İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda müsəlman din xadimləri orduya çağırılacaq, pravoslavlar isə yox - ikili standart

1259 24.10.2023 08:13 Siyasət A A

Gürcüstanda pravoslav din xadimləri istisna olmaqla, digər dinlərə və dini kastalara ibadət edən din xadimləri həqiqi hərbi xidmətə çağırılacaqlar. Məsələ Gürcüstan parlamentinin qəbul etdiyi yeni Müdafiə Məcəlləsində əksini tapıb. Parlamentdə keçirilən gərgin və uzun sürən müzakirələrdən sonra yeni Müdafiə Məcəlləsinin layihəsi üçüncü oxunuşda 80 səslə qəbul olunub.

Gürcüstanın bütün müdafiə sahələrini əhatə edəcək sənəddə çağırışçıların hərbi xidməti yeni qaydada təşkil olunacaq. Sənədə əsasən, çağırışçılar 6, 8 və 11 aylıq həqiqi hərbi xidmətə cəlb ediləcəklər. Qanun layihəsinə əsasən, din xadimləri də həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Sənəddə deyilir ki, pravoslav din xadimləri istisna olmaqla, bütün digər dini icmaların nümayəndələri məcburi hərbi xidmətə çağırılacaq. Məcburi hərbi xidmətin bir il müddətinə təxirə salınması üçün çağırışçı dövlətə 5 min lari vəsait ödəyəcək.

Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qanun layihəsini 2022-ci ilin dekabrında parlamentə təqdim edib. Bu təşəbbüs cəmiyyətdə narazılığa səbəb olub, hətta qanuna qarşı etiraz aksiyaları da keçirilib.

Məlumdur ki, azərbaycanlılar Gürcüstanda ikinci ən böyük etnosdur. O halda din xadimlərinə ikili standart yanaşması nə ilə bağlıdır? Azərbaycandakı qanun nə deyir?

Qeyd edək ki, Gürcüstan Müsəlman Birliyinin rəhbəri Tariel Nakaidze bu təşəbbüsdən narahat olduğunu bildirib. Nakaidze Rusiya mediasına bildirib ki, qanun “bərabərlik prinsipini pozur: "Bir vətəndaşın eyni statuslu digərləri üzərində imtiyazları varsa, bu, qeyri-demokratikdir. Pravoslav kilsəsinin dövlətlə konstitusiya müqaviləsi olması o demək deyil ki, onun imtiyazı olmalıdır. Bu razılaşma başqa dinlərin alçaldılmasına səbəb olmur. Konstitusiya Məhkəməsinin iki qərarında deyilir ki, kiminsə tarixi və ya hüquqi statusu imtiyaz üçün əsas ola bilməz".

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından olan deputat İrakli Sesiaşvili isə jurnalistlərə bildirib ki, çoxlu çağırışçı dini inanclara görə hərbi xidməti təxirə salır və bu, bütün sistem üçün problem yaradır: “Mənim təşəbbüsüm din xadimləri olan çağırışçılara məcburi hərbi xidmətdən möhlət verilməsinə icazə verən maddəni ləğv edəcək. Əgər onlar dini səbəblərə görə orduda xidmət etmək istəmirlərsə, alternativ xidmətdə iştirak edə biləcəklər”, - Sesiaşvili bildirib.

Mövcud qanunvericiliyə görə, tələbələr, din xadimləri, səhhətinə görə və digər səbəblərə görə xidmət edə bilməyənlər istisna olmaqla, 18-27 yaşlı bütün gürcü kişilər bir il orduda xidmət etməlidir.

Sesiaşvili əlavə edib ki, pravoslav din xadimləri Gürcüstanda kilsəyə xüsusi status verən Pravoslav kilsəsi ilə konstitusiya razılaşmasına görə xidmətdən azad ediliblər. Müqavilə 2002-ci ildən qüvvədədir və o vaxtdan insan haqları qruplarının ayrıseçkilik iddiaları üçün hüquqi əsaslar təmin etdiyi bir sıra digər qanunlarda əksini tapıb.

 

Deputat: “Gürcüstanda Pravoslav kilsəsi xüsusi nüfuza malikdir və...”

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Gürcüstan tərəfinin belə qərar qəbul etməsi o ölkənin reallığına uyğun atılan bir qərardır: "Ümumiyyətlə, Gürcüstanda kilsə böyük nüfuza malikdir. Gürcüstanın konstitusiyasında da kilsənin üstünlüyü açıq-aydın vurğulanıb. O mənada belə bir dəyişikliyin baş verməsi təbiidir. Burada söhbət Gürcüstan qanunvericiliyindən gedir. Gürcüstanda Pravoslav kilsəsi xüsusi nüfuza malikdir. Dövlət də bu istiqamətdə davamlı olaraq öz addımlarını atır. Bu baxımdan, belə bir addımın atılması və qərarın qəbul edilməsi Gürcüstan reallığını tam əks etdirir, bu ölkədə həyata keçirilən tədbirləri açıq şəkildə göstərir. Azərbaycanda bu məsələ tamamilə fərqlidir, qanunvericiliyimizdə yanaşma fərqlidir. Bu Gürcüstan qanunlarına əsasən tənzimlənir. Orada əhalinin böyük əksəriyyəti də bu kilsəyə mənsub olduğuna görə dövlət bu kimi qərarları qəbul edir və addımları atır. Müsəlmanlara gəldikdə isə onlar Gürcüstanda azlıq hesab olunurlar. Onların azlıq olması burada böyük rol oynayır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşmalıyıq".

Sosial şəbəkələrdə insanları şantaj edənləri bu cəza gözləyir? - DİQQƏT -  VƏKİL İZAH ETDİ<span class="qirmizi"></span>

Vəkil Turan Abdullazadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, Vətəni müdafiə hər bir vətəndaşın borcudur: “Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Habelə, konstitusiyamıza əsasən, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Dövlət dinindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını dini mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə dini mənsubiyyətinə görə güzəştlər və ya imtiyazlar verilə bilməz.  "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna görə, 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin II hissəsinə uyğun olaraq isə vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Həmin qanuna əsasən, dinc dövrdə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər: Birinci, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; İkinci, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar; üçüncü, 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar; dördüncü, alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar; beşinci, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

Bu baxımdan, hesab edirəm ki, Gürcüstanda yeni qəbul olunmuş qanunun dini mənsubiyyətinə görə sadəcə pravoslav din xadimlərinə üstünlük tanıması ayrı-seçkilik və bərabərlik hüquqlarının pozulması kimi qiymətləndirilə bilər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR