İnsanlara hürriyət, millətlərə istiqlal!

Gün 19: “Qızıl Aypara” maşınları Pənahəli xanın şəhərinə nə vaxt yetişəcək?

490 16.09.2023 12:58 Siyasət A A

Qurumun baş katibi: “Biz bura geri dönmək üçün gəlməmişik...”

Avqustun 29-dan Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinə məxsus, Qarabağdakı erməni sakinlər üçün nəzərdə tutulmuş unla dolu yük maşınlar hələ də Ağdam yolunda gözləyir. Bəs maşınlar Pənahəli xanın şəhərinə nə vaxt yetişəcək?

Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev son vəziyyətlə bağlı qəzetimizin suallarını cavablandırıb:

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür  Ağdam-Xankəndi yolunda gözləyir - "İki sahil"

- Ceyhun bəy, yük maşınları hələ də Ağdam yolunda gözləyir. Hazırda vəziyyət necədir?

- Biz avqustun 29-dan burdayıq. İşçi heyət ilə birgə çadırlarda gözləyirik. Rus blok-postunun yanında yerləşmişik. Bütün lazımi proseduralar həyata keçirilib, danışıqlar aparılıb. Hələ ki, cavab yoxdur.

- Yük maşınlarının geri dönüşü mümkündürmü?

- Biz bura geri dönmək üçün gəlməmişik. AzQAC ermənilərə unu çatdırmaq üçün burdadır.

- Qızıl Aypara Cəmiyyəti əməkdaşlarının rotasiyası həyata keçirilirmi?

- Əvvəlki günlərdə həyata keçirilirdi. Amma hazırda baş katib kimi əməliyyata mən rəhbərlik edirəm, müavin Elşən Səlimzadə də burdadır. Yaxın rayonların sədrləri, könüllüləri gəlirlər. Hazırda 4 nəfərik. Ehtiyac olsa, 15-20 nəfər cəlb etmək olar. Əməliyyat olmadığına görə əlavə əməkdaşlara ehtiyac yoxdur.

- Sizcə, yük maşınları Ağdam yolunda nə qədər qalacaq?

- Bu barədə dəqiq məlumat vermək çətindir. Rusiya sülhməramlıları ilə danışıq olub. Unların keyfiyyət sertifikatı təqdim olunub. Hər hansı cavab olmadığı üçün yeni təmasa ehtiyac yaranmayıb.

- Yaxın günlərdə başqa məhsulların göndərilməsi ehtimalı varmı?

- Bunun üçün AzQAC Xankəndidə monitorinq aparmalı, insanların ehtiyacları qiymətləndirilməlidir. Hər ailəyə görə ehtiyac dəyişir. Çoxuşaqlı ailələr, yataq xəstələri və b. görə meyarlar fərqidir. Undan isə çörək hazırlamaq olar ki, onu hər kəs yeyə bilər. Yəni un təhlükəsiz məhsuldur, həm də kütləvi istifadə üçün yararlıdır.

- AzQAC-a Xankəndidə yaşayan əhalinin sayı barədə məlumat verilibmi? Monitorinq aparmaq imkanı yaransa, neçə əməkdaş cəlb edəcəksiniz?

- Bizdə bu haqda informasiya yoxdur. Humanitar missiyanı həyata keçirmək üçün qanunvericilik çərçivəsində mümkün olan bütün tədbirləri həyata keçirməyə hazırıq.

- Qanunvericiliyə görə, humanitar yükün qəbul edilməyəcəyi təqdirdə geri qaytarılması yaxud qalma müddəti ilə bağlı məhdudiyyət varmı?

- Xeyr, bununla bağlı hər hansı məhdudiyyət yoxdur.

 - Son açıqlamanızda bildirmisiniz ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları Xankəndidən döndükdən sonra onlarla ətraflı söhbət etmək imkanı olacaq və bu barədə ətraflı məlumat veriləcək. Belə bir söhbət baş tutdumu?

- Xeyr. Əgər onların Xankəndi əhalisi ilə təması olsa idi, bizim də danışıq üçün mövzumuz olardı. Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb, Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb, daha sonra ölkələrinə yola düşüblər.

Xatırladaq ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalanıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, ilkin mərhələ üçün 40 ton un məmulatları göndərilir. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirmək mümkün olsa, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdırıla bilər.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR