Azərbaycanda vətəndaşların dövlət idarəçiliyində iştirak imkanlarını genişləndirəcək yeni rəqəmsal platforma yaradılır. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən, Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) tərkibində "Elektron iştirakçılıq" altsistemi formalaşdırılacaq.
Musavat.com xəbər verir ki, yeni sistem vətəndaşların, qeyri-hökumət təşkilatlarının və digər vətəndaş cəmiyyəti institutlarının qanun yaradıcılığı və qərar qəbuletmə prosesində iştirakını vahid elektron platforma üzərindən təmin etməyi hədəfləyir.
İndiyədək ictimai iştirakçılıq əsasən dövlət qurumlarının və Milli Məclisin ayrı-ayrı internet səhifələri, ictimai dinləmələr, yazılı müraciətlər və digər ənənəvi mexanizmlər vasitəsilə həyata keçirilirdi. Bu isə vətəndaşların hansı layihənin harada müzakirəyə çıxarıldığını izləməsini və rəy verməsini çətinləşdirirdi.

Yeni sistemin ən diqqətçəkən yeniliklərindən biri vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun elektronlaşdırılmasıdır. Belə ki, hər hansı siyasi partiya, ictimai birlik, təşəbbüs qrupu və ya vətəndaşlar tərəfindən hazırlanmış qanun layihəsinə seçki hüququ olan 40 min vətəndaş elektron kabinet vasitəsilə elektron imza ilə dəstək verərsə, həmin layihə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim oluna biləcək.
Bu mexanizm kağız üzərində imza toplamaq zərurətini aradan qaldıracaq və prosesi tam rəqəmsal müstəviyə keçirəcək. "Elektron iştirakçılıq" altsistemi vasitəsilə dövlət orqanlarının hazırladığı normativ hüquqi aktlar, dövlət proqramları və digər ictimai əhəmiyyətli sənədlər elektron müzakirəyə çıxarıla biləcək.
Vətəndaşlar internet, elektrik, qaz, su, nəqliyyat və digər ictimai xidmətlərlə bağlı hazırlanmış yeni qaydalar barədə təklif və iradlarını sistem üzərindən təqdim edə, elektron ictimai dinləmələrdə iştirak edə biləcəklər.
Bununla yanaşı, dövlət qurumlarının təqdim olunan təkliflərə münasibət bildirməsi, qəbul və ya rədd edilməsinin əsaslandırılması da platformanın səmərəliliyini müəyyən edən əsas amillərdən olacaq.
Mütəxəssislərin fikrincə, yeni altsistem sadəcə texniki yenilik deyil, dövlət-vətəndaş münasibətlərində rəqəmsal iştirakçılığın institusional əsaslarının formalaşdırılması istiqamətində mühüm addımdır.
Qeyd edək ki, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində e-iştirakçılıq (E-Participation Index) ayrıca qiymətləndirilən göstəricilərdən biridir. Azərbaycan indiyədək məhz bu istiqamətdə nisbətən aşağı nəticələr göstərib. Yeni platformanın effektiv fəaliyyəti beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşmasına da töhfə verə bilər.
Ekspertlər hesab edirlər ki, sistemin uğuru onun necə tətbiq olunacağından asılı olacaq. Əgər platformada ictimai əhəmiyyət kəsb etməyən sənədlər yerləşdirilərsə, müzakirələr formal xarakter daşıyarsa və vətəndaşların təkliflərinə cavab verilməzsə, "Elektron iştirakçılıq" altsistemi gözlənilən effekti verməyəcək.
Fərmana əsasən, "Elektron iştirakçılıq" altsisteminin sahibi və operatoru Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq. Yeni platformanın yaradılması və istifadəyə verilməsi üçün müvafiq qurumlara 9 ay müddət müəyyən edilib.
Beləliklə, Azərbaycanda ilk dəfə vətəndaşların qanunvericilik təşəbbüsünün elektron müstəvidə dəstəklənməsi, ictimai müzakirələrin vahid platformada keçirilməsi və rəqəmsal demokratiya alətlərinin genişləndirilməsi istiqamətində yeni mərhələ başlanır.
E.Məmmədəliyev,
Musavat.com






