Türkiyənin xarici işlər naziri, uzun illər ölkənin kəşfiyyat sisteminə rəhbərlik etmiş təcrübəli dövlət xadimi Hakan Fidanin nüvə silahı ilə bağlı suala verdiyi qeyri-adi reaksiya Ankaranın gələcək strateji istiqaməti barədə ciddi müzakirələrə yol açıb.
CNN Türk-ün müsahibəsi zamanı Fidanın “Türkiyə nüvə silahına malik olmalıdırmı?” sualına birbaşa cavab verməməsi, sualı sualla qarşılaması və gülümsəyərək mövzunu bağlaması təsadüfi detal kimi görünmür.
Bu reaksiya adi diplomatik yayınma deyil. Əksinə, illərin kəşfiyyatçısı, Türkiyənin təhlükəsizlik arxitekturasını içindən bilən bir fiqurun verdiyi bu cavab daha dərin mətləblərdən xəbər verir. Diplomatiyada bəzən “şərh yoxdur” demək, əslində çox şey deməkdir.
Son illərdə Türkiyənin daxilində və sərhədləri boyunca baş verən proseslər göstərir ki, region sürətlə yeni güc balansına doğru gedir. Suriyada uzun illər davam edən qanlı qarşıdurmanın faktiki olaraq nəzarət altına alınması, Türkiyənin bu ölkədə sabitləşdirici əsas aktora çevrilməsi Ankaranın hərbi-siyasi çəkisini kəskin şəkildə artırıb. Türkiyə artıq təkcə sərhədlərini qoruyan deyil, regional nizam yaradan güc kimi çıxış edir.
Digər tərəfdən, İsrailin Suriyada artan hərbi fəallığı, regionda yeni təhlükəsizlik xətləri formalaşdırır. İsrailin Suriya üzərindən Türkiyəyə yaxınlaşması Ankara üçün strateji riskləri artırır. Paralel olaraq, qonşu İranda baş verən proseslər, daxili gərginliklər, eləcə də ABŞ–İran münasibətlərindəki təhlükəli dalğalanmalar regionu daha da həssas vəziyyətə gətirir.
Bütün bu mənzərədə bir həqiqət ön plana çıxır: Türkiyə artıq klassik regional güc statusunu aşır. Böyük dövlət olmaq yolunda əsas mərhələlərdən biri isə çəkindirici gücə sahib olmaqdır. Müasir dünyada bu çəkindirici gücün ən sərt və təsirli forması nüvə amilidir.
Məhz bu kontekstdə Hakan Fidanın cavabsız görünən cavabı əslində açıq mesajdır: Türkiyə bu sualı artıq müzakirə mərhələsindən strateji hesablamalar mərhələsinə keçirir. Nüvə dövləti olmaq Ankara üçün ambisiya yox, təhlükəsizlik və qlobal güc balansında yer tutmaq məsələsinə çevrilir.
Əgər Türkiyə nüvə gücünə sahib olarsa, bu, yalnız region üçün deyil, qlobal miqyasda da ciddi dəyişikliklər demək olacaq. Ankara artıq qərarların kənarında yox, mərkəzində dayanan, sözü dinlənilən və hesaba qatılan dünya güclərindən birinə çevriləcək.
Bu baxımdan, CNN Türk efirində gülümsəyərək verilən cavab, bəlkə də Türkiyənin gələcək onilliklər üçün verdiyi ən ciddi strateji mesajlardan biridir.
Musavat.com






