İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyin köməkçisi Leyla Yunusu allahsız adlandırdı

2455 24.07.2019 08:10 Ölkə A A

Oqtay Qasımov: “Onun sifət cizgilərində bunlar aydın görünür...”

Leyla Yunusun milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyi “KQB agenti” adlandırması Azərbaycan cəmiyyətində etirazla qarşılanıb. Ölkənin tanınmış siyasətçilərindən Leyla Yunusa sərt cavablar verilib. Leyla Yunusun Əbülfəz Elçibəy barədə dediklərinə AXCP-nin sədri Əli Kərimlinin dərhal cavab verməməsi ona qarşı tənqidlərə yol açmışdı. Əli Kərimli bir neçə gün keçmiş olsa da, Leyla Yunusa  cavab verdi. Bundan sonra isə cavabın adekvat olmadığı iddiaları irəli sürülməyə başlandı.

Bəs AXCP sədri Əli Kərimlinin Leyla Yunusa cavabı Əbülfəz Elçibəyin ən yaxın adamları sayılan insanları qane edibmi?

Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli “Yeni Müsavat”a bildirdi ki, Əli Kərimlinin Leyla Yunusa cavabı qaneedici səviyyədədir.

Sabiq prezident Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da məsələyə münasibət bildirdi: “Hesab edirəm ki, Əli Kərimli kifayət qədər korrekt və əhatəli şəkildə Leyla Yunusa cavab verdi. Ola bilsin ki, sosial şəbəkə istifadəçilərində Leyla Yunusa olan kəskin münasibət onlarda belə bir rəy yaradıb ki, Əli Kərimli daha sərt münasibət bildirməliydi. Təbii ki, Əli Kərimli bir siyasi partiyanın rəhbəridir və görünür, o, hansısa məqamları da nəzərə alıb sosial şəbəkə istifadəçilərinin düşündüyündən fərqli formada münasibət bildirib. Əsas odur ki, Əli Kərimli tərəfindən cavab verildi”.

O.Qasımov Leyla Yunusun Ə.Elçibəyə qarşı fikirlərinin qərəz və allahsızlıq olduğunu bildirdi: “Leyla Yunusun sərsəmləmələrini diqqətlə izlədim. O adam Azərbaycan xalqına guya tarix dərsi keçir və Azərbaycan tarixini saxtalaşdıraraq Azərbaycan ictimaiyyətinə təqdim eləməyə çalışır. Hərəkatda iştirak eləmiş adamlar Leyla Yunusun kimliyi ilə bağlı kifayət qədər məlumatlıdırlar. Onun fəaliyyəti zamanında Xalq Cəbhəsində uzun müddət mübahisələrə, müəyyən gərginliklərə səbəb olub. Leyla Yunus, ümumiyyətlə, Yunus sülaləsi Elçibəyə qarşı 30 ildir çirkin iftira kampaniyası ilə məşğuldur. Əslində bu, tək onların beyninin məhsulu deyil. Ümumiyyətlə, son dövrlər maraq doğuran bir tendensiya müşahidə olunur, Əbülfəz Elçibəyə cəmiyyətdə münasibət müsbətə doğru çox sürətlə dəyişməkdə davam etdiyi bir dövrdə Rusiya kəşfiyyatının-QRU-nun tör-töküntüləri Elçibəyə qarşı fəallaşır, Elçibəyə şər atırlar.

Leyla Yunus kim idi ki, prezidentin iqamətgahına birbaşa istədiyi formada girsin, xüsusilə hansısa rəsmi toplantının keçirildiyi zala girsin?! Leyla Yunusun Elçibəyə nifrətinin kökündə dayanan məsələ həm də, özünün də qeyd elədiyi kimi, Elçibəyin ona inanmamağıdır. Elçibəy ona inanmamaqda haqlı idi. Leyla Yunus bildirir ki, guya Elçibəy ordunun vahid komandanlığa tabe olması məsələsini həll edə bilmirdi, parlament seçkilərini keçirmək istəmədi və sair. Leyla Yunusun da daxil olduğu QRU-nun agentlər qrupu Azərbaycan ordusunu fornmalaşdırmağa mane olurdular və buna görə də proses ləng gedirdi. Leyla Yunusun Elçibəyi regionçuluqda ittiham etməsi isə qərəzin və allahsızlığın pik həddə olmasıdır. Leyla Yunusun sifət cizgilərində bunlar aydın görünür. Bu adam Elçibəy kimi dürüst insanları ləkələməkdənsə, xalqa hesabat verməlidir ki, o, nə üçün vətən xainləri olan Ələkrəm Hümmətov, Surət Hüseynov və digərlərini siyasi məhbus kimi beynəlxalq təşkilatlara sırımağa çalışırdı və əslində buna nail də olmuşdu.

QRU agenti olan Leyla Yunusun milli azadlıq hərəkatının liderinə atdığı çamur yapışmaz".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR