İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gedişinə kədərləndim" - Aygün Muradxanlı Rüstəm İbrahimbəyovdan yazdı

894 16.03.2022 15:28 Yazarlar A A

Xarizmatik idi. 

Ermənilər onun paxıllığından ölürdülər; həm də avtoritetindən qorxurdular. Əgər o, qazax xalqının milli mücadiləsinə həsr edilən “Köçəri”(“Koçevnik”) əsərini yazmasaydı, deyərdim, sovet adamıdır. Amma deyildi. Nazarbayev o əsərə möhtəşəm bir film çəkdirib. Zamanınız olanda baxın. İçində böyük türk ruhu daşımayan insan elə bir əsər yarada (yazmayıb gerçəkdən, yaradıb) bilməz.

Gürcülər onu qüruruna, ruslar professionallığına görə sevirdilər. İncəsənət anlayışına görə fransızlar, müdhiş çalışqanlığı ilə amerikalılar üçün özəl idi. Oskar Kino Akademiyasında olmaq razılaşaq ki, sıradan bir məsələ deyil. Rüstəm İbrahimbəyov o miqyasa çatan tək adamımızdır.

Amma… O, sovet dönəmində yetişmişdi. Bakı ruhunu qismən qoruyub saxlasa da sovet qəlibləri də ona yad deyildi. Anası Fatma xanımdan, ailəsindən, uşaqlığından danışanda anlayırdın ki, təpədən-dırnağa Bakı mədəniyyətinin daşıyıcısıdır.


Rüstəm bəyin əsas özəlliyi o idi ki, çağın nəbzini gözəl tuturdu. Bu sözü müsbət mənada deyirəm, sırf onun sənətkarlığı mənasında. O, SB-da yetişsə də ölkə dağılanda bəziləri kimi o qəlibi qucaqlayıb qalmadı, dünyaya açıldı, planetin ən yüksək kino ödülünü - Oskarı qazandı. Adı ilə millətin adını da yüksəklərə daşıdı.

Bu sözü əminliklə deyirəm, o, Azərbaycanı çox sevən, azərbaycanlı kimliyinin seçkin kimlik olduğunu hər fürsətdə sübut etmək üçün sənətkarlığın zirvəsinə çatan və orada qalmağı bacaran şəxs idi.

Kaş siyasətə gəlməyəydi. MŞ-nın yaranma prosesini ən yaxından izləyən 3-5 qəzetçidən biriyəm. Neçə müsahibəm olub Rüstəm bəylə. Bakıda, öz dililə desək, “Krepostdakı” (İçəri Şəhərdəki) evində, MŞ-nın ofisində, Tiflisdə. Necə böyük bir oyun içərisində olduğunun fərqində deyildi. Tiflisdə MŞ-nın onun iştirak etdiyi toplantısında da oldum. O xarizmada, o böyüklükdə sənətkar siyasətdə piyada idi.

2 il olar hansısa yazımda adını çəkmişdim deyə, təşəkkür üçün zəng etmişdi mesencerdən. Həm təəccüblənmişdim, həm də çox sevinmişdim. Gedişinə kədərləndim...

Allah rəhmət eləsin, yeri behişt olsun.

Aygün Muradxanlı, PRİME TV-nin rəhbəri

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR