İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı: “Belə təxribatların arxasında Azərbaycanı qəbul etməyən qüvvələrin maraqları var”

1754 17.02.2019 18:21 Gündəm A A

Deputat Moskvadakı davanın şişirdilməsi səbəbindən danışdı

Rusiya paytaxtının Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlılara məxsus “Neolit” kafesində çeçenlərlə həmyerlilərimiz arasında baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Kriminal zəmində baş vermiş hadisənin böyük bir qarşıdurma şəkilində təqdimatı məsələyə Çeçenistan və Azərbaycan rəsmilərinin qarışmasını şərtləndirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifov geniş əks-səda doğurmuş insidentlərlə əlaqədar Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Oleq Baranovla görüşüblər. Səfir Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar tələb olunduğu barədə Rusiya DİN-in Baş İdarə rəisini məlumatlandırıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan və tarixin bütün sınaqlarından layiqincə çıxan dostluq və qardaşlıq münasibətlərinə ziyan vura bilməz. Çeçenistanın mətbuat və informasiya naziri Canbulat Umarov isə Çeçenistan rəhbəri Ramzan Kadırovun adından çıxış edərək, bildirib ki, çeçen və Azərbaycan xalqları böyük mədəniyyətin davamçılarıdır və hər hansı cinayət hadisələrini sosial şəbəkələrdə yayanlar iki qardaş xalqın dostluq münasibətlərini poza bilməyəcəklər. O qeyd edib ki, Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq istəyən müəyyən kriminal qüvvələr var. Umarov hazırda sosial şəbəkələrdə yayılan müəyyən təxribat xarakterli məlumatlara uymamağa, habelə Çeçenistanla Azərbaycanın nüfuzlu siyasətçilərinin sözlərinə diqqətlə yanaşmağa çağırıb.

Deputat Fəzail Ağamalı baş verən insidentin bu səviyyədə şişirdilməsi ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. Deyib ki, müəyyən siyasi dairələrin Moskvada azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insidentdən məqsədli şəkildə şou yaratmaq cəhdləri ortadadır: “Heç bir halda iki xalq arasında toqquşmadan söhbət gedə bilməz. Bu, sadəcə olaraq, məişət zəminində baş vermiş anlaşılmazlıqdır, kriminal hadisədir. Azərbaycan xalqı ilə çeçen xalqı tarixən dost olub. Hətta 19-cu əsrdə Şeyx Şamil hərəkatında azərbaycanlıların da rolu olub. Bundan başqa Şeyx Şamil hərəkatını tədqiq edən görkəmli filosof, alim Heydər Hüseynov da azərbaycanlıdır. Heydər Hüseynov 19-cu əsr ictimai fikir tarixində Şeyx Şamil hərəkatının fəlsəfi və obyektiv şərhini verib. Sonrakı tarixi proseslərdə də çeçenlərlə azərbaycanlıların münasibətləri çox yüksək səviyyədə olub. Xatırlayıram ki, Çeçenistanda müharibə gedən zaman mənimlə o zaman prezidentin milli məsələlər üzrə müşaviri olan Hidayət Orucov Qroznıya  getdik. O zaman Çeçenistan prezidenti Aslan Məshədov idi. Orada təşkil olunan mitinqdə iştirak etdik, Azərbaycanın dost və xoş münasibətləri Hidayət Orucov orada ifadə etdi. Çeçenistanda müharibə zamanı Azərbaycan bütün imkanlarını çeçen xalqının üzünə açıq etdi. O dövrdə Bakının mərkəzində müharibədən yayınan xeyli çeçen ailələri yaşayırdılar. Uşaqlarının, ailələrinin qırğından qurtarması üçün Azərbaycan öz imkanlarını çeçen xalqına əsirgəmədi. Azərbaycanla çeçen xalqı hər zaman dost olublar. Biz tarix boyu dost xalqlar olmuşuq. Moskvada baş verən hadisə kriminal zəmindədir. Hər millətin ziyalısı, alimi, müəllimi olduğu kimi kriminal elementlər də var. Azərbaycanlı öz azərbaycanlısı ilə, çeçen öz çeçeni ilə dalaşmırmı? Xırda məsələlər üzərində bu və buna bənzər davalar olur. Məsələnin bu dərəcədə şişirdilməsi heç şübhəsiz ki, Azərbaycan çeçen münasibətlərinin, həm də Rusiya-Azərbaycan münasibətlərinin bugünkü inkişaf səviyyəsindən narahat olan qüvvələrin marağı daxilindədir. Çox yaxşı hal oldu ki, bununla bağlı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi geniş açıqlamalar verdi. Azərbaycanın mövqeyini nümayiş etdirdi. Eyni zamanda Çeçenistan prezidenti, informasiya naziri də məsələyə adekvat reaksiya verdilər. Moskvada çeçen icması ilə Azərbaycan icması da görüşüblər, bir-birinə qardaş deyiblər. Orada da ifadə olunub ki, baş verən kriminal hadisənin şişirdilməsi çeçen və Azərbaycan xalqının dost-qardaş münasibətlərinin korlanmasına hesablanan addımlardandır”.

Fəzail Ağamalı əmindir ki, kriminal məsələnin bu səviyyədə şişirdilməsində ermənilərin rolu var: “Ermənilərin Rusiyanın ictimai siyasi həyatında, mətbuatında çox geniş təsir imkanları var. Onlar bu imkanlardan istifadə edib çeçenlərlə azərbaycanlılar arasında münasibətləri kəskinləşdirməyə çalışdılar. Lakin buna nail ola bilmədilər. Məsələyə hər iki dövlətin rəsmi səviyyədə reaksiya verməsi, həm də icmalar şəkilində hər iki xalqın nümayəndələrinin bir-birinin əlinin sıxması xain niyyətlərin gerçəkləşməsinin qarşısını aldı”.

Deputat hesab edir ki, bu cür təxribatların bundan sonra da olacağını istisna etmir. Düşünür ki, belə təxribatların arxasında Azərbaycanı qəbul etməyən qüvvələrin maraqları var. Buna görə də təxribatlara uymamağı vacib sayır.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR