İnsanlara hürriyət, millətlərə istiqlal!

Elxan Cəfərov: “Qarabağ haqqında böyük filmi çəkmək hələ tezdir”

1064 11.12.2021 09:50 Müsahibə A A

 “Bundan əvvəlki rəhbərlikdə düşüncə sistemi bir qədər fərqli idi”

Tanınmış kinorejissor və aktyor, Əməkdar incəsənət xadimi Elxan Cəfərovla hələ bir neçə il öncə müsahibə etmişdik. O zaman da görüşümüz Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş tutmuşdu. O studiya ki, zamanında dəhlizləri kinoçularla qaynayan, indi də sevilərək baxılan məşhur filmlərin istehsalına şahidlik edən, indi isə dəhlizləri qorxunc filmlərdəki məkanları xatırladan binaya çevrilib.

Bununla belə bəzi otaqlarda yeni filmlərlə bağlı fəal iş getdiyinin də şahidi olduq. Elxan Cəfərovla müsahibəmizə elə bu məsələdən başladıq:

 - İndi kinomuz da sanki bu binanın vəziyyətinə bənzəyir...

- Əvvəllər bu kinostudiyada 10 film çəkilirdi. Təbii ki, onun da içində kinoteatrların, tədbirlərin premyeraları da daxil idi.  Deyim ki, o zamanlar büdcə də, tələb də bu qədər deyildi. Məsələn, o dövrdə ən çox, milyon rubl büdcə ilə “Babək” filmi çəkilmişdi. Həmin vaxt Heydər Əliyev bunun üçün büdcədən vəsait ayırmışdı, hansı ki, zamanında çox böyük büdcə hesab olunurdu. Əlbəttə ki, həmin büdcə ilə indi o mövzuda film çəkmək müşkül məsələdir. Çünki o vaxt çox şey havayı idi.  Məsələn, filmdə 11 min əsgər oynayırdı, onların geyimləri, yeməkləri havayı idi. İndiki dövrdə onu yenidən təkrar etmək üçün yenə havayı 11 min atlı adam lazımdır.  Bu baxımdan kino çox bahalı məsələdir.

- Dediniz ki, indiki qədər büdcə ayrılmırdı. Bəzən kinematoqraflar da bu haqda danışanda deyirdilər ki, o zaman filmlər böyük büdcə ilə çəkilmirdi, amma sanballı, peşəkar filmlər, əsərlər ortaya çıxırdı, hansı ki, bu gün də maraqla baxılır. Məlum məsələdir ki, bu gün də kino üçün büdcədən müəyyən qədər vəsait ayrılır. Doğrudur, kinoçuların əksəriyyəti deyir ki, “o büdcədən olan vəsait onların əlinə heç gəlib çıxmır”. Amma hər halda vəsait ayrılır və ortalıqda görünəcək sanballı filmlər yoxdur. Bəlkə də var, amma onlar beynəlxalq festivallar üçün çəkilir və yaxud o qədər də təbliğ olunmur deyə biz görə bilmirik...

- Bir ilə yaxındır ki, Azərbaycan kinosunda rəhbərlik dəyişib, rəhbərliyə gənclər gəlib. İndi gənclərin gəlişinin nəticəsinin görünəcəyi dövrdür. Bundan əvvəlki rəhbərlikdə düşüncə sistemi bir qədər fərqli idi. Ümumiyyətlə, gənclik nə ilə gözəldir? Gəncliyin enerjisi, iddiası, cəsarətli olması çox vacibdir, müsbət faktorlardır.  Çox istərdim ki, məhz bu müsbət faktorlar önə çıxsın və gözəl nəticələr olsun. İndiki an o nəticələrin ortalığa çıxan vaxtıdır. Belə ki, Vaqif Mustafayevin, Elçin Musaoğlunun, İlqar Safatın filmləri son hazırlıq dövründədir. Yəni, bunların hamısı hazırda yekunlaşmaq üzrədir. Həmin filmlərin səviyyəsinə çox inanıram və ümidliyəm. Adlarını qeyd etdiklərim çox gözəl, işinə ciddi yanaşan sənətkarlardır. Hər halda qənaətbəxş yolu ilə gedilir.

- Yəni, qarşıda bizi arzuladığımız filmlər gözləyir...

- Buna çox ümidliyik. Çox yaxşı olardı ki, qanunvericiliyə əsaslanaraq kinoya pul yatırımları olsun, sahibkarlar və yaxud hansısa iş adamları və yaxud hansısa nazirliyin müstəqil olaraq kino istehsal etmə arzusu və maddi imkanı yaransın və bununla bağlı filmlər ortaya çıxsın.

- Azərbaycanda “kino biznesdir” deyə bilərikmi?

- Azərbaycanda bu bir qədər qəliz söhbətdir və mümkün olan bir şey deyil. Tutaq ki, kinoteatrlarımızın sayı birə-on artsa, eləcə də 10 milyonluq əhalimizin hamısı kinoteatra getsə belə bu kino üçün kifayət etmir. Deyək ki, bu gün tarixi şəxsiyyətlərimiz haqqında film çəkməyi düşündük, başa düşürsən ki, bu külli miqdarda vəsait tələb edir. Həmin külli miqdarda vəsait Azərbaycan tamaşaçısının say bazarının ötürücüsü ola bilməz, heç cür o pulu geri qaytarmaq olmur.

Bildiyiniz kimi bu günlərdə Türkiyədə çox yüksək səviyyədə “Qorqud Ata” film festivalı keçirildi. Orada 2018, hətta 2015-ci ildə çəkilən filmlərimiz də nümayiş olundu. Lakin müsabiqədə son 1-2 ildə çəkilmiş 8 film iştirak etdi. Sözümü ona gətirmək istəyirəm ki, həmin festivalda türk dünyası ölkələri ilə müştərək film fondunun yaradılması, müştərək filmlərin, işlərin görülməsi haqda fikirlər səsləndi. Bu fikir, düşüncə alınarsa çox gözəl olardı. Məsələn, zamanında Aleksandr Kalyaginin gəlib bizim filmə çəkilməsi Azərbaycan kinosunun geniş rus kütləsinə tanıdılmasına kömək edirdi. Və yaxud Rasim Balayevin özbək filmində çəkilməsi daha geniş özbək kütləsinə çıxış demək idi. Düşünürəm ki, bunu yenidən təcrübə edə və nəticədə bazarımızı genişləndirə bilərik. Və yaxud çox maraqlı olardı ki, sırf Azərbaycan tarixini özbək rejissoru özbək operatoru azərbaycanlı aktyorlarla çəksin. Eləcə də biz sırf qazax hadisəsini, tarixini qazax aktyorlarla bizim gözümüzlə çəkək və sairə.

- Ötən il Vətən müharibəsində qalib gəldik, Zəfər qazandıq. Bundan kinoçular da ilhamlandılar, yeni tarixi, Qarabağ mövzusunda sanballı bədii filmlər çəkəcəkləri haqda fikirlər səsləndirdilər. Hətta ötən il Mədəniyyət Nazirliyi açıqlama yaymışdı ki, Türkiyə kinematoqrafiyaçıları ilə bu mövzuda müştərək filmlər, seriallar çəkiləcək və sairə. Amma hələ ki, ortalıqda filmlər yoxdur. Doğrudur, sənədli filmlər çəkilir, amma arzuladığımız o böyük gözləntilər yoxdur. Siz necə, bu mövzuda film çəkməyi düşünürsünüzmü?

- Bir daha qeyd edim ki, kino sahəsinə yeni idarəçilik gəlib. Yeni  idarəçilik yeni logistikanın qurulması deməkdir. Yeni loqistikanın qurulması isə bilavasitə istehsala təsir edəcək. Bununla da istehsal münasibətləri normal formada yarandıqdan sonra artıq hər hansı peşəkar, yüksək səviyyəli sənət əsərindən söhbət gedə bilər. Mənə də müraciət olunur ki, müharibə haqqında film çəkək. Bunun bir çox texniki problemləri var. Məsələn, tutaq ki, 100 nəfər kino adamı ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə kino çəkmək istəsək, bu problemdir, çünki ərazilər minalardan tam təmizlənməyib. İkincisi, hər əraziyə giriş-çıxış yoxdur. Beləliklə, Qarabağ haqqında böyük döyüş filmini çəkmək haqda danışmaq hələ ki, tezdir.

 - Çəkilişləri başqa ərazilərə salmaq mümkün olmazmı?

- Məsələn, mən Qarabağ haqqında iki film çəkmişəm, “Dolu” və “Yarımçıq xatirələr”. Həmin filmləri Qarabağda deyil, başqa ərazilərdə çəkmişəm. İmkan daxilində çalışmışam ki, ərazi Qarabağa bənzər ərazilər, landşaft olsun. Əgər bu gün Qarabağda döyüş filmini çəkmək istəsək mümkün deyil ki, orada Şuşadan, Daşaltından danışılmasın. Filmdə artıq insanlar real landşaftı görməlidir. Şuşadan danışanda mütləq onun sıldırım qayalarını çəkməlisən. Yoxsa ki, bir epizodda sıldırım qayanı çəkib, sonra onu başqa yerdə davam edib, sonda onları birləşdirmək - bu bədii yaradıcılıq üçün problemlər yaradır. Çünki mənim qəhrəmanlarım özlərini Şuşada hiss etməlidirlər. Şuşa, təbiət, bunların özü də yaradıcılığa təsir edir.

- Ermənilər ötən il müharibənin hələ 25-ci günündə artıq öz yalan, uydurmaları ilə müharibə mövzusunda filmlər çəkib, beynəlxalq festivallara göndərdilər. Eləcə də Kann, Oskar kimi A kateqoriyalı festivallara da bu cür filmlər təqdim ediblər. Azərbaycandan da Oskar mükafatına film təqdim olunub, amma mövzu şahmatçı haqdadır. Təbii ki, Azərbaycandan da bu cür nüfuzlu kino festivallarına film göndərilməsi çox sevindiricidir. Lakin hələ də beynəlxalq festivallara Azərbaycan həqiqətləri, Qarabağ mövzusunda filmlər gedib çıxmır. Bununla da “yenə də informasiya təbliğatında niyə uduzuruq, niyə ləngiyirik?” deyib, gözümüzü zilləyirik rejissorlarımıza.

- Bir daha qeyd edim ki, gərək bizim kino sistemimiz tam qurulsun və həmin qurulmuş sistem üzərində filmlər çəkək. Əlbəttə ki, ermənilər döyüş meydanında uduzduqları üçün məsələyə daha tez reaksiya verir, daha həssas yanaşırlar. Bizə gəldikdə isə, müharibə haqqında film çəkmək üçün həmin müharibədə baş verən bir çox məqamları, informasiyaları daha dərindən qavramalı, anlamalı, analiz etməliyik. Adətən həmin informasiyalar bəzən bir, hətta 5 ildən sonra tam açılır.

- Deyəsən Rasim Balayev demişdi ki, müharibə haqqında ən yaxşı filmlər müharibədən 5-10 il sonra çəkilir...

- Çünki hər şey analiz olunmalıdır.

- Məlum olduğu kimi Azərbaycanda dövlətdən maliyyələşən iki kino ittifaqı var. Siz onların hansınasa üzvsüz?

 - Xeyr.

- Bu sualı təsadüfən vermədim. Əlbəttə ki, hər iki ittifaqda çox dəyərli kinematoqraflar, aktyor və rejissorlar, operatorlar var. Lakin bəzən görürük ki, məhz hansısa ittifaqın üzvü olduqları üçün bu sənətkarlar arasında söz davası, atmacalar, incikliklər olur. Bəzən deyirlər ki, məhz bu səbəbdən kinoçularımız bir araya gəlib, milli kinomuz naminə birlikdə müzakirələr etmir, fikir mübadiləsi aparmır və nəticədə bu sahədə boşluqlar yenə də həll olunmamış qalır.

 - Hər iki ittifaqda uşaqlıqdan tanıdığım, çox hörmət etdiyim sənətkarlar var. Onlar birində Şəfiqə Məmmədovanın, digərində Rüstəm İbrahimbəyovun ocağına yığışırlar. Çox istərdim ki, birləşmək olmasa da bir-biriləri haqda kəskin fikirlər səsləndirməsinlər.  Çünki indi bunun zamanı deyil.

- Həm siz, həm də xanımınız Gülzar Qurbanova hələ erkən, ən gənc yaşlarınızda çəkildiyiniz ilk filmlərdəcə parladınız, şöhrət qazandınız. Məsələn, sizi görən kimi gözümüzün önündə ilk olaraq “Şir evdən qaçdı” filmindəki obrazınız canlanır. Və yaxud Gülzar Qurbanova deyəndə 17 yaşında çəkildiyi “Ölsəm, bağışla” filmini, oradakı Gülya obrazını xatırlayırıq. Əlbəttə ki, sonradan həm siz, həm Gülzar xanım bir çox filmlərə çəkilmisiniz. Amma tamaşaçılar sizi daha çox həmin filmlərlə tanıyır. Niyə sonrakı obrazlarınız bu qədər parlamadı?

 -  Çünki mən aktyor deyiləm. Mən rejissoram və peşəkar olaraq bu işlə məşğulam. Mənə görə, mən həddindən artıq sənədli sima, personajam. Aktyor olmaq üçün şərtiliyə rahat gedə biləcək daxili aləmin, düşüncən olmalıdır.

 - Bəlkə rejissorlar onu tapıb, çıxara bilmədi?

- Məsələ burasındadır ki, həmin şərtiliyi elə rejissor diktə edir. Bu, çətin məsələdir. Məsələn, mənə həmişə maraqlı olub ki, Nikita Mixalkov necə həm filminin rejissoru, həm də aktyoru ola bilir? Mənim üçün bu çox paradoksal, çətin məsələdir. Hətta bir aktyor kimi bacarsaydım belə özünü redaktə etmək obyektivlikdən, reallıqdan uzaq olursan. Ona görə də tip olaraq başqa bir tipəm, aktyorluğa yaxın deyiləm. Aktyorluq çox çətin peşədir. Aktyor çox həssas, kövrək tipdir.

- Gizlin deyilsə, hazırda nə işlə məşğulsunuz, hansısa film üzərində işləyirsinizmi?

- Hazırda hansısa şirkətlərin təqdimatları, yubileyləri  üçün reklamlar, filmlər çəkirəm. Həmçinin bəzən sosial reklam çarxları çəkirəm və sairə.

 - İllər öncə də sizinlə müsahibəyə gələndə, elə indi də otağınıza daxil olanda ilk olaraq divardakı Gülzar xanımın şəkilləri diqqətimi cəlb etdi. Hiss olunur ki, gəncliyinizdən bəri Gülzar xanıma olan böyük məhəbbətiniz hələ də yaşayır.

 - Bəli. Gülzar xanımla mənim aramda bir kosmik bağlantı var. Ola bilər ki, bürclərimiz tamamilə fərqlidir, amma bizi bir-birimizə bağlayan mənəvi dəyərlər, insani keyfiyyətlərdir. Və ən vacibi, əlbəttə ki, sevgidir. Doğrudur, sevgi gənc anlamdadır. İndi biz sevginin daha ali bağlantıya keçid mərhələsindəyik. Əlbəttə ki, sevgisiz mümkün deyil. Ailədə sevgi mütləqdir. Sevgi nədir? Sevgi özünü qurban etməyə hazır olmaq deməkdir. Yəni, o insan üçün özündən keçə bilərsənsə, bu sevgidir...

Xalidə GƏRAY,
Elçin ƏKBƏROV
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR