İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneydə 15 milyon soydaşımız təhlükədə - bu yayın sonunadək...

736 26.07.2023 11:12 Gündəm A A

Güney Azərbaycanın dünyada xüsusi özəllikləri ilə seçilən Urmiya gölü tam qurumaq üzrədir. Araşdırmalara görə, gölün səviyyəsi son 60 ilin ən aşağı həddinə çatıb. Bu o deməkdir ki, gün keçdikcə gölün xilası daha da çətinləşəcək, hətta mümkünsüzləşəcək!

Tədqiqatçı Maşallah Rəzmi “Azad İran” Teleqram kanalına deyib ki, uzağı bu yayın axırınadək göl tam quruya bilər. O zaman 15 milyona yaxın soydaşımızın həyatı təhlükə altına düşəcək. 

Qısası, Güney Azərbaycan gerçək ekoloji fəlakətin bir addımlığındadır. Məlumatlara əsasən, Urmiya gölü ərazisində və bura yaxın bölgələrdə xərçəng kimi xəstəliklər kəskin artıb, heyvanlar tələf olur, bağlar və əkin sahələri məhv olmaqdadır. Duz fırtınaları əmələ gəlir. Aydındır ki, cəhənnəmə dönmüş bir ərazidə heç kim yaşamaz.

Bəs gölün xilası mümkünmü? Bu, təbii prosesdir, yoxsa molla rejiminin xalqımıza qarşı illərlə, məqsədli şəkildə apardığı ekosid siyasətin daha bir acı nəticəsidir? Milyonlarla soydaşımızın taleyi necə olacaq? Azərbaycan dövləti problemin aradan qalxmasına necə kömək ola bilər?

Yeri gəlmişkən, Urmu gölü ətrafında baş verən ekoloji fəlakətlə bağlı başladılan kampaniya davam edir. Dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlılar və əcnəbi ekofəallar “SAVE URMIA LAKE” adı altında sosial mediada videolar paylaşaraq, Urmu gölünün yox olması ilə bağlı xəbərdarlıq mesajları paylaşırlar. Onlar beynəlxalq ictimaiyyətə, ekofəallara və əlaqədar beynəlxalq qurumlara müraciət edərək Urmu gölünün quruması və İran hökumətinin bərpa işləri ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyini bildirirlər. Kampaniyaya qoşulanlar Tehran hakimiyyətini ekoloji faciəyə görə qınayır və milyonlarla insanın həyatını təhlükəyə atan ekoloji problemin həlli üçün əməli addımlar atmasını tələb edirlər.

Artıq Ərdəbildə və Təbrizdə mədəni fəallar Urmu gölünün qurudulmasına qarşı başladılan kampaniyaya dəstək aksiyası keçiriblər. Onlar şəhər məhəllələrinin divarlarına “Urmu gölünün ölümü = Azərbaycan uşaqlarının ölümüdür” “#Urmu_gölü_can_verir” və “”#Urmu_gölü" yazıblar. Qeyd edək ki, Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmu gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəgi altında kampaniyaya start verilib.

İranın Şərif Universitetinin araşdırmalarının nəticələrinə görə, Urmu gölündə su həcmi son 60 ildə ən aşağı səviyyəyə düşüb. Bu barədə İranın “Etimad” qəzeti məlumat dərc edib. Məlumatda İranın keçmiş ekologiya naziri İsa Kələntəriyə istinadən bildirilib ki, İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra gölün bərpası ilə bağlı bütün təbliğatlara baxmayaraq, göldə suyun səviyyəsi daha da azalaraq 700 milyon kubmetrə düşüb. “Bu gedişlə ilin sonuna kimi Urmiya gölündə su qalmayacaq və göl bataqlığa çevriləcək”,- keçmiş nazir xəbərdarlıq edib.

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev  açıqlayır - 27.07.2021, Sputnik Azərbaycan

Ekspert: “Faciə onda olacaq ki, ərazidə duzlaşma, şoranlaşma prosesi gedəcək...”

Ekoloq Ənvər Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 15 milyard kub metr suyu olan Urmiya gölünün artıq sonu çatıb: “Göl artıq 95 faiz quruyub. Bu, tektonik göldür. Böyük Qafqaz, Kiçik Qafqaz dağ sistemlərinin bir hissəsidir. Orada əmələ gələn həmin sahə tektonik göldür. Təxminən 40-50 min ilə əmələ gələn bu göl əhalinin ehtiyacını ödəyirdi. Gölə çox çaylar axır, uzunluğu yüz kilometrə yaxın olan çayların sayı 12-13 olmalıdır. Bundan başqa, onlarla xırda çaylar da var ki, gölə axır. Əsasən dağ çayları ilə qidalanır. Çayların buxarlanması nəticəsində göldə duzlar çoxalıb. Gölün ətrafında əsas əhali azərbaycanlılardan ibarətdir. Bu əhali də durmadan artır. Əsas problem elə məhz buradan yaranır. Əhali artdıqca əkin sahələri, heyvandarlıq təsərrüfatına qulluq edən sahələr artır. Amma çayın götürdüyü su mənbələri azalmağa başlayır. Bütün bunlar fəsad yaradır. Nəticədə göl qurumağa başlayır.

Gölün faciəsi artıq İran hökumətini də narahat etməyə başlayıb. Keçən il İran prezidenti ora gəlib, hadisələri yerində dinləyib. Bir neçə variant irəli sürülüb. Bunlardan biri də yaxınlıqda yerləşən çayların birindən su çəkilərək gölə verilməsi idi. İndi isə həmin verilən suyun miqdarının iki dəfə artırılması söhbəti gedir. Uzun illər ərazində formalaşmış bir problemi bir, ya iki ilə həll etmək də çətin məsələdir".

Ekspert “göl qurusa, nələr olacaq” sualına belə cavab verib: “Gölün dibinə həddən artıq çox duz yığılıb, onlar tərkibinə görə də müxtəlifdir. Bu gölün əsas problemi quruyandan sonra onun kristallaşması və küləklə ətraf ərazilərə yayılmasıdır. Bu adi yayılma deyil. Nə qədər xırda olsa da, topalanacaq, yağış suları vasitəsilə bitkilərin üzərinə, torpağın alt qatına keçəcək və həddən artıq fəsadlar yaradacaq. Faciə onda olacaq ki, o ərazidə duzlaşma, şoranlaşma prosesi gedəcək. Bu isə olduqca qorxuludur. Bu boyda ərazini, hər halda, İran hökuməti itirmək istəməz. Çünki orada kənd təsərrüfatı, infrastruktur var. Torpaq fondunun itirilməsi İrana baha başa gələr. Oradakı əhalinin köçürülməsi söhbəti var. Orada yaşayanların əksəriyyəti azərbaycanlılar olan əhali ölkənin ayrı-ayrı hissələrinə köçürüləndə, təbii ki, milli tərkibdə disbalans yaranır. Tarixən təbii şəkildə formalaşmış ərazidə siyasi baxımdan da müəyyən problemlər yarana bilər. Ona görə də burada ən dürüst yol, gölü əvvəlki vəziyyətinə qaytarmaqdır”.

Fatma Yıldırım: Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və  qardaşlıq prinsiplərinə əsaslanır

Deputat: “Güney Azərbaycanda ekoloji terror törədilib”

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım mediaya açıqlamasında bildirib ki, Urmiya gölünün quruması ekoloji fəlakətlərə şərait yaratmaqla soydaşlarımızı öz tarixi yurdlarını tərk etməyə məcbur edir: “Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Cənubi Azərbaycan torpaqlarının beşdə birini təşkil edir. Bu bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılırdı. Etinasız yanaşma nəticəsində Urmiya gölü də quruyur. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140, eni 55 kilometr, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Həmin su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Göl duzluluğuna görə dünyada üçüncü yeri tutur. Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. Onda güney azərbaycanlı mütəxəssislər, ictimai fəallar, sakinlər həyəcan təbili çalmağa başladılar, BMT-yə qədər müraciət edildi. Lakin təəssüflər olsun ki, həmin müraciətlərə reaksiya verilmədi”.

Komitə üzvünün sözlərinə əsasən, həmin ərazidə Urmiya duzluğu, Urmiya şoranlığı yaranıb: “Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Gölün qurumaması üçün ildə ən azı 6 milyon kubmetr suya ehtiyac duyulur. Bu qədər su illərdir həmin gölə tökülmür. Bu gedişlə Urmiya gölü tam quruyacaq. Yaranmış vəziyyətlə əlaqədar insanlar həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Cənubi Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Bununla Güney Azərbaycanda ekoloji terror törədilib. Bu, təkcə gölün flora və faunasına qarşı törədilməyib, həm də milyonlarla insanın sağlamlığına, güzəranına, həyatına mənfi təsir göstərir, yaşayış yerini tərk etməsinə səbəb olur. Urmiya gölü cənublu soydaşlarımız üçün mənəvi məna kəsb etdiyindən davamlı olaraq gölün qurudulmasına qarşı etiraz səslərini ucaldırlar.

İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir. Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar yalnız kağız üzərində qalmaqdadır. Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir. Dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi ciddi narahatlıq yaradır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR