İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın növbəti Azərbaycan səfəri - Şuşa Bəyannaməsinin davamı olacaqmı?

920 12.02.2022 10:30 Siyasət A A

44 günlük savaşdan sonra bölgənin taleyində həlledici söz sahibi olan iki qardaş ölkənin liderlərinin qarşıdakı görüşü yeni tarixi hadisələrlə yadda qalacaq; Şuşada Türkiyənin Baş Konsulluğunun açılması reallaşa bilər...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının başqanı professor Hasan Mandal açıqlama verib. Rəsmi məlumata görə, R.T.Ərdoğan Bakıda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının açılışında iştirak edəcək. Festival mayın 26-dan 29-dək keçiriləcək. Bundan başqa, səfər çərçivəsində iki ölkə rəhbərliyi arasında görüş olacaq.

Qardaş ölkə liderinin ölkəmizə hər səfəri - xüsusilə də 44 günlük müharibədən sonra - böyük hadisəyə çevrilir, düşmən çevrələrin yuxusunu qaçırır, dərhal gündəm olur. Bu dəfə də heç şübhəsiz, belə olacaq. İstisna deyil ki, səfər çərçivəsində Bakı və Ankara sarsılmaz müttəfiqlər kimi bir daha saat əqrəblərini tutuşduracaq.

Ona da şübhə yox ki, Ərdoğanın müharibədən sonra ölkəmizə sayca üçüncü səfəri də düşmənləri bərk məyus edəcək sensasion anlaşmalarla, olaylarla yadda qalacaq. Məsələn, gündəmdə Türkiyənin ölkəmizdə hərbi bazasının qurulması məsələsi ola bilərmi? Ötən ilin 15 iyununda iki qardaş ölkənin liderləri Şuşada, Qars Müqaviləsinin məntiqi davamı olan və daha böyük tarixi əhəmiyyət kəsb edən Müttəfiqlik münasibətləri haqqında Bəyannaməni imzaladılar. Fevralın ilk günlərində həm Azərbaycan, həm də  Türkiyə parlamentləri sənədi təsdiqlədilər. Ancaq istisna deyil ki, Bəyannamənin davamı olacaq, bu anlaşmadan irəli gələn yeni sənədlər, razılaşmalar əldə olunacaq. Həmçinin Şuşada Türkiyənin Baş Konsulluğunun açılacağı barədə məlumatlar da intensivləşib. Xatırladaq ki, ötən ilin 15 iyununda, Şuşada, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı cənab Rəcəb Tayyib Ərdoğan “ən qısa zamanda Şuşada baş konsulluq açılacaq”, demişdi. Bu mənada səfərdən böyük gözləntilər var.

Bəs, ekspertlərin gözləntiləri nədir, qarşıdakı səfərdə hansı anlaşmalar olacaq və ya olaylar baş verəcək?

Akif Nağı — Vikipediya

Akif Nağı 

QAT sədri Akif Nağı hesab edir ki, indiki şəraitdə təkcə Azərbaycanın vəziyyəti deyil, bütövlükdə Cənubi Qafqaz regionunun taleyi Türkiyə-Azərbaycan müttəfiqliyindən asılıdır: “Rusiya təsir imkanlarını sürətlə itirir, iqtisadi-maliyyə gücü yox dərəcəsindədir, hərbi təhdidlə isə uzun müddət nəyəsə nail olmaq mümkün deyil. Rusiya regiondan çıxacaq, yaxın bir neçə ildə bu, baş verəcək. Qərb həm məsafə, həm də strateji maraqlar baxımından çox uzaqdadır. ABŞ kimi böyük dövlət də artıq onlardan uzaqlarda yerləşən Yaxın Şərqdə belə, planlarını tam yerinə yetirə bilmir. Digər tərəfdən, Ukrayna hələlik heç nəyə nail ola bilmir. Bütün bunlar Qafqaz regionu ilə bağlı yeni proseslərin gedəcəyəni və artıq getdiyini göstərir”.

A.Nağı ilk növbədə Türkiyə amilinin qabarıq rolundan bəhs etdi: “Belə işlərdə mahir olan erməni rəhbərləri təsadüfən demirlər ki, onların əsas vəzifələrindən biri ”Türkiyə ilə münasibətləri normallaşdırmaqdır". Ona görə də Türkiyə-Azərbaycan yaxınlaşması, tam isti münasibətlərin yaranması zamanın tələbidir. Türkiyə prezidenti hörmətli Ərdoğanın hər səfəri təbii ki, bu müttəfiqliyi daha da dərinləşdirəcək. Hərbi bazanın yaradılması ola bilər ki, hələ ertələnsin. Çünki ortada NATO faktoru var. Türkiyə bu məsələni NATO-nun daxili qanunlarına uyğunlaşdırmalıdır. Bunun yaxın vaxtlarda baş verəcəyi inandırıcı deyil".

Konsulluğun rəsmi qaydada açılmasına gəldikdə, A.Nağı bildirdi ki, artıq bunun üçün vaxt yetişib: “Böyük ehtimalla, növbəti səfərdə bu, baş verəcək. Bu səfərdən bizim gözləntimiz və istəyimiz Qarabağda Türkiyə hərbi qüvvələrinin sayının artırılması, proseslərə qardaş ölkənin təsir imkanlarının güclənməsi, Xankəndi də daxil bütün ərazilərimizdə Türkiyənin əsgəri mövcudluğunun təmin edilməsidir”.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı səfəri bir qayda olaraq, hər iki ölkə, region və bütövlükdə Türk Dünyası üçün önəmli sənədlərin imzalanması, razılışmaların əldə olunması ilə yadda qalır: “Bu baxımdan, qardaş ölkənin dövlət başçısının may ayında həyata keçirilməsi nəzərdə tutulan səfəri zamanı da ilk növbədə Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da gücləndirə biləcək yeni sənədlərin imzalanması mümkündür. Əslində, iki qardaş ölkə arasında imzalanmış və hər iki ölkənin parlamentlərində ratifikasiya olunmuş Şuşa Bəyannaməsinin mətninə diqqət yetirsək, yeni anlaşmalara zəmin yaradan məqamları görə bilərik. Məsələn, Bəyannamədə qeyd olunur ki, ”...müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər". Təkcə bu məqam müttəfiqlik münasibətlərinin, xüsusilə də bu münasibətlərin hüquqi mexanizmlərinin dəqiqləşdirilməsini zəriri edir ki, bu da ən müxtəlif sahələrdə yeni razılaşmaların imzalanması deməkdir. Digər tərəfdən, Şuşa Bəyannaməsində, konkret müddəa göstərilməsə də, BMT Nizamnaməsinə və onun üzv dövlətlərə kollektiv müdafiə hüququ verən hissəsinə istinad edilir və qeyd olunur ki, “tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək, birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq”.

E.Mirzəbəyli hesab edir ki, Bəyannamədə yer alan bu məqam, mahiyyət etibarilə Azərbaycan-Türkiyə hərbi-siyasi ittifaqının təməl hüquqi sütununu təşkil edir və bu və digər müddəalardan çıxış edilərək, iki dövlətin qarşılıqlı hərbi, siyasi, mədəni, sosial inteqrasiya prosesinin sürətləndirilməsi üçün müvafiq qərarlar qəbul ediləcək: “Bəyannamənin hər iki ölkənin patlamentlərində ratifikasiya olunması da, Azərbaycan və Türkiyənin qanunvericilik bazasının sənəddə yer alan müddəalarının həyata keçirilməsinə imkan yaradacaq mexaniznlərlə zənginləşdirilməsinə xidmət edir. Bəyannamədən irəli gələn yeni razılaşmalar, yaxud mövcud olanların genişləndirilməsi aşağıdakı istiqamətlərdə həyata keçirilə bilər: -iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması; - dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsi; - qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi;  - kiber təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi; - milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı, Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması;  - enerji və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın genişləndirilməsi; - Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi; - media sahəsində strateji əməkdaşlığın inkişafı; - parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi; - müştərək dəyərlərin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsi, tarixi və mədəni irslərinin qorunması; - Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılması, türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirilməsi və sair”.

Ümumilikdə, siyasi şərhçinin qarşıdakı səfərdən böyük gözləntiləri var: “Göründüyü kimi, Azərbaycan-Türkiyə strateji münasibətlərinin yol xəritəsi olan Şuşa Bəyannaməsində yer alan istiqamətlər o qədər genişdir ki, onların hər biri qarşıslıqlı səfərlərin gündəmini təşkil edə bilər. Bu sırada Şuşada konsulluğun açılması, yaxud subyektiv qənaətimə görə, Türkiyənin Qarabağ və Şərqi Zəngəzir iqtisadi rayonları üzrə müvafiq nümayəndəliyinin açıqlması da mümkündür”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiya olunduqdan sonra həmin sənədin bəndlərinin konkret reallaşdırılması istiqamətində çalışmalar başlamalıdır: “Sənəd fevralın 1-də Milli Məclisdə ratifikasiya olunduğu gün müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərini təsadüfi saymıram. Bəyanatın ”tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər" bəndinə uyğun olaraq Azərbaycan ordusunun daha da modermləşdirilməsi istiqamətində çalışmalar genişlənib. Bir başqa bənd belədir: “Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək və bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək”. Bu istiqamətdə də koordinasiyanın güclənidirilməsinə ehtiyac var. Nəhayət, Şuşada Türkiyənin konsulluq binasının tikintisinə başlamağın zamanıdır".

Ekspertlərimizin açıqlamalarından da görünür ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan olunan “Şuşa ili”ndə baş tutacaq səfər zamanı vacib anlaşmalar əldə ediləcək. Növbəti dəfə dost və qardaşlar sevinəcək, düşmən üzüləcək...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR