidənqurma” başlandı...

Moskva Ukraynaya qarşı müharibəyə başlasa, bu dəfə də belə olacaq. Məhz buna görə Qərb çox ziddiyyətli davranır: bir tərəfdən Ukraynanın yanında vuruşmayacağını bəyan edir, o biri tərəfdən də sanki çox çalışır ki, Kreml müharibəyə başlamış olsun. Əslində ötən həftəki proqnozdan sonra Cozef Bayden növbəti proqnozlarla tələsməməli idi. Amma o daha bir proqnoz verdi: guya Moskva bu həftə müharibəyə başlayacaq və nə az, nə də çox, Kiyevin özünü hədəf alacaqdır!

İndi bizə yalnız gözləmək qalır. Amma düşünürük ki, müharibə olmayacaq, proses daha çox əsəb müharibəsi tonunda davam edəcəkdir. Bunun özü də asan məsələ deyil. Bu da hibrid müharibəsinin bir forması və növüdür.

Belə bir vəziyyətdə Rusiyanın daxili spektrinin müqaviməti böyük rol oynaya bilərdi. Bəli, rusiyalı demokratlar hakimiyyətlərini müharibədən çəkindirə bilərdilər. Amma biz onları görmürük və bunu yazının əvvəlində qeyd etdik. Səbəbini də yazının əvvəlində başa salmağa cəhd etdik. İndiki zamana gəldikdə isə, Rusiyada hamı SSRİ-nin bərpası kimi ideoloji zəhərlə zəhərlənib. Bəzən bizə elə gəlir ki, böyük və axmaq iddialara qapılan təkcə kiçik Ermənistandır, amma belə deyil, Rusiya da belə bir ölkədir. Dünyada ən böyük əraziyə malik olmasına baxmayaraq bu ölkə daha bir qarış torpağı ərazisinə qatmaq üçün lazım gələrsə, lap Dünya müharibəsinə də başlayar...

Ona görə də səksəkəli günlər hələ irəlidədir. Adam məhz bu günlərdə başa düşür ki, Rusiya həqiqətən də dünya və region üçün bir təhlükədir. Bunu Qərb dövlətləri uydurmayıblar. Bu, bir reallıqdır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR