İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniləri payızda iqtisadi fəlakət gözləyir - XƏBƏRDARLIQ

816 01.07.2026 10:18 İqtisadiyyat A A

İrəvan çıxılmaz vəziyyətdə: Rusiya bazarı itirilir, Avropa isə qapıları bağlayır

“Moskvanın Ermənistanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin iqtisadi nəticələri yaxın aylarda daha aydın hiss olunacaq”.

Musavat.com xəbər verir ki, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzünik Ağacanyanın erməni mediasına açıqlamasında belə xəbərdarlıq edib.

Onun sözlərinə görə, yeni mövsüm məhsulları bazara daxil olduqca məhdudiyyətlərin təsiri daha geniş fermer təbəqəsini və kənd təsərrüfatı istehsalçılarını əhatə edəcək.

Diplomat bildirib ki, hazırda tətbiq olunan məhdudiyyətlərin tam iqtisadi təsiri hələ görünmür. Lakin hər yeni məhsul partiyasının ixracında yaranacaq çətinliklər kənd təsərrüfatı sektoruna ciddi zərbə vuracaq və sanksiyalardan zərər çəkənlərin sayı durmadan artacaq. Ağacanyanın fikrincə, bu vəziyyət davam edərsə, payız aylarında ölkə iqtisadiyyatı daha ağır problemlərlə üzləşəcək. O hesab edir ki, oktyabr-noyabr aylarında Ermənistan əhalisi hakimiyyətin xarici siyasətinin nəticəsi olaraq böyük iqtisadi itkilərlə üzləşəcək.


Səfir Avropa İttifaqının Ermənistana vəd etdiyi maliyyə dəstəyinin də problemi həll etməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Brüsselin vəd etdiyi milyonlarla avro əslində qrant deyil, kreditlərdir və bu vəsait yalnız ölkənin borc yükünü artıracaq. Belə maliyyə dəstəyi iqtisadi çətinlikləri yalnız qısamüddətli şəkildə yüngülləşdirə bilər. Ağacanyan hesab edir ki, Ermənistan məhsullarının Avropa bazarına geniş şəkildə çıxışı da real görünmür. O, bunu həm obyektiv, həm də subyektiv səbəblərlə izah edib. Obyektiv səbəblər sırasında Avropa bazarının coğrafi uzaqlığını və yüksək logistika xərclərini göstərən diplomat bildirib ki, bu amillər erməni məhsullarının rəqabət qabiliyyətini zəiflədir.

Subyektiv səbəb kimi isə Avropa İttifaqının öz kənd təsərrüfatı istehsalçılarını qorumaq siyasəti göstərilir. Ağacanyan xatırladıb ki, Polşa, Fransa və Niderlandda fermerlər Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qarşı kütləvi etirazlar keçiriblər. Onun fikrincə, Aİ öz fermerlərinin maraqlarını riskə ataraq Ermənistan üçün bazarını açmayacaq.

Diplomat Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin regiona planlaşdırılan səfərinə də toxunaraq bildirib ki, Ermənistan yenə də "gözəl vədlər" eşidəcək, lakin bunlar praktik nəticə verməyəcək. Onun qənaətincə, Brüsselin əsas məqsədi Ermənistanı dəstəkləmək deyil, Avropanın enerji təhlükəsizliyini təmin etmək və Azərbaycanla yeni qaz sazişləri əldə etməkdir.


Mövzu ilə bağlı "Hraparak" qəzetinə danışan Ermənistanın keçmiş kənd təsərrüfatı nazirinin müavini Aşot Arutyunyan da Rusiyanın Ermənistan üçün əvəzolunmaz bazar olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanın ixrac etdiyi kənd təsərrüfatı və digər məhsulların əsas alıcısı uzun illərdir məhz Rusiyadır. Arutyunyan qeyd edib ki, "Yuxarı Lars" keçid məntəqəsində vaxtaşırı logistika problemləri yaransa da, bunlar texniki həll yolları ilə aradan qaldırıla bilər. Əsas üstünlük isə Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olmasıdır. Bu status erməni məhsullarının Rusiyaya gömrük rüsumu olmadan və sadələşdirilmiş prosedurlarla daxil olmasına imkan verir ki, bu da ölkə iqtisadiyyatı üçün böyük üstünlük hesab olunur. Keçmiş nazir müavini Avropa bazarı ilə bağlı optimist açıqlamaları da sərt tənqid edib. Onun sözlərinə görə, müasir bazarda yalnız keyfiyyət, görünüş, qablaşdırma və qiymət baxımından rəqabətədavamlı məhsullar uğur qazana bilir. "Bizim məhsul xüsusidir" kimi arqumentlər artıq bazarda işləmir. Arutyunyan bildirib ki, Ermənistan məhsullarının Avropa bazarında uğur qazanması barədə səsləndirilən fikirlər daha çox siyasi ritorikadır və reallığı əks etdirmir. Onun sözlərinə görə, Ermənistan kənd təsərrüfatının Avropa standartlarına uyğun rəqabət qabiliyyətli səviyyəyə çatması üçün uzun illər tələb olunur.

   Rusiyadan Ermənistan məhsullarına qadağa – “Bakı və İrəvan bunu fürsətə çevirə bilər”

Hazırkı istehsal xərcləri və məhsulların maya dəyəri ilə erməni məhsullarının Avropa bazarında rəqabət aparması mümkün deyil.

Keçmiş nazir müavini yaranmış vəziyyətə görə hökuməti də kəskin tənqid edib. O bildirib ki, son səkkiz ildə Nikol Paşinyan hökumətinin həyata keçirdiyi siyasət ölkə iqtisadiyyatını zəiflədib və Ermənistanı ciddi iqtisadi risklərlə üz-üzə qoyub. Onun sözlərinə görə, fermerlərə milyardlarla dram vəsait ayrılsa da, mümkün risklər nəzərə alınmayıb və bu risklər reallaşdığı halda dövlətin kompensasiya mexanizmləri formalaşdırılmayıb. Arutyunyanın fikrincə, hazırkı böhran Ermənistanın xarici və iqtisadi siyasətində yol verilən strateji səhvlərin nəticəsidir. O əlavə edib ki, cəmiyyətdə məhsullar satılmadıqca qiymətlərin ucuzlaşacağı barədə gözləntilər olsa da, bazarda əks proses müşahidə olunur və qiymətlər aşağı düşmək əvəzinə artmaqda davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR