İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər “pul qazanmaq yolu’’nu bilmirlər? - peşə təhsili dünyada və bizdə

857 05.07.2022 08:10 Təhsil A A

“Bir çox hallarda ixtisasa aidiyyəti oldu-olmadı ali təhsil tələb edilir. Bu isə işə əlçatanlığı azaldır”

Azərbaycanda peşə təhsilinə maraq azdır. Şagirdlər məktəbi bitirdikdən sonra əksər hallarda ali məktəblərə qəbul olmaq istəyirlər. Ali təhsil müəssisəsinə daxil ola bilməyənlər isə balları çatsa da, peşə məktəblərinə, texnikumlara, kolleclərə üz tutmaq istəmirlər.

Hazırda xeyli peşə ixtisası ali təhsil ixtisaslarından daha perspektivlidir. Məsələn, kompüter mühəndisliyi, rabitəçi, tibb bacısı, elektronika üzrə mütəxəssis və s. Bəs  niyə bizim gənclər peşə məktəblərinə üz tutmurlar? Dünya təcrübəsində peşə təhsilinə böyük önəm verilir. Biz bu təcrübəni necə tətbiq edək?

Qeyd edək ki, 2021-2022-ci tədris ilində peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 23 784 müraciət daxil olub. Onlardan 16 590 nəfəri tələbə adını qazanıb. Peşə təhsili müəssisələrinə qəbul olanların sayı əvvəlki illərlə müqayisədə 12 faiz artıb. 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə tələbə qəbulu aparılıb.

 “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində qeyd olunub ki, peşə təhsilinə 63 843 628,0 manat ayrılacaq.

Bununla belə, təhsil nazirinin müavini İdris İsayev  bu yaxınlarda bildirmişdi ki, peşə təhsili ilə bağlı vəziyyət qənaətbəxş deyil. “Sovet dövründə peşə təhsil sistemində göstərici yüksək olub. Ümumtəhsil müəssisələrindən şagirdlərin təxminən 60 %-i peşə təhsil müəssisələrində təhsil alıb. Amma hazırda cəmi 66 peşə təhsil müəssisəmiz var. Bunların da heç də hamısı təyinatı üzrə fəaliyyət göstərmir. Bunun da səbəbləri var. Bu müəssisələrin bəzilərində məcburi köçkünlər və qaçqınlar məskunlaşıb. Amma buna baxmayaraq, biz yeni peşə təhsili müəssislərinin tikintisini həyata keçiririk” - deyə, nazir müavini qeyd etmişdi.

Təhsil naziri Emin Əmrullayev də bu yaxınlarda peşə təhsili ilə bağlı yeniliklərin olacağını bildirmişdi.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova hesab edir ki, öncə peşə ixtisası ilə bağlı stereotipləri qırmaq lazımdır: “Belə bir düşüncə var ki, yalnız dərslərini zəif oxuyan şagirdlər peşə təhsili almalıdırlar. Bu baxımdan valideynlərlə iş aparılmalıdır. Digər məsələ işəgötürənlərlə bağlıdır. Bir çox hallarda ixtisasa aidiyyəti oldu-olmadı ali təhsil tələb edilir. Bu isə işə əlçatanlığı azaldır. Bacarığa, səriştəyə əsaslanan təhsilin təşviqi üçün bu stereotipləri aradan qaldırmaq lazımdır. Eyni zamanda bir çox sahələrdə mütəxəssis çatışmazlığı var”. 

G.Səfərova peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi və təhsilin keyfiyyəti ilə bağlı işlərin görüldüyünü qeyd etdi: “Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Eyni zamanda özəl təhsil  müəssisələri də peşə mərkəzlərinin açılmasında maraqlı olmalıdırlar. Ümumiyyətlə, proqram sahəsində də xeyli iş görülməlidir. Hesab edirəm ki, bu sahədə olan problemlər tezliklə həllini tapacaq”.

Ali təhsilli gənclərin İŞSİZLİK PROBLEMİ: “Universitetlərdə lazımsız  ixtisaslar var…” – AKTUAL

 Adil Vəliyev

Təhsil eksperti Adil Vəliyev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, əvvəlki illərə nisbətən bu il peşə təhsilinə maraq artıb: “Düşünürəm ki, marağın artması yeni qərarlarla bağlıdır. Belə ki, bəzi peşə məktəblərinin məzunları subbakalavr kimi universitetlərə müraciət edə biləcəklər. Amma bundan öncə valideynlərdə fikir dəyişməlidir. Ali təhsil almaq məcburidir deyə bir fikir olmamalıdır. Ölkənin fərqli sahələrdə peşəkarlara ehtiyacı var. Digər məsələ işlə təminatla bağlıdır. Ali təhsil olsa belə dövlətin işə götürmə məcburiyyəti yoxdur. Əksinə, peşə təhsilinə yiyələnməklə iş tapmaq daha asandır. Nəzərə almaq lazımdır ki, ali təhsil alanlar arasında rəqabət faktoru var. Peşə təhsilli vətəndaş isə özü müstəqil işini qura bilər”.

A.Vəliyevin fikrincə, ali təhsil müəssisələrinə bağlı kolleclər və peşə təhsili müəssisələrinin olması bu sahəyə marağı artıra bilər: “Bu halda təhsilin keyfiyyəti arta bilər. Eyni zamanda qəbul qaydalarında dəyişiklik etmək də faydalı olar. Peşə təhsili alan, yaxud kollec məzunlarını universitetlər daxili imtahanla qəbul etsələr, bu da təşviq üçün effektiv ola bilər”.

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov maarifləndirici tədbirlərin görülməsini zəruri hesab edir: “Ölkəmizdə mütəxəssislərə ehtiyac var. Valideynlərin övladlarını ali təhsilli görmə arzusunu anlayırıq, lakin istəksiz gənci buna məcbur etməyə nə lüzum var? Azərbaycanda peşə təhsili müəssisələri yaradılıb. Bakıda, Bərdədə və respublikanın bir çox bölgələrində yüksək səviyyəli kolleclər fəaliyyət göstərir. İmkanlar var, sadəcə, bu imkanlardan istifadə etmək lazımdır. Bu sahədə təbliğatın da önəmli rolu var. Məktəblərdə görüşlər keçirilməli, fikir mübadiləsi aparılmalıdır. Həmçinin qeyd etmək yerinə düşər ki, yaxşı peşə təhsili alan mütəxəssislər ali təhsilli şəxslərdən heç də az vəsait qazanmırlar”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR