İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Soçi razılaşmasına “korrektə”cəhdi

769 10.12.2021 10:10 Siyasət A A

Politoloq Azərbaycanın məcburetmə əməliyyatına başlamasını vacib sayır

Ermənistanın baş nazir müavini Mger Qriqoryan Rusiya KIV-lərinə verdiyi müsahibədə Soçi görüşündə əldə olunan razılaşmanı təhrif etməyə çalışıb.

Sitat: “Biz liderlərin Soçi görüşünə uyğun olaraq, sərhəddə stabillik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı addımlar çərçivəsində Rusiyanın konsultativ iştirakı ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq. Ancaq bu məsələ heç bir halda regionda kommunikasiyaların mümkün açılması ilə əlaqəli deyil”.

M.Qriqoryan əlavə edib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində ekspert alt qrupu yaradılıb və o, kommunikasiyaların açılması halında yüklərin daşınması məsələlərinin həlli ilə məşğuldur: “Bu məsələlərin yekun müzakirəsi hələ keçirilməyib”.

Göründüyü kimi, Ermənistan rəsmiləri yenə görüşdə əldə olunan razılaşmanı təhrif etməklə məşğuldur. Çünki Soçi görüşünün yekun sənədində qeyd olunur ki, tərəflər sərhədlərin dəqiqləşməsi, kommunikasiyaların bərpası və humanitar məsələlərlə bağlı razılığa gəliblər. Hətta həmin görüşdə Putin də dəhlizlərin açılmasının zəruriliyini qeyd edəndə Paşinyan razılıq əlaməti olaraq başını yelləyirdi.(Bakı-xeber) 

Belə olan təqdirdə, Ermənistan rəsmilərinin Soçi görüşünün nəticələrini öz xeyirlərinə “korrektə”etməkdə məqsəd nədir?

Asim Mollazadə: "Yaşlı məmurlar ya xoşluqla gedəcəklər, ya da getməyə  məcbur olacaqlar"

 Asim Mollazadə 

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Ermənistanın yenə də bütün şərtləri qəbul etməyə məcbur qalacağını söylədi: “Ermənistanın bu oyunlarında yeni heç bir şey yoxdur. Xatırladıram ki, Vətən müharibəsindən öncə, müharibə getdiyi günlərdə və müharibədən sonra oyunlarını oynamaqdadırlar. Onların istənilən cəhdləri məğlubiyyətlə nəticələnəcək. Azərbaycan öz iradəsini həyata keçirmək, eləcə də Zəngəzur dəhlizinin açılması üçün bütün zəruri işlərini görəcək. Ermənistan isə bu dəfə də bütün şərtləri qəbul etməyə məcbur olacaq. Yaxşı olardı ki, onlar bunu tezliklə könüllü şəkildə həyata keçirsinlər, yeni itkilər verməsinlər, yeni məğlubiyyətlərlə üzləşməsinlər. Ermənistan hakimiyyəti anlamalıdır ki, onların bir dövlət kimi mövcudluğu ancaq o zaman mümkün ola bilər ki, ərazi iddialarına son qoysunlar, Azərbaycanla sülh sazişini hazırlasınlar, Zəngəzur dəhlizini açsınlar, delimitasiya və demarkasiyanı həyata keçirsinlər, üzərlərinə düşən öhdəlikləri sürətlə yerinə yetirsinlər. Burada vaxt amilinin böyük əhəmiyyəti var. Əks halda, yeni faciələrlə üzləşəcəklər”.

azer huseynov.jpg (95 KB)

 Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov ermənilərə üçüncü şapalağın vurulmasının vacibliyini önə çəkdi: “Mən həmişə demişəm ki, ermənilər sənədləri fərqli şərh edirlər, yəni fərqli izah edirlər. Ona görə də ermənilərlə detallı sənəd imzalamaq lazımdır. Onlarla detalları konkret işlənməmiş heç bir sənədin əhəmiyyəti yoxdur. Məhz ona görə də əslində Soçi sənədi dəqiq bir çözüm gətirmədi. Zəngəzur qlobal layihədir. Ona görə ermənilər ancaq könül bulandırıb zaman uzada bilər. Ola bilər ki, üçüncü şapalaqdan sonra düzəlsinlər. Görək Ukrayna məsələsi necə olur. Araya salıb bunlara bir şapalaq vurmaq gərəkir. Sonra da maddə-maddə dəqiq müqaviləyə oturtmaq lazımdır. Belə ümumi sözlü bəyanatlardan ”çörək" çıxmaz".

Təxribatlarda Ermənistan qədər Rusiya da məsuliyyət daşıyır

 Züriyə Qarayeva 

Politoloq Züriyə Qarayeva Azərbaycanın məcburetmə əməliyyatına başlamasını vacib sayır: “Burada Ermənistanın mövqeyində təəccüblü olan heç nə yoxdur. Ermənistan konkret olaraq 44 günlük savaşda ətraf rayonları itirib. Onsuz da müharibədən öncə ətraf rayonların verilməsi masaya gətirilən mövzu idi. Yəni erməni tərəfin əvvəl-axır razılaşacağı bir məsələ idi. İndi hərb yolu ilə bu əraziləri itirib. Onlar üçün əsas olan Qarabağ iddiaları hələ də gündəmdədir. Bu da gündəmdə olduğu sürəcdə rəsmi İrəvan zaman qazanmağa çalışır. Müxtəlif qüvvələri bu prosesə cəlb etməklə zamanı daha da uzatmağa çalışırlar. Ermənistan yaxşı bilir ki, Qərbin burada özünə xas olan maraqları var. Rusiya da bura daxildir. Bir sözlə, hər iki tərəf öz maraqlarını icra edir. Sülh prosesi Kremlin maraqlarına qətiyyən uyğun deyil. Çünki bu əldə olunarsa, tərəflər bir-birilərinin ərazi bütövlüyünü tanıyacaq və nəticədə üçüncü tərəfə heç bir ehtiyac qalmayacaq, rus sülhməramlıları bölgədən çıxarılacaq. Qərb də bunu istəyir. Münaqişənin dondurulmuş vəziyyətdə qalmasını iki tərəfin hər biri istəyir. Ermənistan da bunun uzanmasına çalışır. Minsk Qrupu variantını yenidən diriltməyə cəhdlər də müşahidə olunur. Sülh danışıqlarına nail olmayınca zaman uzanacaq, məsələlərin həlli yubanacaq. Nəticədə itkilər də olacaq. Necə ki, son olaraq, şəhid verdik. Erməni təxribatlarının sayı da artacaq, əhalimiz öz doğma torpaqlarına gedə bilməyəcəklər. Məlum bəyanatın hələ də 4-cü bəndi icra olunmayıb ki, bütün problemlər buradan qaynaqlanır. Problemlərin kökündə separatçıların hələ də Azərbaycanın öz suveren torpaqlarında qalması ilə bağlıdır. Biz mütləq terrorçuların təmizlənməsi və məcburetmə əməliyyatını həyata keçirməliyik”.

Akif Nağı yenidən QAT sədri seçilib

 Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, ermənilərin məqsədi vaxt qazanmaqdır: “Bütün bunlar bir daha göstərir ki , ermənilərlə hər hansı razılaşmaya inanmaq olmaz. Məşhur bir deyim yada düşür ki, ermənilər hətta sənədə imza da atıblarsa, bu o demək deyil ki , öhdəliklərini yerinə yetirəcəklər. Ona görə də biz Qriqoryan və digərlərinin bu ”korrektlər"inə hələ çox rast gələcəyik. Ermənilər istənilən yolla 10 noyabr və 11 yanvar, həmçinin son Soçi bəyanatlarından qaçmağa çalışırlar. Onların məqsədi vaxt qazanmaq, üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməkdir. Ermənistan rəhbərliyi vaxtı uzadır ki, Azərbaycanın geri çəkilməsi üçün hansısa təzyiq vasitəsini əldə etsin. Azərbaycana təzyiq imkanlarını həm Qərbdə, həm də Rusiyada axtarırlar. Ümid edirlər ki, beynəlxalq şərait dəyişə, hansısa böyük dövlətin Ermənistana alət qismində ehtiyacı ola bilər. Onlar ola biləcək həmin şəraitdə alət rolunu oynamağı, eyni zamanda, öz məqsədlərinə çatmaq üçün vəziyyətdən istifadə etməyi düşünürlər. Ötən əsrin 90-cı illərində bu cür hadisələr baş vermişdi. Amma başa düşmürlər ki, Azərbaycan Türkiyə ilə birlikdə ciddi güc mərkəzinə çevrilib və bu gücə qarşı başqa bir güc yoxdur. İndiki şəraitdə Azərbaycan heç bir halda vaxtın uzadılmasına imkan verməməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR