İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertlərin Bakıya səfəri: Sülh prosesinin yeni mərhələsi başlayır, yoxsa?..

847 21.11.2025 11:45 Siyasət A A

Məlum olduğu kimi, bu gün erməni ekspertlərdən ibarət nümayəndə heyəti Bakıya səfər edib. Bu səfərin həyata keçirilməsi üçün Ermənistan hökuməti ayrıca maliyyə vəsaiti ayırıb. Belə ki, noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masada iştirak edəcək 5 erməni ekspertin səfərini təmin etmək məqsədilə İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram ayrılıb.

Hökumətin qərarında vurğulanır ki, bu təşəbbüs Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında təmasların genişləndirilməsi, dialoqun aktivləşdirilməsi və iki ölkə cəmiyyətləri arasında etimadın gücləndirilməsi üçün yeni mexanizmlərin yaradılması baxımından müsbət addımdır.

Bu addım normallaşma üçün real şərtdirmi?

HESRET.jpg (90 KB)

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb:

"Əlbəttə ki, "bir gül ilə bahar olmaz" deyiblər. Bu baxımdan, vətəndaş cəmiyyəti təmsilçilərinin səfərləri təkbaşına bütün məsələnin həllinə dərhal və tam şəkildə töhfə verə bilməz. Bu, sadəcə olaraq sülh prosesinin çoxsaylı komponentlərindən biridir. Həmin komponent üzrə tərəflər razılığa gəldiyi üçün qarşılıqlı səfərlər həyata keçirilir: azərbaycanlı nümayəndələr Ermənistana getdi, indi isə erməni nümayəndələr Bakıya gəlib".

Siyasi şərhçi xatırladıb ki, ilk səfərin İrəvana olması həm Azərbaycan, həm də Ermənistan ictimai rəyində ümumilikdə müsbət qarşılanıb:

"Eyni tendensiyanın bu səfərdə də müşahidə olunacağı şübhəsizdir. Artıq görürük ki, cəmiyyətimiz olduqca təmkinli, soyuqqanlı və sağlam yanaşma nümayiş etdirir.

Fikrimcə, belə görüşlərin və səfərlərin intensivləşdirilməsi zəruridir. Əgər müharibə bitibsə və biz həqiqətən də iki dövlət arasında dayanıqlı, uzunmüddətli və davamlı sülhün bərqərar olmasını istəyiriksə, bu cür təmaslar geniş miqyasda davam etdirilməlidir.

Ermənistan tərəfində belə təşəbbüslərin ortaya çıxması, bu istiqamətdə müəyyən güc və iradənin nümayiş etdirilməsi təqdirəlayiq addımdır".

Azər Həsrər onu da vurğulayıb ki, bütün bunlar sülhün yaranması üçün yeganə şərt deyil:

"Bu proses çoxkomponentlidir və vətəndaş cəmiyyətləri arasında dialoq bu komponentlərdən sadəcə biridir. Bununla belə, belə komponentləri alqışlamalı, dəstəkləməli və irəli aparmalıyıq ki, ümumi proses daha da sürətlənə bilsin.

Hazırda hər iki tərəfdən cəmi beş nəfərlik nümayəndə heyətləri bir araya gəlir. Amma çox yaxın gələcəkdə daha geniş platformalar yaradılmalıdır.

Düşünürəm ki, ortaq media forumlarının, ortaq vətəndaş cəmiyyəti tədbirlərinin, hətta siyasi partiyalar arasında dialoqun təşkili labüddür. Bu tədbirlər təkcə iki cəmiyyət arasında deyil, həm də institusional səviyyədə qarşılıqlı anlaşmanı gücləndirə bilər.

Əlbəttə, rəsmi səviyyədə də təmaslar davam edir: Milli Məclisin sədri Ermənistan parlament rəhbərliyi ilə görüşlər keçirir, Prezident İlham Əliyev Ermənistanın baş naziri ilə mütəmadi danışıqlar aparır, Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumlarının nümayəndələri də bu prosesdə iştirak edir. Bütün bu kanallar nə qədər çoxalsa, nə qədər paralel şəkildə işləsə, sülh prosesi bir o qədər sürətli və dayanıqlı şəkildə irəliləyəcək".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR