İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sərhədə qoşun yığdı, Vaşinqton Bakı üstündən erməniyə əl uzatdı: Brüssel görüşünə günlər qalır - “DƏRİN TƏHLİL”

3287 10.12.2021 20:00 Gündəm A A

İrəvan Brüssel görüşündən sonra da razılaşmalara “təpik atacaqmı”?

Verilişimizin təsadüf etdiyi 10 dekabr təqvim günü Azərbaycan və dünyamız üçün əlamətdar tarixdir. Düz 1 il öncə Azərbaycan məhz 10 dekabrda özünün Zəfər Paradını qeyd etdi. O möhtəşəm və tarixi paradda Azərbaycan və Türkiyə prezidentləri, o cümlədən iki qardaş ölkənin silahlı qüvvələri bir arada, bir meydanda idilər. Hər iki ulusun rəhbərləri proqram xarakterli çıxışlar etdilər, arzu və diləklərini bildirdilər, sülh çağırışı etdilər. O parad regionun geopolitik axtitekturasını yenidən müəyyənləşdirən başlanğıc nöqtəsi oldu. Hərbi əməliyyatlar bitdi, zəfər qazanıldı, düşmən ordusu və ölkəsi darmadağın edildi. Mesaj verildi ki, indi Qarabağın bərpası və böyük qayıdışa hazırlanmaq zamandır. İndi bölgədə yeni əməkdaşlq formatlarının başlanması zamandır. Bu kimi mesajlar təqvimdə 10 dekabr tarixinə öz möhürünü vurmuş durumdadır.

Ötən bir ildə Azərbaycan qələbəsini daha da möhkəmlətdi!

Azərbaycanın yaratdığı yeni status-kvo bütün dünya tərəfindən qəbul edildi. Onun möhtəşəm zəfəri, hərbi qələbəsi düşmən ölkə də daxil, bütün güc mərkəzləri tərəfindən qəbul edilib.

Məhz bu gün Türkiyə və Azərbaycanın bölgənin və dünyanın gələcəyi üçün təklif etdikləri 3+3 formatı çərçivəsində Moskvada ilk toplantı oldu! Məhz bu zəfər sayəsində indi Türkiyə həm masada, həm də Qarabağdadır.

Bu günə aid daha bir hadisə ABŞ prezidenti Cozef Baydenin “Demokratiya sammiti” adlı teatrıdır. Gözlənildiyi kimi, xüsusi önəmi olan heç bir şey baş vermədi, dünya dağılmadı, bu tamaşaya dəvət olunmayan dövlətlər, iqtidarlar yıxılmadı... Rusiyasız, Türkiyəsiz və Azərbaycansız keçirilən “demokratiya sammiti”nə çox da önəm verməyə dəyməz. Lakin heç önəm verməmək də doğru olmazdı. Ona görə də bu gün biz “Dərin təhlil”imizdə təqvim günümə aid hər iki hadisədən danışacağıq.

Lakin təhlilimizin əsas mövzusu Brüssel sammiti ilə bağlıdır.

Məlum olduğu kimi, dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək. Az qala, bir aya yaxındır ki, bu görüş ətrafında ən müxtəlif müzakirələr davam etməkdədir. Biz də bu studiyadan həmin tarix və görüş üçün 2 veriliş həsr etmişik.

Soçi görüşü öncəsi Ermənistan-Azərbaycan sərhədində ciddi gərginlik və hərbi toqquşmalar yaşandı. Lakin bu cür təxribatlar belə, prosesin Azərbaycanın istədiyi məcrada getməsinə, nəticələrin bizim maraqlarımıza uyğun olmasına maneə törədə bilmədi. Lakin bir çox ekspertlər hesab edirlər ki, Brüssel Paşinyanın “meydançasıdır”, Ermənistan orada Fransanın timsalında güclü dəstəyə malikdir.

Rusiyalı ekspertlər isə bu mövzuda ilginc iddialar irəli sürüblər. Məsələn, Vitali Arkov deyir ki, İrəvan Brüssel görüşünə böyük ümidlər bəsləyir: “Paşinyanın məqsədi Rusiyanın regiondakı proseslərə təsirini azaltmaq, Qərb ağalarının Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etməyə çalışmaqdır. Bu baxımdan, dekabrın 15-də bizi “Brüssel tamaşası” gözləyəcək”.

Ekspert deyir ki, Brüssel heç vaxt hər iki tərəfi eyni vaxtda qane edən prinsipial yenilik ortaya qoya bilməz: “Hər şey əvvəllər Moskva tərəfindən Bakı və İrəvanla sıx əməkdaşlıq şəraitində hazırlanıb və onlar tərəfindən qəbul edilib. Bu gedişlə, İrəvan Brüssel görüşündən sonra da razılaşmalara “təpik atacaq”. Bu halda Bakı başqa təsir tədbirləri görəcək. Bakı artıq səbr nümayiş etdirməyəcək. Necə deyərlər, xoş söz və tapanca ilə siz yalnız xoş sözlə qazana biləcəyinizdən daha çoxuna nail ola bilərsiniz”.

Rusiyalı hərbi ekspert Yevgeni Mixaylovun da məsələyə münasibəti olduqca maraqlıdır. Ekspert qeyd edir ki, İlham Əliyev Paşinyana Qərbin dəstəyi ilə əldə edilmiş razılaşmaları dəyişmə imkanı verməyəcək. Onun sözlərinə görə, Ermənistan növbəti dəfə bir neçə stulda əyləşməyə çalışır. O, əlbəttə ki, elə Fransanın timsalında Avropa İttifaqının dəstəyinə ümid bəsləyir: “İrəvanın bu oyunu Moskva “Bunlar nə vaxtadək davam edəcək” sualını verənədək sürəcək. Rusiya Federasiyası regionda sülhməramlı prosesin əsas moderatorudur. Məhz Moskvanın zəmanəti ilə Azərbaycan konkret anlaşmalara razılıq verib.

Ermənistan da öz hərəkətləri ilə Rusiya Federasiyasının həm Dağlıq Qarabağ münaqişəsi üzrə səylərini, həm də bütövlükdə regionda sülh və razılığın əldə edilməsi çabalarını zərbə altına qoyur. Məncə, yaxın vaxtda vəziyyət dəyişəcək, çünki Moskvanın səbri tükənir”.

Bütün bu iddia və xəbərdarlıqlar, nüanslar hazırda “TV Musavat”ın canlı yayınlanan “Dərin təhlil” verilişində müzakirə edilir.

"Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun təqdimatında baş tutan verilişin qonaqları millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, tarix elmləri doktoru, professor Musa Qasımlı, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov və Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərdir.

Verilişdə oxucularımız və izləyicilərimiz də iştirak edə bilərlər. Bunun üçün aşağıdakı linklər vasitəsilə canlı yayına keçid edib efirə qoşulun.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR