İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin son ümidi: Qərb və Rusiya Qarabağa görə yenə bir araya gələcək?

1669 19.03.2024 14:21 Siyasət A A

Erməni radikal-revanşistlər, o sırada erməni kilsəsi və onların xaricdəki havadarları Azərbaycanla sülh müqaviləsinin baş tutmaması üçün xeyli fəallaşıblar. Səbəb bəsit: çünki bilirlər ki, məhz həmin sənəddən sonra sonuncu “bəlkə” də gündəmdən çıxmış olacaq. İllərlə Türkdən düzəldilən “xoxan”, Türkə nifrət də onun kimi...

“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır. Bu sənəd düşmənın ürəyinə sancılmış oxdur”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bunu dünən Canaqqala Zəfərinin 109-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

Dəqiq qiymətdir. Amma düşmən deyərkən hörmətli səfir təkcə Ermənistanı nəzərdə tutmur yəqin ki. Onların hamısı adbaad Azərbaycan xalqına artıq yaxşı tanışdır.

Ermənistan bizim açıq, əsrlik düşmənimiz. Fəqət, dost cildinə girənlər düşmənlərimiz də var. Ən təhlükəli də onlar. Yoxsa ermənilərlə təkbətək qalsaydıq, nə vardı. Zatən, arxa-dayaqları olmasaydı, onların bizimlə münaqişəyə girməyə, torpaqlarımızda at oynamağa cürətləri də çatmazdı...

Bu mənada erməni işğalı dönəmi 50 milyonluq xalqımız üçün tarix kitablarımıza yazılacaq unudulmaz və əvəzsiz bir test, sınaq oldu. Dost-düşmənimizi əməllicə tanıdıq.

Doğru, 44+1 günlük Vətən savaşından sonra erməni havadarlarının səfi pozulub. Bunu da ilk növbədə şanlı Azərbaycan Ordusu edib. Bir az da Ukraynadakı müharibə əlbəttə ki, səbəbdir. Bəlkə də on illər sürəcək Qərb-Rusiya qarşıdurması bizim xeyrimizə, hayların isə ziyanına işləməkdədir. Ancaq bu, arxayınlaşmaq üçün əsas vermir.

Məsələn, 2024-cü ilin yanvarında separatçı-revanşist ünsürlərin İrəvanda yaratdıqları üzdəniraq “Artsax ermənilərinin hüquqlarının qorunması üzrə beynəlxalq komitə”nin sədri, Suriya əsilli keçmiş xarici işlər naziri (1998-2008), daşnak xislətli Vardan Oskanyan az öncə yeni “separatçı layihə” ilə bağlı Avropanı xeyli gəzib dolaşandan sonra görün nə xəyal edib. Oskanyan bildirib ki, Qarabağda erməni mövcudluğu məsələsi, “beynəlxalq zəmanət altında muxtariyyət” hətta günü bu gün də Qərblə Rusiyanın ortaq mövqeyə gələ biləcəyi yeganə məsələdir.

İştahını gördünüz? Yəni ki, Ukraynaya görə qanlı-bıçaq olsalar da Qərb (ABŞ + Avropa Birliyi) Rusiya ilə ələ-ələ verib erməniləri nəinki Qarabağa qaytara, üstəlik, onlara hansısa status tanınmasına nail ola bilərlər. Ağılları sözsüz ki, bədnam Minsk Qrupunun həmsədrliyi (ABŞ, Rusiya, Fransa) dönəminə gedib...

Lakin Oskanyanın bu gözləntisini yüz faiz ciddiyə almamaq da yanlış olardı. Qəliz zəmanədə yaşayırıq. Tədbirli olmalı, “B”, “C” variantlarımızı da masamızda hazır saxlamalıyıq. Şər deməsən, xeyir gəlməz.

Hər halda, Ermənistan bizimlə hələ sülh müqaviləsi imzalamayıb. Şəkk-şübhəsiz, ona qədər ermənilər dəridən-qabıqdan çıxacaqlar ki, “Qarabağa qayıdış, muxtariyyət” mövzusunda Qərb və Rusiya, hətta İran “çəkici” bir “zindana” vursun. 32 illik işğal dövründəki kimi.

Odur ki, Azərbaycan buna bir daha imkan verməməli, adı çəkilən güc mərkəzlərinin “erməni kartı” ətrafında təzədən birləşməsini əngəllləməlidir. Hər yerdə, bütün platformalarda. Necə? Bu, artıq həmin sahələrə cavabdeh qurumların vəzifəsi...

Nə yaxşı ki, dövlətimizin İlham Əliyev kimi ağıllı, uzaqgörən və ətrafımızda gedən mürəkkəb geosiyasi proseslərdən məharətlə baş açan praqmatik və çevik lideri var. Ancaq diplomatiyamız, diasporumuz, təbliğat və əks-təbliğata məsul digər qurumlarımız da yorulmadan çalışmalıdır. Təbii ki, barıtımızı quru saxlamaq şərti ilə.

Unutmayaq, Ermənistanla müharibə bitməyib...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR