İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahinin yerinə kim təyin olunacaq? – Dini qurum aydınlıq gətirdi- MÜSAHİBƏ

2484 16.03.2023 15:34 Müsahibə A A

 

Tanınmış ilahiyyatçı, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənlinin martın 2-də qəfildən dünyasını dəyişməsindən sonra onun yerinə kimin təyin olunacağı müzakirə mövzusuna çevrilib.

Dini cameədə Hacı Şahinin yerini tutmağa layiq bilinən şəxslər arasında ən çox adı hallanan ilahiyyatçı Hacı Ramil və Hacı Elbrus Kərimovdur.  

Cəmiyyətdə müzakirə olunan bu və digər mövzularla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadənin fikirlərini aldıq.

WhatsApp Image 2023-03-16 at 15.08.40.jpeg (169 KB)

Musavat.com Cahandar Əlizadə ilə müsahibəni təqdim edir:

-Hacı Şahinin ölümündən sonra Elbrus Kərimlinin “Məşədi Dadaş” məscidinə imam təyin olunması xəbəri gündəm oldu. Bu təyinat mümkündürmü?

-Qafqaz Müsəlmanları İdarəsinin Qazilar Şurasının üzvü, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra həmin ibadət evinə hansısa təyinat olmayıb. Bildiyiniz kimi, 2022-ci ilin fevral ayında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmiş, İslam dininə aid ibadət yerlərinə din xadimi təyinatı Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib. Hazırda din xadimlərinin təyinatı, vəzifədən azad edilməsi və digər məsələlər “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən tənzimlənir. “Məşədi Dadaş” məscidinə də din xadimi təyinatı mövcud qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək.

- İmam təyinatı gecikdiyi üçün hər kəs öz mövqeyindən çıxış edərək müxtəlif mülahizələr və versiyalar irəli sürür. Hansısa addımın atılması bu versiyalara son qoyulması üçün ən yaxşı alternativ olmazdımı?

- Hacı Şahin Həsənlinin qəfil vəfatı cəmiyyətdə, xüsusilə də mərhumun yaxınlarında, onu sevənlərdə dərin hüzn yaradıb. Düşünürük ki, belə həssas məqamları nəzərə almalı, xalqımızın bununla bağlı adət-ənənəsinə hörmətlə yanaşmalıyıq.

- İstənilən halda ölüm gerçəkliyini nəzərə alsaq, belə situasiyalarda qarışıqlıq yaranmaması üçün hazır namizəd olmalı idi. Bu kimi hallarla bağlı hazırda alternativ yoxdurmu?

- “Məşədi Dadaş” məscidinə din xadimi təyinatı ilə bağlı problem yoxdur. Bu istiqamətdə, yəni, dindarlar arasında mövcud qaydalara etimadı qırmaq bəzi cəhdlərə rast gəlinsə də, bunların heç bir nəticəsi olmayıb. Azərbaycan dindarlarının Vətənimizə, dövlətçiliyimizə sədaqətinə heç kimin şübhəsi yoxdur. Kadr məsələsi ilə bağlı onu da bildirməliyik ki, Dövlət Komitəsi tərəfindən “Qayda”ya əsasən 2 müsahibə keçirilib, uğur qazananlar müxtəlif məscidlərə təyinat alıblar. Eyni zamanda, müsahibədən keçmiş, lakin təyin olunmamış şəxslər hesabına ehtiyat kadr bazası formalaşdırılıb. Belə hallar üçün “Qayda”da digər məscidlərdə fəaliyyət göstərən din xadimlərinin rotasiya ilə vəzifə yerlərinin dəyişdirilməsi də nəzərdə tutulub. 

Dövlət Komitəsi tərəfindən “Məşədi Dadaş” məscidinin vakant vəzifələri sözügedən müsahibələrə çıxarılmayıb. Bu görə də, həmin məscid üçün ehtiyat kadr yoxdur. Zərurət yarandığı təqdirdə ümumi ehtiyat kadrların siyahısında olan namizədlərin də təyinatı məsələsinə baxıla bilər.

- Mart ayının 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüşü olub. Lakin həmin görüşün təfərrüatları barədə məlumat verilmədi. Görüşün nəticələri barədə məlumat verərdiniz.

- Nəsimi rayonu “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri və digər vətəndaşlarla görüşlərdə həmin icmanın fəaliyyəti, mövcud dini vəziyyət və gələcəkdə görüləcək işlər barədə müzakirələr aparılıb. İcmanın sosial layihələri və xeyriyyəçilik işlərinə dəstək barədə, eyni zamanda, məscidə din xadiminin təyinatı ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə işlər davam etdirilir.

- Ümumiyyətlə, məscid və ziyarətgahlara din xadimi təyin edilərkən hansı meyarlar əsas götürülür? Vakant vəzifələrə müsahibə nəyə əsasən təşkil edilir?

-İslam dininə aid ibadət evlərinə din xadimi təyinatı bu sahə ilə bağlı qanunvericilik aktlarına, xüsusilə bir az öncə qeyd etdiyimiz “Qayda”ya əsasən həyata keçirilir. Həmin “Qayda”da məscid və ziyarətgahlarda, ümumiyyətlə, inanclı insanların tələbatının ödənilməsi məqsədilə imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələri təsbit olunub. Namizədlərin təhsili, imtahanın təşkili və s. məsələlər barədə bəndlərə yer verilib. Eyni zamanda, din xadimlərinin təyinatının müsahibə və attestasiya əsasında aparılması öz əksini tapıb. Mütəxəssislər tərəfindən namizədlərin bilik və bacarıqlarının öyrənilməsi məqsədilə müsahibə proqramı hazırlanıb. Həmin proqramda iştirakçıların dini biliklərinin yoxlanılması ilə yanaşı dini sahə ilə bağlı qanunvericilik, dövlətçilik tariximiz və dünyagörüşünün müəyyənləşdirilməsi ilə əlaqədar mövzulara yer verilib.

Vakant vəzifələrin müəyyənləşdirilməsinə gəlincə, burada əsas meyar tələbat, yəni vətəndaşlar üçün din xadiminin əlçatanlığı, həmçinin, keyfiyyətin təmin edilməsidir. Müasir dünyada din xadimlərinin dini bilikləri ilə yanaşı dünyagörüşünün də yüksək səviyyədə olması zərurətə çevrilmişdir. Bu, radikal və ekstremist qrupların din adından istifadə etmələrinin qarşısının alınmasında əsas vasitələrdən biridir.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR