İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn ildən evini sığortalamayanlar cərimə olunacaqlar

10875 04.11.2019 10:30 Ölkə A A

Xəyal Məmmədxanlı: “Əmlak Komitəsi ilə İcbari Sığorta Bürosu ciddi addımlar atacaqlar”

Gələn ilin yanvarından etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına dair qanunvericiliyin tətbiqi sahəsində ciddi addımlar atılacaq. Sığorta sistemindən verilən məlumata görə, 2011-ci ilin iyunundan qüvvəyə minən “İcbari sığortalar haqqında” Qanunun daşınmaz əmlakla bağlı müddəaları indiyədək, demək olar ki, icra olunmamış qalıb. 2020-ci ilin yanvarından etibarən qanunun daşınmaz əmlakın sığortasını icbari edən 2-ci fəslinin icrasına sərt nəzarət mexanizmi tətbiq olunacaq. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək.

Səkkiz il əvvəl qəbul edilən qanun niyə işləmədi?

Qeyd edək ki, qanunverici baza səkkiz il əvvəl formalaşdırılsa da Azərbaycanda daşınmaz əmlakın sığortası sahəsində ciddi irəliləyiş əldə olunmayıb. Əhali könüllü şəkildə bu sığorta növünə meyl etmir. İcbari sığorta yalnız daşınmaz əmlakla bağlı hüquqi prosedurlar - başqa ada keçirmə, girov qoyma, ipotekaya salma və sair zamanı məcburi olaraq tətbiq edilir. İndiyədək bu məsələyə loyal yanaşan hökumətin yeni ildən sərt nəzarətə əl atmasının səbəbləri maraq doğurur. Ümumiyyətlə, dünyada daşınmaz əmlakın sığortasının icbari edilməsinə dair təcrübəyə çox az rast gəlinir. Azərbaycanda bu addıma nədən gedildi?

Rövşən Ağayev ile ilgili görsel sonucu

Rövşən Ağayev: “Daşınmaz əmlakın sığortası könüllü olmalıdır”

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, dünya təcrübəsində yalnız Banqladeş və Belarusda daşınmaz əmlakın sığortası icbari xarakterli sığortalar sırasındadır: “Amma məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı hesabata görə, inkişaf etmiş ölkələrdə, demək olar ki, belə təcrübə yoxdur və həmin sığorta daha çox könüllüdür. Bəzi ölkələrdə, o cümlədən Türkiyə və Britaniyada əmlakın zəlzələ və digər təbii fəlakətlərdən icbari sığortası var. Ümumiyyətlə, OECD ekspertləri hesab edirlər ki, icbari sığorta mexanizmi əsasən 3-cü şəxs qarşısında məsuliyyətin sığortası, bir də riskə məruz qalma ehtimalı yüksək olan sosial məsələlərdə tətbiq edilməlidir”.

Ekspert hesab edir ki, daşınmaz əmlakın sığorta olunmasının əmlak sahibləri üçün böyük faydası  var: “Hazırda inkişaf etmiş ölkələrdə mənzillərin 90 faizə qədəri əmlak sığortasına cəlb olunur. Mənim vurğum o məqamadır ki, bu proses könüllü olmalı, insanlar sığortanın üstünlüyünü görüb özü buna getməlidir. Amma insanların da bunu hiss etməsi üçün sığorta xidmətlərinin keyfiyyəti artmalıdır. Bu, hansısa qrupun marağına xidmət edən mexanizm olmamalıdır”.

Xəyal Məmmədxanlı ile ilgili görsel sonucu

Sığorta sahəsi üzrə mütəxəssis Xəyal Məmmədxanlı isə hesab edir ki, Azərbaycanda daşınmaz əmlakın sığortasını icbari etmək zəruri addımdır: “Daşınmaz əmlakın sığortasının icbari sığortalar növünə aid edilməsini nəzərdə tutan qanunun tətbiqinə dair prezident fərmanında hüquqi şəxslərə məxsus əmlakın sığortalanmasına nəzarət Fövqəladə Hallar Nazirliyinə, fiziki şəxslərə nəzarət isə yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Təəssüf ki, hüquqi şəxslərin daşınmaz əmlakının sığortası ilə bağlı vəziyyət nisbətən qənaətbəxş olsa da, fiziki şəxslərlə bağlı ciddi problemlər var. Düzdür, hüquqi şəxslərlə bağlı da çətinliklər var: sığorta məbləği əmlakın cüzi bir hissəsini əks etdirir, bir çox müqavilələr formal xarakter daşıyır və sair. Buna baxmayaraq, orada vəziyyət fiziki şəxslərdə olduğu qədər problemli deyil. Bu gün ölkə miqyasında vətəndaşların daşınmaz əmlakının əksəriyyəti sığortalanmayıb. Ya onların sığortadan ümumiyyətlə, xəbərləri yoxdur, ya da normal nəzarət olmadığından əksəriyyət sığortadan yayınır. Yalnız o vətəndaşların əmlakının sığortası var ki, onlar ya sığorta sahəsindən məlumatlıdılar, dünyagörüşlüdülər, ya da daşınmaz əmlakla bağlı hər hansı notarial hərəkət etməli olublar. Bildiyiniz kimi, qanun qəbul olunandan etibarən sığortalanmamış əmlakla bağlı heç bir notarial prosedur həyata keçirilmir.  Buna görə də insanlar məcburən əmlaklarını sığortalamalı olurlar. Bir də yerli faktorlar var. Məsələn, Naxçıvan şəhərində sığortasız əmlak qalmayıb. Qanun orada çox gözəl tətbiq olunur. Ən ucqar kəndlərdə belə daşınmaz əmlakın icbari sığortası var. Bu, o deməkdir ki, istəyəndə bunu etmək olur”.

Mütəxəssis bildirir ki, fiziki şəxslərin daşınmaz əmlakının sığortası sahəsindəki əsas problemlərdən biri prosesin elektronlaşmamasıdır: “Baxın, avtomobil sığortası ilə bağlı proses tam elektronlaşıb. Sığortası olmayan avtomobil radara düşür, cərimələnir və onun sahibinə xəbərdarlıq olunur. 20 gün ərzində sığortalanma həyata keçirilmədiyi halda yeni cərimə tətbiq olunur. Daşınmaz əmlakla bağlı isə vəziyyət fərqlidir. Hər şey kağız üzərindədir, elektronlaşma yoxdur. Ən ciddi problem ondan ibarətdir ki, nə nəzarət edən orqanlar, nə də sığorta şirkətləri vətəndaşın qapısını döyüb əmlakının sığorta olunub-olunmaması ilə maraqlanmır, insanlara bu sığortanın faydaları barədə məlumat verilmir. Eyni zamanda cərimə yazan, yəni nəzarət edən də yoxdur”.

Sənədsiz evləri sığorta etmək mümkün deyil

X.Məmmədxanlı deyir ki, daşınmaz əmlakın sığortasını çətinləşdirən bir sıra texniki problemlər də var: “Əvvəla, Bakı şəhəri və Abşeron yarımadasında yarım milyona qədər sənədsiz ev var. Bu evlərin sahibləri istəsələr belə, əmlaklarını sığorta etdirə bilməzlər. Mülkiyyət sənədi olmadan, bu, mümkün deyil. İkinci məsələ budur ki, Bakının əksər yerlərində binalar var ki, Nazirlər Kabinetinin qərarı ilə onlar sökülməlidir. Qanun isə deyir ki, plana düşən - sökülməsi nəzərdə tutulan əmlak sığortalana bilməz. Üçüncü məsələ, qəzalı binalardakı mənzilləri də sığortalamaq qadağandır. Nəhayət, ən mühüm problem budur ki, Daşınmaz Əmlak Komitəsinin bazası ilə İcbari Sığorta Bürosunun məlumat bazası inteqrə olunmayıb. Avtomobillərlə bağlı bu məsələ tam yoluna qoyulub. Bu gün bir vətəndaşın ad-familiyası və şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onun adına nə qədər avtomobil olduğunu görə bilirik. Amma daşınmaz əmlakla bağlı bu mümkün deyil. Məlumatlar yalnız Əmlak Komitəsindədir. Hazırda bu komitənin bazası ilə İcbari Sığorta Bürosunun bazasının inteqrasiyası prosesi başlayıb. Yanvardan artıq biz daşınmaz əmlakla bağlı da avtomobillərdə olduğu kimi məlumatı əldə edib, elektron sistem üzərindən sığorta müqaviləsini bağlaya biləcəyik. Sadəcə, yenə əsas problem sənədsiz evlərlə bağlı olacaq”.

Qeyd edək ki, ötən ilin fevralında prezidentin imzaladığı fərmanla istismara qəbul olunmamış çoxmərtəbəli binaların istismara qəbulu prosesi asanlaşdırılıb. Yaxın vaxtlarda fərdi evlərin sənədləşdirilməsi ilə bağlı da ciddi addımların atılması gözlənilir. Görünür, hökumət daşınmaz əmlakın icbari sığortasına dair qanunvericiliyəin icrasına nəzarəti gücləndirməklə yanaşı, sənədsiz evlərin sahiblərinə də öz əmlaklarını sığortalatmaq imkanı yaratmağı hədəfləyib".

Ekspert bildirdi ki, Bakıda elə insanlar var ki, yeni binalarda minlərlə mənzili var: “Bu mənzillərin çoxunda yaşayış yoxdur, əksəriyyətinə heç çıxarış da alınmayıb ki, onun sahibinin nə qədər əmlakı olduğuna dair məlumat olmasın. Digər tərəfdən, qeydiyyat problemi var. Yəni çox insanlar qeydiyyatda olduqları ünvanlarda yaşamırlar. Bu isə onları tapıb əmlakını sığortaya cəlb etməkdə çətinliklər yaradır. Daşınmaz Əmlak Komitəsi və İcbari Sığorta Bürosu yanvar ayınadək bütün bu problemləri aradan qaldırmaq üçün aktiv iş aparır. İnşallah ki, yanvardan bu sahədə də elektronlaşmış və təkmil bir sistem oturuşacaq. Ondan sonra əmlakını sığortalamayan şəxslərə qarşı cərimə tətbiq olunacaq. Cərimənin məbləği 30 manatdır, 20 gün müddətində sığortalanmasa, yenidən 30 manat cərimə yazılacaq. Sığortanın özü də çox əlverişli və əlçatandır. İldə cəmi 50 manat ödəməklə vətəndaşlar Bakı şəhərində öz əmlaklarını 25 min manatlıq zərərdən sığorta edə biləcəklər. Təminatlar da çox genişdir”.

Vətəndaşlar icbari sığortadan sonra istəsələr öz əmlaklarını daha yüksək məbləğdə sığorta etdirə bilərlər. Müsahibimiz deyir ki, 1 milyon manat dəyəri olan əmlakı 1500 manat ödəməklə tam sığorta etdirmək mümkündür: “Əmlak sığortası, ümumiyyətlə, bahalı sığorta növü deyil. Əgər sizin əmlakınız tam normalara uyğundursa, rahatlıqla sığorta etdirə bilərsiniz. Evin kommunal təchizatının yoxlanması icbari sığortada nəzərdə tutulmur. Bəzən şirkətlər evin fotolarını çəkirlər hər ehtimala qarşı. Amma qanunda əmlaka baxış nəzərdə tutulur. Könüllü sığortada isə bunu etmək olur”.

X.Məmmədxanlının verdiyi məlumata görə, 2019-cu ilin 9 ayında Azərbaycanda sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortasından 28 milyon 430 min manat sığorta haqqı toplayıblar. Keçən ilin eyni dövründə bu göstərici, 23 milyon 506 min manat təşkil edib.

Yeri gəlmişkən, müsahibimiz də deyir ki, dünyanın əksər ölkələrində daşınmaz əmlakın sığortası könüllü sığorta növü kimi tətbiq olunur: “Bu sığorta əksər ölkələrdə icbari deyil. Adətən, o növlər icbari hesab olunur ki, sizin başqa şəxslərin həyat və sağlamlığına, əmlakına zərər vurmaq ehtimalınız var. Məsələn, avtomobil sığortası kimi. Dünyanın əksər yerlərində vətəndaşlar hesab edirlər ki, öz əmlaklarını sığortalamalıdılar və bunu könüllü edirlər. Azərbaycanda isə vətəndaşlarda belə düşüncə, yumşaq desək, yoxdur. Nəticə isə budur ki, vətəndaş əmlakına dəyən zərərin ödənməsini gəlib dövlətdən istəyir. İndi isə dövlət bu yükü sığorta şirkətlərinin çiyninə dövr etmək istəyir. Baxın, ABŞ-da 11 sentyabr hadisələri zamanı partladılan əkiz qülllələrdə 58 milyard manatlıq zərər yaranmışdı. Bunun bir qəpiyini də dövlət ödəmədi, çünki sığortalanmışdı, dəyərini də sığorta şirkətləri ödədilər. Azərbaycanda ola bilsin ki, müəyyən müddətdən sonra - insanlarda sığorta mədəniyyəti formalaşandan, bu sığortanın faydaları barədə məlumatlanandan sonra bu sığortanı da könüllü etmək mümkün olsun. Necə ki, insanların bir müddət əvvəl kasko sığortadan məlumatı yox idi, amma indi hamı bunu edir, yəqin ki, elə bir dövr gələcək ki, daşınmaz əmlakın sığortasına da elə yanaşma formalaşacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR