İnsanlara hürriyət, millətlərə istiqlal!

Ehtiyatlı və mühafizəkar: 2021-ci ilin dövlət büdcəsinə mütəxəssis baxışları - gözləntilər nədir...

1332 23.12.2020 10:50 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, Azərbaycanın 2021-ci il dövlət büdcəsi zərfinə daxil olan sənədlər Milli Məclisə təqdim olunub. Sənəddən aydın olur ki, gələn il ölkəmizin büdcə gəlirləri 25 milyard 427,0 milyon manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303,0 milyon manat və yaxud 5,4  faiz çoxdur.

2021-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirləri 11,851 milyard manat nəzərdə tutulub. Məlumata görə, gəlirlərin 48,7 faizini və yaxud 5 milyard 674 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5 faizini və yaxud 3 milyard 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 7,6 faizini və yaxud 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, 8,1 faizini və yaxud 947 milyon manatını isə digər gəlirlər təşkil edəcək .

2021-ci ildə hökumət 28 milyard 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) xərcləməyi planlaşdırır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz çoxdur. Bunun 2,2 milyard manatı işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurulmasına, 11 milyard 111,9 milyon manatı sosial xərclərin maliyyələşdirilməsinə, 4 milyard 585 milyon 806 min 638 manatı müdafiə və milli təhlükəsizlik xərclərinə sərf olunacaq.

Natiq Cəfərli atasına görə üzr istədi: “Bu hərəkətinə görə atamdan küsdüm”  – VİDEO

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, gələn il dövlət büdcəsinin icrasının təmin olunması üçün ölkədə iqtisadi aktivlik bərpa olunmalıdır: “Bu isə çox çətin məsələdir. 2020-ci il kiçik-orta sahibkarları dizi üstə qoyub, onların özünə gəlməsi üçün böyük maliyyə dəstəyi lazımdır ki, o da 2021-ci il büdcəsində görünmür. Neft Fondundan büdcəyə transfert dəyişmir, 2020-ci ilin avqust büdcə düzəlişlərində nə qədər idisə, o qədər də qalır - 12 milyard 200 milyon manat. Bu isə o deməkdir ki, büdcənin neftdən asılılığı azalmır, azalması üçün institusional heç bir ciddi addımlar atılmır. Büdcə kəsirinin həcmini və başqa dolayı parametrləri nəzərə alsaq, 2021-ci il büdcəsindən devalvasiya ”qoxusu" gəlir. Ola bilər ki, bu addımı bu il yox, gələn ilin fevral-mart aylarında atsınlar".

Ekspertin fikrincə, azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait kifayət qədər irihəcmlidir: “Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimiz üçün 2,2 milyard manat vəsait ayrılacaq - az məbləğ deyil, ictimai nəzarət, şəffaflıq olsa xeyli iş görmək olar. Bundan əlavə, 2021-ci ildə Azərbaycan büdcədən 2,2 milyon manat ayırıb xarici borc (o cümlədən 466,27 milyon manatı faiz ödənişləri) qaytaracaq. Gələn il büdcə kəsrinin bir hissəsini maliyyələşdirmək üçün Azərbaycan 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirməyi planlaşdırır - bu da elə əlavə borclanmaq deməkdir”.

Ekspert Rövşən Ağayev:

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, gələn ilin büdcəsi iqtisadiyyatın (istər biznesin, istərsə də ev təsərrüfatlarının) “suyunu çıxarıb” büdcə üçün resurs almaq imkanının artıq tükəndiyinin etirafıdır: “Əslində bu sıxma-boğma, ”şirəçıxarma" prosesi devalvasiya dövründə başladı, pandemiya ilində pikə çatdı. İndi biznes çökmüş vəziyyətdədir. Niyə bu nəticəyə gəldiyimin səbəbini də deyim: indiyə qədər dövlət şirkətlərindən büdcəyə 3-5 milyon manat divident alan hökumət gələn üçün həmin mənbədən 168 milyon manat cəlb etməyə qərar verir. Yəni indiyə qədər aldıqlarından az qala 40-45 dəfə çox.

Büdcədə diqqəti cəlb edən daha bir məsələ budur ki, hökumət heç vaxt olmadığı qədər daxili borclanmaya getmək istəyir - 2 milyard manat həcmində. Büdcə sənədindən aydın olur ki, gələn il vergi gəlirləri demək olar ki, artmayacaq. Dövlət büdcəsi gəlirlərinin 1 milyard manatdan çox artımı qeyri-vergi mənbələri hesabına təmin ediləcək. Eyni zamanda gələn il üçün proqnozlaşdırılan fiskal defisit (7 milyard manatdan) son onilliyin ən ağır ili kimi tarixə düşən 2015-ci ildə belə yaranmadı. Həmin il fiskal defisit 2 milyard manat ətrafında olmuşdu. Amma hesab edirəm ki, fiskal defisitin real həcmi daha böyükdür. Çünki “Büdcə sistemi haqqında” Qanunun 19.2-ci maddəsinə görə, dövlət zəmanətilə alınan, lakin xəzinədarlıq vasitəsilə icra olunmayan xarici borclar hesabına maliyyələşmələr büdcənin xərclərinə aid edilərək büdcə kəsirinin azaldılmasına yönəldilir".

Ekspert bildirir ki, son 3 ildə Mərkəzi Bankın mənfəətinə büdcə ehtiyac hiss etmədiyi üçün mənfəət Təminat Fonduna yönəldilirdi: “İndi isə 880 milyon manat Təminat Fondundan büdcəyə köçürüləcək. Fondla bağlı qaydaların 3.2-1-ci maddəsinə görə, dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün müvafiq büdcə ili üçün "Dövlət büdcəsi haqqında" Qanunda ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir. 2020-ci ilin əvvəlinə Təminat Fondunda 1 milyard 228 milyon manat toplanmışdı (əsasən Mərkəzi Bankın mənfəətindən köçürmələr hesabına)”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Digər iqtisadçı-ekspert Rəşad Həsənov isə 2021-ci ilin dövlət büdcəsi sənədini ehtiyatlı və mühafizəkar büdcə sənədi kimi qiymətləndirir: “Çünki postişğal dövründə gözləntilər ondan ibarət idi ki, xüsusilə Qarabağın bərpası istiqamətində hökumət böyük xərcləmələrə gedəcək. Və bu, eyni zamanda dövlət büdcəsi üzərində ciddi maliyyə yükü formalaşdıracaq, xüsusilə də xərclər əhəmiyyətli şəkildə artacaq, büdcə kəsiri çoxalacaq və onun kompensasiyası üçün Dövlət Neft Fondundan transfertin məbləği artırılacaq və sair. Lakin bütün bunlar olmadı. Düzdür, dövlət büdcəsi, xüsusilə xərclər hissəsi 2,5 milyard manata yaxın artırıldı. Lakin bu artırılma Neft Fondundan transfert hesabına deyil, daha çox dövlətin daxili borclanması hesabına kompensasiya ediləcək. Yəni görünən ondan ibarətdir ki, hökumət bazara əlavə pul buraxmaqla deyil, bazarın özündən yığacağı pulla iqtisadiyyatda pulun dövriyyəsini təmin etməyi planlaşdırır. Çünki pul kütləsinin genişlənməsi də faktiki olaraq bu gün hökumətin yürütdüyü məzənnə siyasəti üzərində risklər yaradır. Böyük ehtimalla, büdcə tərtib olunarkən bu amil də nəzərə alınıb”.

Ekspert bildirir ki, Dövlət Neft Fondunun gələnilki büdcə xərcləri gəlirlərindən az qala ikiqat çox olacaq: “Gələn il fond təxminən 4,2 milyard manat öz ehtiyatlarından vəsait xərcləməlidir. Ümumilikdə götürdükdə, 2021-ci il büdcəsini riskli büdcə hesab etmək mümkün deyil. Çünki büdcənin 48 faizi Dövlət Neft Fondundan transfert olacaq - 12,2 milyard manat. Bu vəsaitlərin büdcəyə daxil olması prosesində heç bir risk yoxdur, istənilən halda büdcəyə çatacaq. Büdcədə neftin qiymətinin 40 dollar götürülməsinə gəlincə, bu, ilkin variantdakından 5 dollar yuxarı olsa belə, yenə mühafizəkar yanaşmadır. Çünki neft bazarında, dünya iqtisadiyyatında gedən proseslər, pandemiyaya qarşı mübarizə sahəsində vəziyyət göstərir ki, 2021-ci il ərzində neftin qiymətinin 40 dollardan aşağı olması variant gözlənilən deyil. Bütün beynəlxalq təşkilatların, analitik mərkəzlərin proqnozlarında orta qiymət olaraq 45-50 dollarlıq çərçivə götürülür. Bu baxımdan, neftin qiyməti sahəsində də risklərin çox cüzi olduğunu söyləmək olar”.

Dövlət Neft Fondunun aktivləri artıb

R.Həsənovun sözlərinə görə, formalaşacağı gözlənilən büdcə kəsirinin örtülməsində də hökumət ciddi çətinliklə üzləşməyəcək: “Büdcə kəsiri dörd mənbə hesabına maliyyələşdiriləcək. Bunlar dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar, daxili borclanma, xarici borclanma və xəzinə qalığıdır. Bu mənbələrdən nisbətən riskli hesab olunanı xarici borclanmadır. Çünki 2020-ci ildə dünya dövlətləri yetərincə borclanıblar. 2021-ci ildə, böyük ehtimalla, borc bazarında böyük rəqabət yaranacaq. Bu rəqabət, düşünürəm ki, bəzi ölkələrin borclanmasında ciddi problemlər yaradacaq. Lakin Azərbaycanın belə çətinliklə üzləşəcəyi real görünmür. Dövlət Neft Fondunun aktivləri Azərbaycanın suveren kredit reytinqinin bəlli səviyyədə qalmasına hər zaman şərait yaradır.

Büdcənin vergi gəlirlərinə baxdıqda, burada da cari illə müqayisədə ehtiyatlı davranış hiss olunur. Həm fiziki şəxslərin gəlir vergisində cüzi artım, hüquqi şəxslərin mənfəət vergisində azalma nəzərdə tutulur. Hiss olunur ki, hökumət trendi qəbul edir, pandemiya dövründə sahibkarın sıxılması üçün yer qalmadığını anlayır. Büdcə sənədində də qeyd olunduğu kimi, neft qiymətlərinin nəzərdə tutulandan 5 dollar aşağı olması büdcənin neft və qeyri-neft gəlirləri üzərində cüzi bir risk formalaşdıra bilər".

Ekspert deyir ki, büdcə sənədi hökumətin pandemiyanın 2021-ci ilin birinci yarısında başa çatması variantı üzərində qərarlaşdığını göstərir: “Əgər pandemiya ilin birinci yarısında başa çatmasa, səhiyyə xərcləri (sənəddə bu ilkindən 300 milyon manat az - 1,4 milyard manat nəzərdə tutulur) arta bilər. Xüsusilə koronavirusun yeni və daha sürətli yayılan növünün aşkarlanması, pandemiyaya görə qapanmanın daha uzunmüddətli olması kimi risk formalaşdıran amillər var. Lakin hazırlanan büdcə o qədər ehtiyatlı yanaşmanın məhsuludur ki, hətta bu risklər reallaşsa belə, onun icrasında hökumətin ciddi bir çətinliklə üzləşəcəyi gözlənilən deyil”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR