İnsanlara hürriyət, millətlərə istiqlal!

ZƏNGİLAN NECƏ İŞĞAL OLUNDU?

10389 01.11.2011 09:51 Gündəm A A
Dağlıq Qarabağda Ermənistan tərəfindən dəstəklənən erməni separatizminin başladığı vaxtlardan etibarən Zəngilan da cəbhə zonasına çevrilib. 80-ci illərin sonlarında bu rayonun kəndlərinə qarşı erməni hücumları başlayıb, yerli əhali isə əksər hallarda ov silahları ilə bu hücumların qarşısını almaq üçün könüllü özünümüdafiə dəstələrində birləşib. Nəhayət, 9 oktyabr 1991-ci ildə Zəngilan rayonunda ilk dəfə olaraq 806 saylı yerli özünümüdafiəetmə batalyonu təşkil olunub. 10 dekabr 1992-ci il tarixində həmin batalyonun əsasında 865 saylı alay formalaşıb. Bu alayda bölük komandiri olmuş Qarabağ müharibəsi əlili, 7 dəfə güllə və qəlpə yarası alan, yaralı vəziyyətdə xəstəxanadan çıxıb döyüşlərə atılan Tahir Məmmədov bir müddət əvvəl Zəngilan uğrunda gedən amansız döyüşlər haqda xatirələrini lent.az.-a bölüşərkən rayonun hansı situasiyada işğal altına düşdüyünə aydınlıq gətirir.
Hazırda Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin Xətai rayon təşkilatının sədri olan Tahir Məmmədov Ermənistan ordusunun Zəngilanı tutmaq üçün hansı cəhdləri göstərdiyi haqda danışarkən deyir ki, düşmənin hücumları 1992-ci ilin əvvəllərindən başlayaraq irimiqyaslı xarakter alıb. Həmin ilin dekabrında Qafan istiqamətindən hücum edən erməni qüvvələri rayonun Şayıflı, Ağkənd, Qazançı, Canbaz, Seyidlər, Küyümqışlaq, və Pirveyisli kəndlərini tuta biliblər. Lakin Zəngilan alayı əks hücumla bu kəndlərin dördünü tezliklə geri alıb, Qazançı və Ağkənd yarıanklav vəziyyətində olduğundan onları qaytarmaq mümkün olmayıb.
Döyüşçünün danışdıqlarından məlum olur ki, əslində rayon işğal edilməzdən az əvvəl Zəngilan alayı Ermənistan ərazisinə çox uğurlu əks-hücuma keçərək Naxçıvana quru dəhlizi aça biliblər. Lakin o vaxtkı müdafiə naziri, Moskvanın adamı olaraq bilinən Məmmədrəfi Məmmədov döyüşçülərə geri çəkilmək əmri verib. T.Məmmədov deyir: “Şayıflı kəndinə ermənilərin hücumundan sonra 1993-cü ildə alay komandiri Firudin Şabanov bir əməliyyat hazırladı. Müdafiə Nazirliyi bu əməliyyata icazə vermirdi, əməliyyat alayda hazırlanıb. Qafanla Mehri arasındakı 4 yaşayış məntəqəsini - Hənd, Kilsə, Şıxavuz və Safı götürdük. Bu, Qafanla Mehrini birləşdirən dəhlizdir. Oradan tank, ”KamAZ" belə gətirdik. O ərazini 24 saat əlimizdə saxladıq. O vaxt müdafiə naziri Məmmədrəfi Məmmədov idi. O, vertolyotla Zəngilanın mərkəzi stadionuna gəldi. Dedi ki, ATƏT-dən nümayəndə gəlib, bizə erməni torpağı lazım deyil, 6 saat müddətində geri qayıdın. Biz aldığımız ərazi ilə faktiki Naxçıvanla Zəngilanı birləşdirirdik. Məmmədrəfinin əmri olmasaydı, o torpaqları saxlaya bilsəydik, artıq Naxçıvanın blokadası açılacaqdı. Bu, çox strateji bir plan idi və gözəl də həyata keçirilmişdi. Firudin Şabanov güclü kadr olduğu, xəritəni güclü bildiyi üçün Sumqayıt kimi iki böyük şəhəri iki yerə parçaladıq, cəmi 2 şəhid verdik".
1993-cü ilin ortalarından başlayaraq Bakıda hakimiyyət uğrunda gedən siyasi mübarizədən, xarici güclərin təxribatlarından istifadə edən Ermənistan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonları bir-birinin ardınca tutmaqda idi və çox keçmədən Zəngilan üç istiqamətdən düşmən mühasirəsinə düşdü. Cəbrayıl rayonunun işğal olunmasıyla Zəngilan alayı köməksiz qaldı və belə vəziyyətdə yeganə mümkün yol ancaq əhalinin İran üzərindən xilas edilməsinə qalırdı. Həmin, avqustun 23-də Füzuli və Cəbrayıl işğal olunub, 8 gün sonra, avqustun 31-də Qubadlı işğal olunub. Bu rayonların bütün döyüş texnikası müdafiə nazirinin əmri ilə Zəngilan üzərindən Beyləqana çıxarılıb. Daha sonra düşmən Beyləqan istiqamətində hücumları davam etdirib, Bakı istiqamətində hücumların dayandırılmasından sonra geriyə dönərək mühasirədə qalmış Zəngilana doğru irəliləyib. Ölkədə hökm sürən xaos şəraitində düşmənlə döyüşlərdə yüzlərlə itki vermiş Zəngilan alayının rayonu saxlamaq üçün heç bir şansı qalmırdı və rayonun düşmən işğalı altına düşməsi qaçılmaz olmuşdu...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR