Son günlər dünyanın müxtəlif bölgələrində baş verən zəlzələlər yenidən seysmik aktivlik məsələsini gündəmə gətirib. İyunun 8-dəFilippinin Mindanao adasının cənub sahillərində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 33 nəfər isə itkin düşüb.
Bu gün isə Çinin şimal-qərbində yerləşən Çinhay əyalətində 6,4 bal gücündə yeraltı təkan baş verib. Bundan bir neçə gün əvvəl isə Azərbaycanda, Qəbələ rayonu ərazisində 5,3 bal gücündə zəlzələ qeydə alınmışdı.
Fərqli coğrafi bölgələrdə qısa zaman intervalında baş verən bu hadisələr cəmiyyətdə müəyyən suallar doğurur. Bəzi insanlar dünyanın müxtəlif nöqtələrində müşahidə olunan seysmik fəallığın bir-biri ilə əlaqəli olub-olmadığını, qlobal miqyasda tektonik proseslərin aktivləşib-aktivləşmədiyini maraqla izləyirlər.
Bu hadisələr təsadüfi zaman uyğunluğudur, yoxsa Yer kürəsinin tektonik proseslərində müəyyən aktivləşmənin göstəricisidir?

Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bu ərazilərin hamısı seysmik zonalarda yerləşir. Hələlik planetin ən nəhəng, planetar səviyyədə olan üç seysmik zonasından kənarda hər hansı hadisə baş verməyib. Bu zonalarda zəlzələlərin olması tamamilə normal bir haldır və birbaşa yerin daxili mahiyyətindən, quruluşundan irəli gəlir. Yer kürəsi elə bu zəlzələlər sayəsində yaranıb və bu proses hələ də davam edir.
Bizim Qəbələ rayonunda və digər bölgələrdə baş verən seysmik titrəyişlərin hamısı qanunauyğun şəkildə davam edir. Çünki yer qabığının seysmik zonaları, o cümlədən bizim də daxil olduğumuz böyük Alp-Himalay seysmik qurşağı Alplardan başlayaraq İndoneziyaya qədər uzanır. Digər tərəfdən, Sakit okeanın həm qərbində, həm də şərqində – şimaldan başlayıb Cənub qütbünə qədər olan seysmik zonalarda da zəlzələlər baş verir. Yer kürəsinin həmin zonalarında zəlzələlərin olması o qədər də təəccüblü deyil. Məsələn, Filippində də zəlzələlər tez-tez baş verir”.
Seysmoloqa görə, Qəbələ seysmik zonada yerləşdiyinə görə orada tez-tez zəlzələnin olması normaldır: “Şəkidən başlayaraq Şamaxıya qədər olan ərazilər ən güclü seysmik zonalara aiddir. Ona görə də buna qarşı nə etmək olar? Bunun başqa bir əlacı yoxdur. Ümumi götürdükdə ən yaxşı müqavimət zəlzələyə davamlı tikintilərin aparılmasıdır. Tikinti və digər bu kimi məsələlər elə həll olunmalıdır ki, burada insan tələfatı minimuma ensin, ümumiyyətlə, tələfat olmasın. Çünki digər aktiv zonalarla müqayisədə, bizdə qorxulu və dağıdıcı zəlzələlər o qədər də çox olmur. Buna görə də tikinti texnologiyasını təkmilləşdirmək və yaşadığımız ərazinin seysmik şəraitinə uyğun binalar inşa etmək, qorumaq lazımdır.
Zəlzələlər, bir növ ancaq öz zonalarında təsir göstərir (hələlik yalnız öz daxilində). Bir zonada baş verən zəlzələnin digər zəlzələ zonasına keçib orada yeni bir ocaq yaratması mümkün deyil. Yalnız Sakit okeanın qərbindəki seysmik zolaq şimaldan İndoneziyaya qədər uzandığı üçün, həmçinin bizdəki Alp-Himalay qurşağı da İndoneziyaya qədər getdiyi üçün, bu sistem daxilində müəyyən qarşılıqlı təsirlər ola bilər. Amma bu da qorxulu deyil. Zatən seysmik zonada istənilən vaxt zəlzələ baş verə bilər. Yeraltı litosfer tavalarının bir-birini sıxması prosesi gecə-gündüz, fasiləsiz davam edir. Burada təşvişə düşəcək bir şey yoxdur. Bu, yer planetinin qanunauyğun inkişaf mərhələsidir. Yerdəki seysmoloji proseslər özünəməxsus qaydada davam etməkdədir”.
Afaq Mirayiq,
Musavat.com






