İnsanlara hürriyət, millətlərə istiqlal!

GÜRCÜSTAN TÜRKLƏRİNİN PROBLEMLƏRİ YENİDƏN MÜZAKİRƏYƏ ÇIXARILDI

3214 05.12.2012 09:59 Gündəm A A

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev çıxışında Azərbaycan dövlətinin Gürcüstandakı həmvətənlərimizin problemlərinin qısa zamanda aradan qaldırılacağına ümid etdiklərini söylədi. M.Dərziyev nümayəndə heyəti olaraq emosiyalardan, populist çıxışlardan uzaq, işgüzar şəraitdə Azərbaycanın Gürcüstanla əlaqəli dövlət qurumlarında problemləri müzakirə etmək, onların həllinə nail olmaq üçün Bakıya gəldiklərini bildirdi.

Professor Xaləddin İbrahimli səsləndirilən problemlər barədə hər dəfə toplaşıb müzakirələr aparıldığını, həm Gürcüstan, həm də Azərbaycan hökumətinə təkliflər təqdim edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu addımlardan sonra belə, problemlər həllini tapmaq əvəzinə, onların sırasına yeniləri də əlavə olunub: “Hazırda Gürcüstanda 500 mindən artıq azərbaycanlı yaşayır. Azərbaycan tərəfinin tətbiq etdiyi yeni qaydalara uyğun olaraq, onlar Azərbaycanda 1 aydan artıq qala bilməzlər. Buna riayət etməyənlər 401 manat cərimə olunur. Hesab edirəm ki, bu, insanları ələ salmaqdır. Qloballaşan dünyada sərhədlərə nəzarətin yumşaldıldığı bir vaxtda Azərbaycan-Gürcüstan sərhədində soydaşlarımıza qarşı tətbiq edilən cəza metodunu, gediş-gəlişin mürəkkəbləşdirilməsini başa düşə bilmirəm”.

Müstəqil ekspert Kamran Ramazanlı sadalanan problemləri ictimailəşdirmək üçün silsilə tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, soydaşlarımızı müəyyən qüvvələrin təxribatına uymamağa, Azərbaycan rəsmiləri ilə aparılan danışıqların nəticəsini gözləməyə çağırıb.
“Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov isə bildirdi ki, Gürcüstanda 37 min gürcü təhsilli azərbaycanlı olsa da, onları işə götürmürlər.
Milli məclisin deputatı Vahid Əhmədov çıxışında bildirdi ki, Azərbaycan hakimiyyəti BTC, BTQ kimi bir çox önəmli layihələri Gürcüstan vasitəsilə həyata keçirir: “Bizim Gürcüstana borcumuz yoxdur. Mən 1993-cü ildə baş nazirin birinci müavini olanda Gürcüstanın bizə küllü miqdarda borcu var idi. O borcu sildik. Biz nə ediriksə, Gürcüstanda yaşayan soydaşlarımıza görə edirik”.

Əslən Gürcüstandan olan sabiq millət vəkili Nəsib Nəsibli bildirdi ki, çinli ilə Gürcüstandan, Dərbənddən, Güneydən gələnlər arasında fərq olmalıdır: “Bu fərq yoxdursa, deməli, bu hökumət milli hökumət deyil. Bütün problemlərimiz bundan qaynaqlanır. Elə bil doğurdan da göstəriş verilib ki, bu insanları sıxmaq lazımdır. Avropada yaşayan azərbaycanlılardan Qarabağ məsələsinin təbliğatının aparılmasını istəyirlər. Onlar Azərbaycana gələndə viza məsələsini ortaya atırlar. Azərbaycanlıların Gürcüstanda açdıqları 257 şirkətdə heç 257 azərbaycanlı işləmir. Bu, nə deməkdir”.

Marneuli rayonunun Kirovka kəndinin axundu hacı Mirhüseyn Əsədov çıxış edərək Gürcüstan Müsəlmanlar İdarəsi rəhbərliyinə keçirilən seçkilərdən narazı qaldıqlarını bildirdi: “İki dəfə cinayət işinə görə həbsdə yatan, Quranı oxuya bilməyən adamı Gürcüstan müsəlmanlarına şeyx qoydular. Bu üzdəniraq şeyxi ağ don geyindirib ortaya çıxartdılar”.
Tədbirdə Gürcüstan Milli Konqresinin sədri Əli Babayev, Gürcüstan Türkləri Konseyinin prezidenti Daşqın Gülməmmədov və başqaları da çıxış edərək, Gürcüstandakı soydaşlarımızın problemlərinin həlli yolları haqqında danışdılar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR