İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhali belə düşünür: “Qiymətləri onlar artırırlar...”

1088 12.01.2023 20:46 Gündəm A A

İnflyasiya “qazanı”na xaricdən və daxildən “yağ” tökənlər kimlərdir?

Azərbaycanda əhalinin hər 3 nəfərindən biri inflyasiyanın səbəbi olaraq sahibkarlar tərəfindən qiymətlərin süni surətdə artırılmasını görür. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğuda məlum olub. Belə ki, son dövrlər qiymət artımı ilə bağlı məsələlərin aktual olduğunu nəzərə alan Sosial Tədqiqatlar Mərkəzi vətəndaşlar arasında son bir ildə qiyimət artımları ilə bağlı blitz sorğu keçirib. Sorğu zamanı “Sizcə, qiymət artımının səbəbləri nələrdir?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib.

Sorğuda mövqelərin ən çox üst-üstə düşdüyü əsas səbəb kimi Rusiya-Ukrayna münaqişəsi 36.6 faizlik göstərici ilə ilk sırada qərarlaşıb. Rəyi soruşulanların 34,4 faizi inflyasiyanın səbəbi kimi, sahibkarlar və satıcıların qiymətləri süni olaraq artırmasını qeyd ediblər. Daha 32,2 faizi isə qiymət artımının səbəbinin dünyadakı iqtisadi-siyasi vəziyyətlə bağlı olduğunu düşünür.

Maraqlıdır ki, qiymət artımlarının əsas səbəblərindən bir kimi süni qiymət artımını qeyd edən 34,3 faizlik respondentlərin 25,6 faizini dövlət sektorunda çalışanlar təşkil etdiyi halda 20,3 faizini təqaüdçülər təşkil edib.

Maraqlı nəticələrdən biri də əhalinin biznesdəki rəqabət barədə fikirləri olub. Sorğuda iştirak edənlərin 11,6 faizi bildirib ki, qiymət artımlarının əsas səbəblərindən biri rəqabətin zəif olmasıdır. Daha 23,7 faiz isə hesab edir ki, aidiyyəti qurumların tənzimləyici təsiri yetərli deyil. Sorğu çərçivəsində respondentlərin 4,4 faizi digər səbəbləri əsas gətirib, 5,4 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib

Qeyd edək ki, qlobal bazarlardan qaynaqlanan inflyasiya dünyanın inkişaf etmiş əksər ölkələrində 2022-ci ildə hökumətlərin başlıca probleminə çevrilib. Bu amili Prezident İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində də vurğulayıb: “İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur. Halbuki keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə, həmçinin gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr islahatları, əlbəttə ki, burada da müsbət rol oynayacaq. Ancaq bununla paralel olaraq, biz, ilk növbədə, qeyd etdiyiniz kimi, sosial rifah haqqında nəinki düşünməli idik, praktiki addımlar atmalı idik. Ona görə minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”.

Onu da bildirək ki, Azərbaycanda inflyasiyanı artıran amillər arasında ərzaq məhsullarının qiyməti aparıcı rola malikdir. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, 2022-ci ilin sentyabrında aylıq inflyasiyanın 3,1 faizə, illik inflyasiyanın isə 15,6 faizə çatmasına ərzaq məhsulları 9.4 faiz bəndi, qeyri-ərzaq məhsulları 2.5 faiz bəndi,  xidmətlər isə 3.7 faiz bəndi artırıcı təsir göstərib.

Maraqlıdır ki, 2022-ci ilin aprel-dekabr ayları ərzində qlobal ərzaq qiymətləri indeksi davamlı artım nümayiş etdirib. Belə ki, dekabr ayında indeks noyabrla müqayisədə 1,9 faiz azalmaqla 132,4 bənd təşkil edib. Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesabatından aydın olur ki, beləliklə də qlobal ərzaq qiymətləri 2021-ci ilin eyni dövründəkindən 1 faiz aşağı düşmüş olub.

Ardıcıl doqquz ay azalma qeydə alınmasına baxmayaraq, 2022-ci il üzrə orta indeks 143,7 bənd olmaqla 2021-ci ilin orta göstəricisindən 14,3 faiz yüksək olub. Təşkilatın hesablamalarına əsasən dekabrda ən çox taxıl – 1,9 faiz və ət – 1,2 faiz ucuzlaşıb. Dekabrda FAO-nun müşahidə etdiyi qiymətlərdən süd məhsullarında 1,2 faiz, şəkərdə isə 2,4 faiz bahalaşma qeydə alınıb. 

Qlobal ərzaq bazarındakı ucuzlaşma hələlik Azərbaycan bazarına gəlib çatmayıb. Ötən ilin sonlarına doğru müəyyən ucuzlaşma yalnız toyuq əti və unun qiymətində müşahidə edilib. Halbuki ən yüksək inflyasiya səviyyəsi qeydə alınan Avrozonada dekabrda inflyasiya səviyyəsində ikinci azalma qeydə alınıb. “Evrostat” statistika agentliyinin hesablamalarına əsasən, ötən ilin dekabrında zonada inflyasiya noyabrdakı 10,1 faizdən 9,2 faizə düşüb. Xatırladaq ki, noyabrda Avrozonada inflyasiya oktyabrdakı 10,6 faizdən 10,1 faizə düşmüşdü. Analitiklər dekabrda inflyasiyanın 9,6 faizə qədər zəifləyəcəyini proqnozlaşdırırdılar. 

Dünyanın birinci iqtisadiyyatına sahib ABŞ-da isə inflyasiya iyundakı 9,1 faizdən noyabrda 7,1 faizə düşüb. Analitiklər bu göstəricinin dekabr ərzində 6,5 faizə qədər gerilədiyi qənaətindədirlər.

Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olan Türkiyədə də noyabrdan etibarən inflyasiyanın zəifləməsi müşahidə olunmaqdadır.

Qlobal bazarlardakı bahalaşmanın dərhal əksini tapdığı Azərbaycanda ucuzlaşmanın hiss olunmamasını əksər mütəxəssislər ölkə bazarlarındakı yüksək inhisarlaşmanın nəticəsi hesab edirlər. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda inflyasiyanın səbəbləri bir deyil, bir neçədir. Bunlardan biri də xroniki xəstəliyə çevrilmiş inhisarçılıqdır: “Zaman keçdikcə, inhisarçılığın formaları dəyişib. Əvvəllər inhisarçılıq bir çox hallarda qanunsuz olan qadağalarla tətbiq olunurdusa, indi oturuşmuş böyük şirkətlərlə rəqabət aparmaq potensialı olan biznes mövcud deyil. Bu şirkətlərin çoxu yüksək vəzifəli məmurlara bağlıdır və çox böyük imkanlara malikdirlər. Onlar xaricdən malı böyük həcmdə aldıqlarına görə daha böyük endirim alırlar. Kiçik partiyalarla mal alan şirkətlərin belə endirim almaq imkanı olmadığına görə qiymət rəqabətində böyük şirkətlərə uduzurlar. Yəni artıq bazarda oturuşmuş şirkətlərlə rəqabət aparıb qiymətlərin aşağı düşməsinə nail olmaq mümkünsüz hala gəlib”.

Ekspert bildirir ki, Azərbaycan ərzaq məhsullarında 75 faizə yaxın, dərman və tibbi ləvazimatda 95 faizə yaxın, qeyri-ərzaq, sənaye mallarının bir çox növlərində 100 faiz idxaldan asılıdır: “Bu, belə bir sual yaradır ki, 30 ilə yaxın ölkəni idarə edən hökumət nədən yerli istehsalla bağlı ciddi uğurlar əldə edə bilməyib? Əlbəttə, indi sözümün canı heç o da deyil, bu haqda zatən illərdir danışırıq.

Bəli, xaricdəki qiymət artımı ölkəyə təsir edir, bu bizdən asılı deyil, amma vergi-gömrük siyasəti ki, ölkədən, indiki hökumətdən asılıdır, elə deyil? Ölkədə ƏDV-ni, vergi növlərini, gömrük rüsumlarını ki, ABŞ, Avropa, dünya təyin etmir... Deməli, qiymət artımı ilə effektiv mübarizə üçün hökumət vergi-gömrük alətlərindən doğru istifadə edə bilmir, 6 aya yaxındır ki, ərzaq məhsullarında ƏDV-ni 18 faizdən 2 faizə salmağı, dərmanlarda isə ƏDV-ni tamamən ləğv etməyi təklif etmişik. Bu gün ölkə əhalisi gəlirlərinin 55 faizini ərzağa, 4 faizə yaxınını isə dərman və tibbi xidmətlərə sərf edir. Vətəndaşlar öz ərzaq tələbatının 80 faizini şəbəkə marketlərdən ödəyir ki, onlar da ƏDV ödəyicisi olduqları üçün vətəndaş kassada 50 manatlıq ərzağa 59 manat ödəməyə məcbur qalır. Bu məsələnin həlli dünyadan deyil də, məhz iqtidardan asılıdır. Bu addım qiymət artımını xeyli səngidə, əhalinin real gəlirlərini artıra bilər. Əhali ərzaq və dərman alarkən ƏDV-dən qənaət etdiyini qeyri-ərzaq məhsullarına xərcləyəcək ki, onların dövriyyəsi artıqca zatən, satışdan əldə olunan büdcəyə ƏDV ödənişləri də yüksələcək – yəni, bu addım heç də büdcəyə vergi daxilolmalarını ciddi azaltmayacaq, büdcə böyük pul itirməyəcək, camaat ƏDV-dən qənaət etdiyinə, məsələn, ayaqqabı, mikser, pal-paltar və s. alaraq zatən ticarət dövriyyəsinin artmasına, o sahələrdən vergidaxilolmaların çoxalmasına səbəb olacaq”...

Dünya SAKİT,
Musavat.com 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR