İnsanlara hürriyət, millətlərə istiqlal!

Gic-gic şıllaq atan və sual verənlər...

2279 28.02.2021 00:25 Yazarlar A A

O vaxt “Avroviziya - 2012”-də Bakıya gələrək, musiqi-şou olimpiadasını işıqlandırmaq istəyən, gəlib burada bayrağımıza şıllaq atan farsdilli "Tekon" telekanalının jurnaisti Bijən Səmaninin ərəkəti yadınızdadır?

Bilənlər bilir, xatırlayanlar xatırlayır, bilməyən və xatırlamayanlar üçün deyim ki, təxminən 33-35 yaşlı tösmərək iranlı belə bir hərəkət eləmişdi və bu onun hərəkəti haqlı olaraq şəstimizə toxunmuşdu.

Gerçəkdən də adama deyərlər, köpəyoğlunun gədəsi (məhz bu cür deyərlər, başqa xitab mövzuya uyğun deyil), şoudan, musiqidən yazacaqsan, yaz, ta bizim milli bayrağımızın günahı nədir ki, irişə-irişə şıllaq atırsan.

Onu da deyim ki, bu sözü ona qayıdanbaş aeroportda vermişdilər. Mötəbər və möhtərəm bir mənbənin dediyinə görə, adamın başına elə bir oyun açıblar ki, bayrağa şıllaq atmağına da peşman olub, “Avroviziya”mızı ələ salmağına da, irişməyinə də, hələ Bakıya gəlməyinə də.

Yox, Norveçdən (İran boyun almadı, dedilər, bijəngə Bijən norveçlidir) gələn iranlı jurnalisti aeroportda döyməyiblər, eləcə, eşitdiyimə görə, şalvarını çıxarıb, yaxşı-yaxşı yoxlayıblar. Bəlkə də heç elə də etməyiblər, sadəcə, danlayıblar, məzəmmət ediblər, etdiyi hərəkətin düz olmadığını deyiblər.

O,  ölkəsinə qayıdandan sonra dalımızca giley-güzar eləmişdi, amma artıq gec idi. Yaramaz, sadəcə, gicşıllaqlığının cavabını almışdı.

112.JPG (17 KB)

Həmin jurnalist bu hərəkəti heç də təsadüfən, məzə üçün eləməmişdi. Məsələ ondadır ki, o vaxt İranda məscidlərdə axundlar cümə xütbələrində eyzən Bakıda keçirilən “Avroviziya-2012”-də gey-parad keçirildiyini deyir, din-imanın əldən getdiyindən danışır, vaveyla salırdılar.
Lap tutaq ki, o vaxt Avropadan Bakıya 100-150 cinsi azlıq gəlmişdi, bunun 300-400 km o tərəfdəki İrana nə dəxli vardı? O azlıqların heç burdan-bura bizim hetereseksual çoxluğa maneçiliyi və mənfi təsiri yox idisə, axundlara nə düşmüşdü ki, hey çığırışırdılar.

Ola bilərdi ki, o jurnalist o xətt ilə ölkəmizin şeytanla əməkdaşlıq etdiyini, yarışmanın keçirilməsinə hazır olmadığını və son günlərini yaşadığını deyirdi, daha sonra bayrağımıza təpik atırdı. Bəlkə də ortada demokratik Norveçin adamın kafasına müəyyən təsiri olmuşdu, ona görə belə edirdi. Hər halda kamera qarşısında şıllaqlamaq, özü də bunu bir ölkənin bayrağına qarşı etmək, hardan baxsan, eşşəklik idi. Ona görə də o hərəkətin axırı yaxşı olmadı.

İndi başqa bir iranlı jurnalist gəlib dövlət başçısının brifinqində yersiz və axmaq sual verir, biz də nervilənirik.

Ona görə yox ki, xanım jurnalist dövlətimizin başçısına belə sual verdi. (Verdi və cavabını aldı).

Əsasən ona görə hiddətlənirik ki, bu sual prezidentdən çox, ölkəmizə, qəhrəman əsgərimizə qarşıydı. Elə çıxırdı ki, Qarabağı işğaldan hansısa terrorçu qrup azad edib, bizim 100 mindən artıq igid əsgərimiz isə onlara kömək etməyib.

44 günlük müharibə zamanı bu söhbəti xalqımıza düşmən qüvvələr – Ermənistan, Fransa, ermənipərəst siyasilər və jurnalistlər dilə gətirirdi. İndi ilin-günün bu vaxtında, qarın əridiyi, qarının qapını bağladığı dönəmdə o boyat söhbəti niyə təzələyirsən, a rəhmətliyin qızı?

Prinsipcə, bu da əsgərimizə şıllaq atmaqdır.

Ona görə də bəzi hamıdan ağıllı və hamıdan müdrik həmkarlar bizə nahaq yerə beynəlxalq jurnalistikanın dəyərləri, peşə etikası barədə dərs keçirilər. Belə jurnalistika yoxdur. Brifinqin mövzusu 29 il öncə Xocalıda baş verən bəşəri faciə və hərbi cinayət idi, suallar da aşağı-yuxarı bu barədəydi. İranlı jurnalistin verdiyi sual isə zərərçəkəni “neprav” çıxarmaq çəhdiydi.

Biz də bu üzdən hiddətləndik. İndi bəzi dostlar da deyir, niyə təəccüblənirsiniz. “Ürəyinizə salmayın, boş verin” deyənlər də var.

Yaxşı, nə edək? Kimsə bizə açıq düşmənçilik edəndə nə əsəbiləşməyək, nə təəccüblənməyək, nə ürəyimizə salmayaq, nə də kefimizi pozmayaq? Elə olmur axı. Şıllaq atanın yanlış hərəkət etdiyini nəzərinə çatdırmasan, elə bilər, bizdə cavab verməyə hünər yoxdur.

Qoy gələcəkdə ölkəmizə gəlib reportaj hazırlayanlar, sual verənlər ağıllı olsunlar. Bir əcnəbi jurnalist gedib onların ölkəsində elə hərəkət etsə, xoşları gələrmi? O vaxt Fəridlə Şəhriyar heç İran bayrağına təpik atmamışdılar, eləcə, şeir söyləməyə getmişdilər, gördük, nə oldu. Mollalar onları 6 ay türmədə yatırtdılar, arada xəbər də yaydılar ki, casusdurlar, asırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR