İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli İnsanova hələ almadığı mandata görə sərt tənqid

946 05.06.2024 13:02 Siyasət A A

“Səhiyyə naziri olanda xalq üçün nə edib ki, deputat olanda da etsin?”

Sabiq səhiyyə naziri, Haqq-Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun məhkəməyə müraciət etməsi ilə bağlı ötən sayımızda xəbər vermişdik.   

Keçmiş nazir məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə ərizə yazıb. Məhkəmənin yaxın günlərdə onun müraciətinə baxaraq müvafiq qərar qəbul edəcəyi gözlənilir. Konstitusiyada “ağır cinayətlərə görə məhkum olunmuş şəxslər”in seçkilərdə namizəd olmasına qoyulan qadağanın sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun parlament seçkilərində iştirakına əngəl ola biləcəyi bəllidir. Sabiq nazir yalnız o halda iştirak edə bilər ki, bəraət qazansın, məhkumluğu üzərindən tam olaraq götürülsün. Əks halda, hazırkı konstitusiyaya müvafiq olaraq onun parlament seçkilərində namizəd olmasına məhdudiyyət var. Bəllidir ki, sabiq nazir əfvlə azadlığa buraxılsa da, bu, onun bəraət alması demək deyil. Bəraət yalnız məhkəmənin qərarı ilə verilə bilər.

Yenisabah.az Əli İnsanovun partiyadaşlarından birinə istinadən ilginc iddia ilə çıxış edib. Bildirilir ki, onun seçki marafonuna qatılmasına dair ilkin razılıq var. Keçmiş nazirin növbədənkənar parlament seçkilərində mandat qazana biləcəyi istisna olunmur. Partiyadaşının bildirdiyinə görə, parlamentdə təmsil olunduqdan sonra Əli İnsanov “konstruktiv müxalifət” kimi  keçmiş  silahdaşlarına savaş açacaq. 

Bəs parlamentdəki müxalif partiyalar Əli İnsanovun parlamentdə “konstruktiv müxalifət” olacağına necə yanaşırlar?

Bu, separatizmin sonu deməkdir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Əli İnsanovun partiyası ilə birgə parlament seçkilərində iştirakı onların hüquqlarıdır. Əli İnsanovun üzərində məhkumluğun olması bu gün onun şəxsən namizəd olmasını əngəlləyir. Ancaq bu baryerin aradan qalxmasının da hüquqi yolları var. Sabiq nazir də bu hüquqlardan istifadə etmək istəyirsə, normaldır: “Əli İnsanov uzun illər hakimiyyətdə təmsil olunub. Sonra uzun müddət həbs həyatı yaşayıb. Həbsdə olduğu illərdə və azad edildikdən sonrakı bir neçə ildə hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilib. Sonra iqtidarla partiyalar arasında aparılan dialoqda iştirak etdi. Konstruktiv mövqeyə keçməyə başladı. İndi isə məhkumluğun götürülməsi üçün hüquqi prosedura başlayıb. Hətta özü şəxsən və partiyası seçkidə iştirak edib parlamentdə təmsilçilik qazansa belə, bu, nəyi dəyişəcək? Bu, Əli İnsanovun deputat mandatı əldə etməsi və partiyasının parlament partiyası olmasından başqa cəmiyyət üçün nəyisə dəyişəsi deyil. Adam səhiyyə naziri olanda xalq üçün nə edib ki, deputat olanda da etsin? Bu, mənim üçün sual yaradır. Partiya olaraq iştirakında problem görmürəm. Düşünürəm ki, deputat olarsa, partiyası parlamentdə təmsil olunarsa, sadəcə bu parlamentdə partiyaların kəmiyyətinə təsir edər. Əli İnsanov indi olduğu kimi parlamentdə də konstruktiv siyasətini aparacaq. Əli İnsanov müxalifət olmayacaq. İqtidaryönlü olacaq və mandat alsa, deputat kürsüsündən müxalifətə hücumları ilə seçiləcək”. 

 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR