İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın 12 il sonra planlanan İraq səfəri- Regionla bağlı MÜHÜM GÖZLƏNTİ

1058 13.03.2024 17:48 Yazarlar A A

 

Türkiyə və İraq münasibətlərinin perspektivində nələr var?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə İraqa səfər edəcək. Bu barədə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Ahmed Yıldız məlumat verib.

Ərdoğan sonuncu dəfə İraqa 2012-ci ildə baş nazir olarkən səfər edib. Ötən 12 il ərzində Türkiyə-İraq münasibətləri o qədər də hamar və isti olmayıb. Elə indi də İraq və Türkiyə arasında bir sıra məsələlər, o cümlədən Türkiyə ordusunun İraq ərazisində PKK-ya qarşı əməliyyatları, eləcə də Dəclə və Fərat çaylarının suyunun bölüşdürülməsi kimi mövzularda fikir ayrılıqları var.

Türkiyə və İraqın birgə uzun keçmişi var, hazırkı İraq torpaqları 16-cı əsrin əvvəllərindən Osmanlı İmperiyasının tərkibinə daxil olub və təxminən 400 il Osmanlı dövlətinin tərkibində qalıb. Osmanlı İmperiyası Birinci Dünya müharibəsində məğlub olduqdan sonra bir sıra torpaqları, o cümlədən İraq ərazilərini Böyük Britaniyaya güzəştə getməli oldu. Bu səbəbdən də 20-ci əsrin ilk yarısında yeni yaranan İraq krallığı və Türkiyə Cümhuriyyəti arasında soyuq münasibətlər, ərazi münaqişələri olub. Ancaq sonrakı illərdə münasibətlər sabitləşsə də, kürd siyasi hərəkatları, İraqdakı türkmən etnik qrupu, şirin su hövzələrindən istifadə kimi mövzularda yenidən gərginlik yaşanıb.

yaxin-serq--900x599.jpeg (192 KB)

Səddam Hüseyndən sonra isə iki ölkənin  münasibətləri yeni mərhələyə qədəm qoyub. Türkiyə öz ərazisindən İraqa qarşı hərbi əməliyyatlara icazə verməməklə ABŞ-la münasibətlərdə soyuqluğa səbəb olsa da, bu, yeni qurulan İraqla əlaqələrə müsbət təsir edib. 2005-ci ildə yeni federal İraq Respublikası hakimiyyətinin formalaşması  nəticəsində Türkiyə ilə isti münasibətlər quruldu. Sonrakı illərdə İraq və Türkiyə arasında (Ərdoğan tərəfindən – K.R.) 50 müxtəlif sahələrdə əməkdaşlığa xidmət edən sənəd imzalanıb, iki ölkə əlaqələrində sürətli bir sıçrayış qeydə alınıb.

Lakin “ərəb baharı” sonrası Yaxın Şərqdə başlayan terror müharibələri İraq və Türkiyə münasibətlərinə də mənfi təsir etdi. Türkiyənin təhlükəsizlik məsələləri və İŞİD-ə qarşı savaşan yerli qəbilələrə təlim keçmək üçün İraq ərazisində hərbi bazalar qurması Bağdad-Ankara münasibətlərində soyuqluğa səbəb oldu. Hətta iraqlı silahlı qruplar Türkiyə vətəndaşlarını qaçırdılar. Ancaq sonrakı illərdə münasibətlər nisbətən yumşaldı və Türkiyə ordusunun Şimali İraqda PKK-ya qarşı əməliyyatlarına görə yaranan soyuqluğu nəzərə almasaq, hazırda münasibətlərdə ciddi problem yoxdur.

1-9.jpg (60 KB)

Bunun əvəzinə Türkiyənin İraqla bağlı ciddi planları, iqtisadi layihələri var. Bu mənada düşünürəm ki, Ərdoğanın bu dəfəki İraq səfərinin bir neçə mühüm mövzusu olacaq. Bunlardan birincisi, Türkiyənin təhlükəsizliyi məsələsidir. Ankara Suriyada olduğu kimi, İraqda da iki ölkə sərhədinin 30-40 kilometr dərinliyində təhlükəsizlik dəhlizi yaratmağı planlaşdırır. Bunu prezident Ərdoğan da qeyd edib. Sərhədlərin təhlükəsizliyi, o cümlədən, PKK-nın yaratdığı təhdid Türkiyəni narahat edir. Doğrudur, Türkiyənin ölkə ərazisində əməliyyat keçirməsi İraqı da narahat edir. Bu mənada Türkiyə hakimiyyəti İraqla dil tapmağa ümid edir.

Digər tərəfdən, İraq özü də son illərdə İran və ABŞ üçün rəqabət meydançasına çevrilib və bu, Bağdadı narahat edir. Bu səbəbdən də rəsmi Bağdad xarici siyasətini şaxaələndirməyə çalışır. Misir, İordaniya ilə yanaşı qonşu Türkiyə ilə də münasibətləri yaxşılaşdırmaq İraqın marağındadır.

Daha bir mövzu enerjidir. İraq dünyanın ən böyük neft və qaz ehtiyatlarına sahib ölkədir. Bu, Avropanın enerji təminatında, xüsusən də qaz bazarında xab rolunu üzərinə götürməyi hədəfləyən Türkiyə üçün mühüm vasitədir. İraq nefti və qazının Türkiyə vasitəsilə Avropaya çıxması Ankara üçün ciddi iqtisadi perspektiv vəd edir.

err.jpg (155 KB)

Bəsrə-Türkiyə dəmir yolu layihəsi və ya başqa adı ilə “Yeni İnkişaf Yolu” layihəsinə diqqət edək.

 2005-ci ildə Bəsrə şəhərində Fars körfəzinə açılan Fav limanının inşası layihəsi ilə gündəmə gələn bu layihə hazırda ciddi bir diqqət cəlb etməyə başlayıb. Türkiyə bu layihənin işə salınması üçün son illərdə bir sıra mühüm addımlar atıb. Bu layihəyə əsasən Hind okeanından Bəsrə körfəzinə çıxan yüklər dəmir yolu vasitəsilə Divaniyə, Nəcəf, Kərbəla, Bağdad və Mosuldan keçərək türkmən şəhəri Tuzhurmatı yaxınlığında Türkiyəyə daxil olur və buradan da Avropaya yol alır. Bu layihə körfəz ölkələri ilə Avropanı və Türkiyəni birləşdirən ən qısa məsafəli yollardan biri ola bilər.

Xüsusən də 2023-cü ilin sentyabrında Hindistanda keçirilən G-20 sammitində Dubay və İsrailin Hayfa limanını birləşdirən İMEC (İndia–Middle East–Europe Economic Corridor) layihəsi ortaya atıldıqdan və ardınca 7 oktyabr Həmasın İsrailə hücumundan sonra Bəsrə layihəsi yeni bir aktuallıq qazanıb. Güman ki, Ərdoğanın Bağdad səfəri zamanı Bəsrə dəmir yolu layihəsi ilə bağlı irəli doğru addımlar atılacaq.

Göründüyü kimi, hazırda Türkiyə-İraq münasibətlərində həllini gözləyən çox ciddi problemlər var və iki ölkə münasibətlərin gələcəyi üçün yeni səhifə açmaqda maraqlıdır. Qalır bircə istəkləri reallaşdırıb, fəaliyyətə çevirmək.


Kənan Rövşənoğlu

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR