İnsanlara hürriyət, millətlərə istiqlal!

“Göstərmək istədim ki, Avropada yalnız qrantyeyənlər və klounlar yaşamır” – yazıçı Ələkbər Əliyevlə müsahibə

Mühacir yazarların yaratdığı yeni saytın həmtəsisçisi: “Redaksiya siyasətini Conlar, Ceymslər, Hanslar təyin edəndə, işin ləzzəti qalmır. Müstəqilliyimiz ən böyük üstünlüyümüzdür”

Xaricdə yaşayan azərbaycanlı yazarlar yeni bir platformada bir araya gəlib. Üç aydır ki, fəaliyyətə başlayan və bu günlərdə yeni dizaynla oxucuların görüşünə gələn Azlogos.eu saytı Ələkbər Əliyev, Günel Mövlud, Seymur Baycan, Elmir Mirzəyev, Firudin Allahverdi kimi tanınmış yazar və sənət adamlarını bir araya gətirib, onlara yeni yaradıcılıq imkanları açıb.

Musavat.com yeni saytın fəaliyyətə başlaması ilə bağlı İsveçrədə yaşayan yazar, saytın həmtəsisçilərindən biri Ələkbər Əliyevlə müsahibəni təqdim edir.

- Ələkbər bəy, Azlogos.eu saytı necə və hansı zərurətdən yarandı?

- Azlogos bizim ilk işimiz deyil. Bu saytda gördüyünüz şəxslər daha əvvəl, 2007-cı ildə rus dilində Kultura.az portalını yaratmışdılar. Mən, Elmir Mirzəyev, Seymur Baycan və digər dostlarımız birlikdə rus dilində bu saytı təsis etmişdik. Uzun müddət fəaliyyət göstərdikdən sonra, onun Azərbaycan dilli versiyası da açıldı. Gəl zaman, get zaman – hamımız pərən-pərən düşdük, Avropaya səpiləndik. Bu minvalla uzun illər keçdi və biz, bir boşluğun olduğunu hiss etdik. Oxucularımız da, dostlarımız da xahiş edirdi ki, yenidən belə bir formatda intellektual platforma yaradaq. Biz də düşündük ki, ya Kultura.az-ı bərpa etmək lazımdır, ya da yeni bir layihə haqqında düşünməliyik. Biz ikincisinə qərar verdik, çünki Kultura.az hazırda stabil fəaliyyət göstərən, dostlarımızın idarə etdiyi saytdır. Həm də əksəriyyətimiz Avropadayıq, “.eu” domeni ilə fəaliyyət göstərmək daha məqsədəuyğun, məntiqli göründü bizə. Beləliklə, Azlogos.eu yarandı.

Azlogos adlı şəxsin şəkli.

Bu proje zərurətdən doğdu. Söhbət ilk növbədə bizim özümüzdən gedir, oxuculardan yox. Hiss etdik ki, yazmadıqca, danışmadıqca, yəni paylaşmadıqca özümüz də tənəzzülə uğrayırıq və şəxsən mənim üçün çox vacib idi göstərim ki, Avropada yalnız qrantyeyənlər və klounlar yaşamır.

“Oxucularımızın tam 50 faizi Azərbaycandandır. İlk onluqda Türkiyə, ABŞ, Almaniya var. Qəribədir, amma 8-ci yerdə Ermənistandır, bu ölkədən də bizi Azərbaycan dilli ermənilər oxuyurlar”

- Xaricdə yaşayan hansı yazarlarla əməkdaşlıq edirsiniz?

- Bizdə yazarın xarici ölkədə yaşaması kimi bir şərt yoxdur. Əlbəttə ki, diaspora nümayəndələrinə üstünlük veririk. Bəli, çoxumuz ölkədən kənardayıq, amma Azərbaycandan da yazarlarımız var. Əsas əməkdaşlar Kultura.az-dan gələn komandadır - Seymur Baycan, Firudin Allahverdi, Elmir Mirzəyev, Günel Mövlud, Hacı Hacıyev, amma Əli Novruzov, Toğrul Masallı, Tural Şahtaxtinski, Aygün Aslanlı və b. kimi müəlliflərimiz də var. Siyahı bundan sonra da böyüyəcək. Biz xaricdə yaşayan azərbaycanlıları bu layihə ətrafında toplamağa çalışacağıq. İstəyirik ki, Azlogos xaricdə yaşayan azərbaycanlıların səsi, meydanı olsun. Tənqidi düşüncəyə malik peşəkarlara, intellektuallara qapılarımız açıqdır. Qaldırılan problem nə olur olsun, gözlədiyimiz yeganə şərt professionallıqdır. Məramımızı isə belə açıqlamışıq ki, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləmək istəyirik.  
- Saytınıza maraq necədir? Auditoriyanı təhlil etmək imkanınız varmı? Azərbaycandan oxuyanlar nə qədərdir, başqa hansı ölkələrdən oxucularınız var?

- Əlbəttə, həftəlik və aylıq olaraq reytinqlərimizi nəzərdən keçiririk. Ölkələr üzrə də bölgüyə baxırıq. Maraqlıdır ki, oxucularımızın tam 50 faizi Azərbaycandandır. İlk onluqda Türkiyə, ABŞ, Almaniya var. Qəribədir, amma 8-ci yerdə Ermənistandır, bu ölkədən də bizi Azərbaycan dilli ermənilər oxuyurlar. Bilirsiniz, bu sayt öz tərzində ilkdir. Flaqman olmaq çətindir, böyük məsuliyyət tələb edir. Necə ki, Kultura.az öz sahəsində ilk idi. Bəzi dostlarımız saytın rusca fəaliyyət göstərməsini istəyirdilər, deyirdilər ki, qaldırılacaq mövzular, üslub və s. rus dilində daha effektiv, maraqlıdır və bir məna kəsb edir. Çox uzun sürən müzakirələrdən sonra qərar verdik ki, yox, biz məhz Azərbaycan dilində bunun mümkünlüyünü sübut etməliyik. İntellektual bir platformanın Azərbaycan dilində də mövcud ola biləcəyini göstərməliyik. Düşünürəm ki, biz buna çox qısa müddətdə nail olduq. Hələ ki, yolun başındayıq.

“Harada yaşasaq da, Azərbaycan bizim ölkəmizdir, bu ölkənin problemlərini dilə gətirəcəyik. Ancaq biz artıq əvvəlki üslubun işə yaramadığını, hətta ziyan verdiyini dedik, çağırışlar etməyin, şüarlar səsləndirməyin ziyan vurduğunu dedik”

- Əməkdaşlıq etdiyiniz yazarlar öncədən tirajlı insanlar olublar, əsərləri oxunub, sevilib, müzakirə edilib, səs-küy yaradıb. Bəs, hazırda tiraj necədir, oxucularda reaksiyalar alırsınızmı?

- Biz reytinqimizdən çox razıyıq. Yaxşı göstəricilərimiz var. Əvvəl oxucularımız bir qədər ehtiyatlı yanaşırdılar. Yazarları tanısalar da bu layihənin nə olduğunu, məqsədini bilmirdilər, şübhə edirdilər. Dəxlisiz, əsassız skepsis bizim millətə xas xüsusiyyətdir. Bəziləri çəkinirdilər, paylaşmaq, haqqında danışmaq istəmirdilər. Artıq o buzlar da əridi, bizimlə yola gedən-getməyən, sevən-sevməyən – hər kəs Azlogos haqqında danışmağa, onu paylaşmağa başlayıb. Bu xoşdur. Əlbəttə, bizim üslubumuzdan, seçdiyimiz mövzulardan, yanaşma tərzimizdən narahat olanları da başa düşürük. Deyirlər ki, bu adamların əvvəlki radikallığı hara getdi? Bu isimlər tirajlıdır, daha çox müxalif kimlikləri ilə tanınırlar. Dedilər biz əvvəlki müxalifətçiliyi bu adamlarda görmürük, görəsən bu nə deməkdir? Bəziləri uzağa gedən nəticələr çıxartmağa başladılar. Dediyim kimi, dəxlisiz şübhəcilik. Şükür, indi sakitləşiblər.

“Məsələnin bir etik tərəfi də var ki, Avropada oturub Azərbaycandakı insanlara yol göstərmək, çağırışlar etmək, nəyəsə səsləmək əsla doğru deyil. Ona görə də, bizim komanda üzvlərindən bunu etmək istəyən gedib sosial şəbəkələrdə etirazını bildirər, çağırışını edər”

- Necə nail oldunuz buna?

- Əksəriyyətimiz xaricdəyik. “Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil” deyə bilmərik, əlbəttə ki, qarışırıq. Harada yaşasaq da, Azərbaycan bizim ölkəmizdir, bu ölkənin problemlərini dilə gətirəcəyik. Ancaq biz artıq əvvəlki üslubun işə yaramadığını, hətta ziyan verdiyini dedik, çağırışlar etməyin, şüarlar səsləndirməyin ziyan vurduğunu dedik. Sayt yeni açılanda mənim Rəşadət Axundovla bir müsahibəm olmuşdu, orada bu ifadəm qıcıq doğurmuşdu ki, “Bizim İlham Əliyev adlı bir problemimiz yoxdur”. Bunu yanlış anladılar, sanki İlham Əliyevi tənqid etmək olmaz, tənqiddən münəzzəhdir kimi yozdular. Ancaq mən onu demək istəmirdim, demək istəyirdim ki, Azərbaycanın problemləri sırasında İlham Əliyev ilk onluqda belə deyil. Mənim fikrimcə.

Biz daha çox kulturoloji yanaşmanın tərəfdarıyıq. Maarifçilik sözü çox xoşuma gəlmir, suyu çıxmış bir sözdür. Çalışırıq o sözü dilimizə gətirməyək. Ancaq biz dərin kulturoloji analizlərin tərəfdarıyıq. Düşünürük ki, cəmiyyətin daha ciddi problemləri var, maariflənməyə ehtiyacı var. Ona görə də, siyasətdən qaçmırıq, uzaq deyilik. Ancaq yayım siyasətimizi də siyasi müxalifətçilik üzərində qurmağı düşünmürük. İlk gündən bunu açıqladıq. Görünür, gözləntilər fərqli imiş, ona görə də, yanlış anlaşılmalar və hücumlar oldu. Bir neçə dostumuz yazdı ki, bu “Səs” qəzeti ilə eyni şeydir filan. Haqqımızda çox ədalətsiz rəylər yazıldı. Ancaq çox sevindirici haldır ki, qısa müddət sonra gördük ki, bu hücumlar yoxdur. Bizi olduğumuz kimi qəbul etdilər, başa düşdülər nə etməyə çalışdığımızı.

Məsələnin bir etik tərəfi də var ki, Avropada oturub Azərbaycandakı insanlara yol göstərmək, çağırışlar etmək, nəyəsə səsləmək əsla doğru deyil. Ona görə də, bizim komanda üzvlərindən bunu etmək istəyən gedib sosial şəbəkələrdə etirazını bildirər, çağırışını edər. Bu platforma siyasi çağırışlar üçün deyil, biz bunu əməkdaşlıq qaydalarımızda da qeyd etmişik ki, burada siyasi çağırışlar yoxdur. Biz nə hökumətlə, nə müxalifətlə dava etmirik, mədəni üslubumuzu qoruyuruq. Nümunə olmağa çalışırıq. Biz əslində azərbaycanlı həmkarlarımız üçün də peşəkarlıq nümunəsi olmaq istəyirik, göstərmək istəyirik ki, belə olmaq mümkündür. Biz elə bir sayt yaratmaq istəyirdik ki, onu hər kəs - hökumət də, müxalifət də oxusun, əhalinin bütün təbəqələri oxusun və sevsin, faydalı görsün. Düşünürəm ki, biz buna nail olduq, yaxşı saytdır. Mən saytımızı yüksək qiymətləndirirəm. Gözlədiyimdən də effektiv oldu.

“Azlogoz.eu bizim üçün asudə vaxt məsələsi deyil, bu bizim həyatımızdır. Yenidən meydanlara qayıtmışıq, istəyirik ki, səsimiz eşidilsin, bizim yanaşmamızı görsünlər. Təqdir edən edəcək, etməyənlər söyəcək” 

- Avropada yaşamaq bir yaradıcı insan üçün necədir? İnteqrasiya prosesi necə gedir, yaradıcılığınız nə yerdədir?

- Həmkarlarım adından da danışa bilərəm ki, burada yaradıcılıq bizim üçün ikinci plana keçmişdi, indi bu platforma sayəsində yenidən başlayırıq. Hamımız işi-gücü olan adamlarıq, amma publisistika olmadan, özünüifadə olmadan çətindir. Biz hamımız buradayıq və heç bir iş görmürük, 5-6 il keçib və hərə öz sosial şəbəkə hesabında nəsə yazır. Bu yetərli deyil. Biz bir araya gəlməliydik, bu sayt sayəsində bir araya gəldik. Yaradıcılıq bizim üçün birinci plana keçdi. Bundan əvvəl də hərə öz kitabını yazır, tərcüməsini edirdi. Amma indi sanki daha da şövqlə işləyirik. Bir şeyi dəqiq deyə bilərəm ki, Azlogoz.eu bizim üçün asudə vaxt məsələsi deyil, bu bizim həyatımızdır. Yenidən meydanlara qayıtmışıq, istəyirik ki, səsimiz eşidilsin, bizim yanaşmamızı görsünlər. Təqdir edən edəcək, etməyənlər söyəcək. Bunlar olacaq, biz bunlara hazırıq. İnsanlar öyrəşib məsələn Meydan TV üslubuna,“Azərbaycan saatı” tərzinə. Fərqli bir şey də görsünlər, heç nə olmaz. Dediyim kimi, bizim profilimiz fərqlidir, siyasətçi deyilik. Bu sahədə boşluq olduğu da bir gerçəklik idi. Azərbaycanlıların gördüyü media işi bu və ya digər şəkildə siyasətlə bağlı idi. Bu baxımdan bir alternativə ehtiyac var idi, bu zərurətdən doğdu.

- “Azloqos” necə maliyyələşir?

- Bizim layihəmiz heç bir qrant almır. Mən bununla fəxr edirəm. Bizim rəhbərimiz, direktorumuz da yoxdur. Bütün qərarlar kollektiv şəkildə verilir. Təbii ki, maliyyəmiz var, qonorarlar da veririk. Xaricdən, Qərb fondlarından maliyyələşməməklə bağlı öz qarşımızda öhdəlik götürmüşük. Qərbin heç bir institutu bizə qrant verib, nəsə diqtə edə bilməz. Prinsip olaraq buna qarşıyıq. Bizi dostlarımız maliyyələşdirir, istər Avropadan, istərsə də, Azərbaycandan dostlarımız var. Mən uzun illər Azərbaycanda biznes çevrələrində olmuşam, maliyyə sektorunda işləmişəm. Tanışlıqlarım genişdir. Belə dostlarımız hesabına büdcəmiz formalaşır. Çox kiçik büdcədir, ancaq minimum da olsa qonorar veririk. Ona görə də, mən qürurluyam ki, Avropada bu qədər insanı özündə birləşdirən bir layihə heç bir fonddan qrant almadan fəaliyyət göstərir. İstəyirik ki, alnımız açıq olsun. Bir söz deyəndə “xarici havadarların təlimatları ilə danışırlar” deyə bilməsin heç kəs. Bizim belə bir lüksümüz var. Ona görə də, hökumət bizim yazdıqlarımıza ciddi yanaşacaq. Redaksiya siyasətini Conlar, Ceymslər, Hanslar təyin edəndə, işin ləzzəti qalmır. Müstəqilliyimiz bizim ən böyük üstünlüyümüzdür.

Nərgiz LİFTİYEVA
Musavat.com

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR