İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan rəhbərliyinin yanlış siyasətinin “yetim” nəticəsi

568 14.09.2023 16:24 Siyasət A A

Azər Badamov: “Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur”

Əli Orucov: “Rəsmi Bakı Xankəndidəki separatizm xərçəngini kəsib atmalıdır”

Ermənistanın son 30 ildə apardığı yanlış siyasət onun bir dövlət kimi iflası ilə nəticələnib. 44 günlük müharibədən sonra məğlub Ermənistan yanlış siyasətindən əl çəkmək əvəzinə, məkrli oyunlarını davam etdirərək, kimlərdənsə dəstək alacağı illüziyalarına qapılmışdı. Zaman göstərdi ki, yenə də yanıldılar və indi dünyanın ən bədbəxt ölkəsi adlandırıla bilərlər. Hazırda Ermənistana yalnız Fransa qahmar çıxır, burada da Parisin sırf korporativ maraqları var. Paşinyan İrana ümid edirdi, onlara müraciət ünvanlayırdı, amma sonucda Tehranın mövqeyi onu məyus etdi. Avropa İttifaqı da bəyan elədi ki, qondarma seçkiləri tanımır. ABŞ da bu məsələdə avropalılarla həmrəylik nümayiş etdirdi. Hindistanla əlaqələrinə çox ümid edirdi, amma G20-də Dehli bu barədə bir söz belə dilə gətirmədi. Nəhayət, sonda Rusiya da ona öz yerini göstərdi. Beləcə, hazırda Ermənistanın, Paşinyanın arxalana biləcəyi, istəyinə, arzularına, iddialarına uyğun adekvat reaksiya ala biləcəyi ünvan qalmayıb. Azərbaycan apardığı təmkinli, uğurlu siyasətlə çox ciddi uğurlara nail oldu. Ermənistanı faktiki olaraq təcrid vəziyyətinə sala bilmişik. Bundan sonra Ermənistanı nə gözləyir? Ağlı başına gələcəkmi, yoxsa..

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan özünün apardığı çirkin və xain siyasəti nəticəsində əli-qolu kəsilmiş vəziyyətə düşür.

1653985677_azer_badamov.jpg (87 KB)

O qeyd etdi ki, mənasız sülh danışıqları nəticəsiz qaldığından və beynəlxalq aləm məsələyə laqeyd yanaşdığından Azərbaycanın səbri tükəndi:

“Və 44 gündə ermənilərin 30 ildə işğal altında saxlayaraq möhkəmləndikləri əraziləri azad edərək Ermənistanı kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Müharibə bitəndən dərhal sonra Azərbaycan Ermənistana köhnə səhifəni bağlamağı və münasibətlərə təmiz vərəqdən başlamağı təklif etdi. Amma Ermənistan isə zaman udmaq məqsədi ilə əvvəl sülh müqaviləsinin imzalanmasına razılığını bildirərək beynəlxalq platformalarda bəyanatlar səsləndirdi, sonra da Fransanın, Rusiyanın Hindistanın və İranın dəstəyinə arxalanaraq yenidən revanşizm ideyalarına qapandı. Çünki Ermənistan tarixən kimlərsə gəlib torpaqlarımızı alaraq onlara verməyinə öyrəşmişdi. Çünki Azərbaycan o illərdə həm zəif, həm də lidersiz idi. Artıq zaman və reallıq dəyişildi. Azərbaycan heç də Ermənistanın və onun havadarlarının düşündüyü ölkə qalmadı. Bu gün Azərbaycan sözünü deyən, heç kimdən asılı olmayan, beynəlxalq ictimaiyyətin hörmətini qazanmış və öz haqqını heç kimə tapdalanmağa imkan verməyən ölkəyə çevrildi. Düzdür, müharibənin başa çatdığı 3 ildə bizə təzyiqlər göstərmək istəyən dairələr çox oldu. Amma hamıya öz yerini göstərdik. Ermənistan isə eyforiyaya qapılaraq Azərbaycanın icazəsi olmadan Laçın yoluna avtomobil karvanı yığaraq saxta şou yaratdı. Əslində bu məsələ də Fransadan idarə olunurdu. Azərbaycan öz sözündə möhkəm dayanaraq suveren ərazilərimizin bütövlüyünə hamının hörmət etməli olduğunu bildirir və Qarabağda yaşayan erməni əsilli şəxslərin bütün təminatlarını həyata keçirməyə hazır olduğunu bildirdi. Hətta Ağdam yolu ilə RQXC-nin avtomobili ilə humanitar yardım da çatdırıldı. Ermənistan isə Fransanın ssenarisinə əsasən Qarabağda saxta quruma qondarma seçkilər də təşkil etdi. Seçkinin keçirilməsinin əsas məqsədi beynəlxalq ictimaiyyətdən dəstək qazanmaq istəyi idi və buna inanırdılar. Amma bütün beynəlxalq ictimaiyyət bu qondarma seçkilərin keçirilməsini tanımadı və Azərbaycanın suveren ərazilərinin bütövlüyünə hörmət etdiyini bildi. O cümlədən bölgəyə ABŞ hərbçilərini gətirən Ermənistandan Rusiya və İran da üz döndərməyə başladı. Rusiya prezidenti Qarabağda baş verən hadisələrdə Ermənistanı günahlandırdı. İran isə Azərbaycanla münasibətlərini düzəltmək üçün xarici siyasətində dəyişiklik edir. Hətta İranın yüksək rütbəli hərbçiləri Bakıda Qənimətlər Parkını ziyarət etdi və oradan çox pozitiv açıqlamalar verdi”.

Deputat fikirlərinə belə davam etdi: “Prezident İlham Əliyev dəfələrlə deyirdi ki, yenidən müharibə baş verərsə, Ermənistanın yerinə heç kim gəlib bizimlə müharibə etməyəcək. Sentyabrda baş verən təxribatlara ciddi cavabımız bir daha bunu sübut etdi ki, yenidən müharibə baş verərsə Ermənistan Azərbaycanın qalib ordusu ilə yenidən təkbaşına üz-üzə gəlməli olacaq. Ona görə də Paşinyan dərhal Fransa, Almaniya ABŞ, Gürcüstan və İranın dövlət rəhbərlərinə zənglər etdi. Əslində bərkə düşəndə telefon dəstəyi arxasında növbə çəkmək Paşinyanın köhnə adətidir. Azərbaycan heç nəyə baxmadan özünün milli maraqlarını müdafiə edir və ərazi bütövlüyünə zərrə qədər xələl gələ biləcək bir addım görən kimi çox ciddi cavabını verir. Ermənistanın yeganə yolu reallıqla barışmaq və özünün sərhədləri çərçivəsində həyatlarına davam etməkdir. Əks halda, yenidən özlərinin çirkin niyyətlərinin arxasınca getmək fikrinə düşərsə, bu dəfə cavabımız çox ciddi olacaq və tarixi torpaqlarımız da işğaldan azad ediləcək. Ona görə də Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün hazır olduğunu bildirməkdən başqa yolu yoxdur”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycan tərəfin birdəfəlik Xankəndi məsələsinə son qoymasını indiki vaxtda əsas vacib şərt sayır:

c119781cd52836b7fcdcaaa44dfa7bc3.jpg (82 KB)

“Əslində mən deməzdim ki, bu gün Ermənistan təklənib, onu müdafiə edən beynəlxalq güclər yoxdur. Məsələ ondan ibarətdir ki, rəsmi İrəvanın yürütdüyü xarici siyasət fiaskoya uğrayıb. Bu xarici siyasətin də ana xətti melitarist və təcavüzkar siyasətdir. Fransa kimi dünya siyasətinin müəyyənləşdirilməsində təsirli rolu olan bir dövlət birmənalı şəkildə Ermənistanı fəal şəkildə dəstəkləyir. Son dövrlər Qarabağda yaşayan ermənilərin guya "humanitar böhrana" məruz qalmaları haqqında saxta təbliğatları xeyli xarici dəstək qazandı. Rusiyanın özü də baxmayaraq ki, rəsmi İrəvanın yürütdüyü xarici siyasətdən narazıdır, müttəfiqi kimi yenə də yanındadır. Mən məsələyə bir qədər fərqli kontekstdən yanaşıram. Bu gün dünya düzəni dəyişməkdədir. Regionda və dünyada çox sürətli proseslər gedir və yeni reallıqlar yaranır. Xüsusən də Cənubi Qafqazda dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər də əsasən Rusiyanın düşdüyü vəziyyətlə birbaşa əlaqəlidir. Rusiyanın zəiflədilməsi onun əzəli nüfuz dairəsində olan bölgələrə də öz təsirini göstərməkdədir. Eyni zamanda Azərbaycanın Qərbin şaxələndirilmiş enerji siyasətində, nəqliyyat-kommunikasiya sahəsində önəmi artdığından Bakı ilə müəyyən mənada razılığa gəlinir və ölkənin mövqeyi və maraqları tam da olmasa nəzərə alınır. Amma qeyd etməliyəm ki, rəsmi Bakı indiki əlverişli situasiyadan öz xeyrinə yetərincə istifadə edə bilmir və təbliğatda uduzur. Həmçinin diplomatiyamız hücum diplomatiyası deyil, müdafiə xətti tutmaqda və sistemsizlikdə davam edir. Doğrudur, bəzi sahələrdə uğurlar var, amma bu bizim məkrli və təhlükəli düşmənlə mübarizəmizə kifayət etməyə bilər. Ermənistanın militarist və təcavüzkar siyasətidir, bu gün fiaskoya uğrayan bu siyasətə Rusiya əvvəl hər cür dəstək versə də, erməniləri pulsuz silahlandırsa da - İran da həmçinin - lakin indiki halda nə Moskvanın, nə də İranın buna imkanı və gücü yoxdur. İrəvanın üz tutduğu Hindistan və Fransa regiona uzaq ölkələrdir və xüsusən də, Dehlinin regiona marağı yoxdur. O üzdən təsirləri də çox az və bəzən heç hiss olunmur. Məsələnin gerçək mahiyyətindən biri də ondan ibarətdir ki, rəsmi İrəvanın şaxələndirilmiş və alternativi təhlükəsizlik siyasəti Moskvanı hiddətləndirdiyindən basqılarını artırıb və Ermənistana Qərbin dəstəyi yetərli deyil. Çünki Qərb dairələri anlayır ki, Ermənistan istəsə belə Moskvanın nüfuz dairəsindən çıxa bilməz və bu dövlət, ümumiyyətlə, Qərbin maraqları üçün cəlbedici deyil. Əlavə yük və Moskva ilə arzuolunmaz problemlərə yol açardı. Qərbin strateji hədəflərində Ermənistan rol almadığından buna görə də müdafiə etmirlər. Digər tərəfdən, Ermənistanın iddiaları beynəlxalq hüquq normaları ilə də ayaqlaşmır. Həmçinin ziddiyyətlidir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma suveren hüquqlarını qəbul etmir. Putinin son çıxışından göründüyü kimi, Qarabağın və Kəlbəcərlə Laçının Ermənistanın yurisdiksiyasına verilməsi planları da masa üzərində olub. Lakin Ermənistanın iddiaları bitib-tükənməyib. Yaxud Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığı Moskvanı heç də razı salmayıb. Bütün bunlar Ermənistanın təcrid olunması görüntüsü yaratmasına baxmayaraq, düşünürəm ki, heç də göründüyü kimi deyil. Burada fərqli mədəniyyətləri və dini də nəzərə almamaq mümkün deyil. Hər halda, rəsmi Bakı arxayın düşməməlidir və Xankəndidəki separatizm xərçəngini kəsib atmalıdır".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR