İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan seçim etmək məcburiyyəti ilə üz-üzədir - Deputatdan SENSASİON AÇIQLAMALAR

828 15.06.2026 19:10 Siyasət A A

“Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun iyulun 5-də Ermənistana səfər edəcəyini açıqlaması və Brüsselin İrəvana əlavə maliyyə dəstəyi vəd etməsi Ermənistanın xarici siyasətində baş verən geosiyasi dəyişikliklərin davamı kimi qiymətləndirilə bilər. Xüsusilə, Kosun Rusiyanın Ermənistana təzyiqlər göstərdiyini açıq şəkildə bəyan etməsi Avropa İttifaqı ilə Rusiya arasında rəqabətin artıq açıq siyasi müstəviyə keçdiyini göstərir”.

Bu sözləri Musavat.com-a açıqlamasında deputat Rizvan Nəbiyev deyib.

RİZVAN.jpg (133 KB)

Milli Məclisin üzvü qeyd edib ki, son iki ildə Ermənistanın Avropa İttifaqı ilə əlaqələri nəzərəçarpacaq dərəcədə genişlənib:

“2024-cü ildə Brüsseldə keçirilən Aİ-Ermənistan-ABŞ formatlı görüşdən sonra Avropa İttifaqı Ermənistana 270 milyon avroluq dəstək paketi ayıracağını açıqladı. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər maliyyə institutları vasitəsilə Ermənistana yönələn investisiyaların həcmi də artırılır. İndi Aİ Ermənistanın əsas inkişaf tərəfdaşlarından birinə çevrilmək istəyir”.

Rizvan Nəbiyev bildirib ki, Marta Kosun İrəvana səfər edərək “konkret addımlar” atılacağını bildirməsi Aİ-nin Ermənistana münasibətdə daha sistemli siyasət formalaşdırdığını göstərir:

“Bu addımların əsas istiqamətləri kimi iqtisadi dəstək, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və institusional islahatlara yardım nəzərdə tutulur. Brüssel bununla Ermənistanı öz təsir dairəsində saxlamağa və ölkənin Avropa strukturlarına inteqrasiyasını sürətləndirməyə çalışır”.

Deputatın sözlərinə görə, bununla belə, Ermənistanın iqtisadi reallıqları hələ də Rusiyadan ciddi şəkildə asılıdır:

“Ermənistan Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsinin təxminən 40 faizi Rusiyanın payına düşüb. Ermənistanın enerji sektorunda da Rusiya dominant mövqeyini qoruyur. Ölkənin təbii qazının demək olar ki, hamısı Rusiyadan idxal olunur, atom elektrik stansiyasının fəaliyyəti isə Rusiyanın texniki dəstəyi ilə təmin edilir. Bundan əlavə, Ermənistanda fəaliyyət göstərən minlərlə şirkət Rusiya bazarı ilə birbaşa bağlıdır. Məhz bu səbəbdən Moskva Ermənistanın Avropa istiqamətində sürətli yaxınlaşmasını öz maraqlarına təhdid kimi qiymətləndirir. Son aylarda bəzi erməni kənd təsərrüfatı və ərzaq məhsullarının Rusiya bazarına girişinə məhdudiyyətlərin tətbiqi də iqtisadi təzyiq aləti kimi şərh olunur. Rusiya rəsmilərinin Ermənistan qarşısında “ya Avrasiya İqtisadi İttifaqı, ya da Avropa İttifaqı” seçimi qoyması da bu narahatlığın göstəricisidir”.

ZyAQ2PsV5YOKlUY7ss142xVwb6tlPxfGK34KVcui_1200.jpg (121 KB)

Milli Məclisin deputatı bildirib ki, Marta Kosun İrəvana səfəri əslində Aİ-nin Ermənistana siyasi mesajıdır:

“Brüssel göstərmək istəyir ki, Ermənistanın Avropa ilə yaxınlaşması təkcə siyasi bəyanatlarla məhdudlaşmayacaq, həm də maliyyə və iqtisadi dəstəklə müşayiət olunacaq. Lakin Avropa İttifaqının Ermənistana təqdim etdiyi imkanlar hələlik Rusiyanın iqtisadi təsirini tam əvəz edə biləcək səviyyədə deyil”.

Rizvan Nəbiyevin fikrincə, Ermənistan hazırda iki fərqli inteqrasiya modeli arasında seçim etmək məcburiyyəti ilə üz-üzədir:

“Bir tərəfdə ölkənin ən böyük iqtisadi tərəfdaşı olan Rusiya, digər tərəfdə isə maliyyə və institusional dəstək təklif edən Avropa İttifaqı dayanır. İrəvan uzun müddət bu iki istiqamət arasında balans yaratmağa çalışsa da, həm Moskva, həm də Brüssel getdikcə daha aydın seçim tələb edir”.

YYI5woEM9aXIqd6yfNAWg3bPTHVr1pn6F6RxWUdS_1200.jpg (159 KB)

Deputat əlavə edib ki, ölkəmizin maraqları baxımından bu proseslərin diqqətlə izlənilməsi vacibdir:

“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın hansı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməsi onun suveren seçimidir. Bununla belə, regionda yeni geosiyasi rəqabət xəttinin formalaşması və Ermənistanın müxtəlif güc mərkəzləri arasında qarşıdurma meydanına çevrilməsi sülh prosesinə mənfi təsir göstərə bilər. Azərbaycan üçün əsas prioritet Ermənistanın xarici siyasi oriyentasiyasından asılı olmayaraq, iki ölkə arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional əməkdaşlığın inkişafıdır”.

Deputatın sözlərinə görə, Marta Kosun səfəri həm də onu göstərir ki, Ermənistanın Avropa istiqamətində irəliləyişi ilə Rusiya-Ermənistan münasibətlərində gərginlik arasında birbaşa əlaqə mövcuddur:

“Qarşıdakı aylarda İrəvanın bu iki istiqamət arasında hansı tarazlığı qoruya biləcəyi təkcə Ermənistanın daxili və xarici siyasəti üçün deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyacaq”.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR