İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Senatının bədnam qətnaməsi Ermənistanda belə qarşılandı  

2313 16.11.2022 18:30 Region A A


Xəbər verdiyimiz kimi Fransa Senatı Azərbaycana qarşı əsassız ittihamlar və tələbləri əks etdirən qətnamə qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəd Ermənistanın özündə ekspertlər arasında sevinclə qarşılanıb. Amma onların içərisində ehtiyatla danışanlar da var.

Erməni politoloq Andrias Qukasyan “Kavkazskiy uzel” saytına müsahibəsində Fransa Senatının qətnaməsini Ermənistan, Dağlıq Qarabağ və Azərbaycanla münasibətlərdə rəsmi Parisin xarici siyasətinin formalaşması yolunda ikinci ən böyük sənəd adlandırıb.

Onun sözlərinə görə, birinci sənəd Fransa Senatı və Parlamenti tərəfindən “Dağlıq Qarabağın tanınması haqqında qətnamə” (?) olub. “Əslində Fransanın özündə Parisin Ermənistan və Qarabağın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə biləcəyi fikri kök salıb. Fransanın “DQR”i (qondarma, oyuncaq rejimi-red.) tanımağa hazır olması və Qarabağ ermənilərinin hüquqlarını qoruması vacibdir”,-deyə o bildirib.

Politoloqun fikrincə, yeni qətnamənin qəbulu Fransanın beynəlxalq təhlükəsizlik məsələlərində həm Ermənistanın özü, həm də Dağlıq Qarabağ üçün qarant olmağa hazır olduğunu göstərir. “Ermənistan Rusiyadan asılı olmamaq üçün milli təhlükəsizlik sistemini şəkləndirməli və İrəvana bütün lazımi dəstəyi verə biləcək ölkələrlə tərəfdaşlıq qurmalıdır”, - deyə Qukasyan vurğulayıb.

Onun fikrincə, qəbul edilən qətnamənin hüquqi nəticələri Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır. “Dağlıq Qarabağın tanınması” haqqında 2020-ci il qətnaməsi (Azərbaycanla) sülh müqaviləsi adı altında Ermənistana ağır şərtlər tətbiq etmək cəhdinin qarşısını aldı. Dağlıq Qarabağın müstəqilliyinin tanınması bu cür planların həyata keçirilməsinə mane oldu. İndi Ermənistan hökumətinin iki il əvvəlkindən daha çox imkanları var. Ermənistan Fransa ilə münasibətlərin yeni müstəviyə keçməsindən yararlanmağa borcludur. Fransa öz addımını atıb, qalan hər şey Ermənistan hakimiyyətindən asılıdır”, - deyə Qukasyan bildirib.

Erməni siyasi ekspert Armen Vardanyan isə indiki mərhələdə qəbul edilən qətnamənin praktiki əhəmiyyəti olmayacağını söyləyib.

“Hökumət müvafiq qərar qəbul edənə qədər bütün bunlar deklarativ xarakter daşıyır. Fransanın sanksiyaların tətbiqinə gedəcəyi şübhə doğurur. Bununla belə, qətnamənin siyasi nəticəsi olacaq”,-deyə o qeyd edib.

Armen Vardanyanın fikrincə Fransa Senatının qətnaməsi kifayət deyil, AB-nin özünün də bu məsələyə vahid yanaşması zəruridir. “Bizə AB-nin qərarı lazımdır ki, real sanksiyalar olsun. Xüsusən də Avropa İttifaqının Azərbaycan qazından asılı olduğu indiki mərhələdə... Macarıstan və bir sıra digər ölkələr Azərbaycana qarşı sanksiyalar tətbiq etmək cəhdlərinin qarşısını alır. Sanksiyaların qəbulu üçün ilkin şərtlər hələ görünmür”, - Vardanyan bildirib.

Siyasi ekspert Naira Ayrumyan Fransa Senatında səsvermənin G20 sammiti ilə paralel baş tutduğunu, orada Makronla Ərdoğanın görüşdüyünü xüsusilə qeyd edib.

“Bu fakt onu deməyə əsas verir ki, Fransa 100 il əvvəl Rusiya və Türkiyənin ayrı-ayrı sazişlər imzalayaraq Cənubi Qafqazı özlərinin müstəsna məsuliyyət zonasına çevirməsinin qarşısını almaqda qərarlıdır. Fransa, ABŞ və 1923-cü ildə Birinci dünya müharibəsindən sonra dünyanın taleyini həll edən bütün aktyorlar, Versal müqaviləsindən başlayaraq, yeni dünya nizamının qurulmasının bir hissəsi kimi beynəlxalq səviyyədə yeni sərhədləri müəyyən edəcəklər,”-deyə o söyləyib.

Ayrumyanın iddiasına görə, Fransa Senatındakı səsvermə prosesin beynəlmiləlləşməsinə işarə edir. “Bunun Fransanın icra hakimiyyətinin praktikasına necə təsir edəcəyini proqnozlaşdırmaqda çətinlik çəkirəm, lakin açıq-aydın görünür ki, Fransa da əslində ABŞ kimi yeni Rusiya-Türkiyə sövdələşməsinə icazə verməyəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR