İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfv arzusu

1437 29.05.2022 20:07 Yazarlar A A


“Bağışla, ürəyim, bağışla,
Səni gözlətdim yağışda”
(xalq şairi Rüfət Nasosnu)

Müstəqillik günü münasibətiylə əfv fərmanının verilməsi xalqımızı növbəti dəfə sevindirdi. Biz, ümumiyyətlə, əfv qərarlarından sevinmək baxımından dünyada 1-ci yeri tuturuq. Bu haqda Dünya Səhiyyə Təşkilatının (DST) illik hesabatlarında mən özüm, şəxsən, dörd gözümlə oxumuşam. Deyir azərbaycanlılar əfvə düşmək üzrə rekordçudur. Hər yüz min nəfərə düşən əfv qərarına görə biz yalnız Vatikandan geri qalırıq. Orda, məlum məsələdir, dini qaydaya görə papa qabağına kim çıxsa əfv eləyir. Hətta nəsə bir mərasimlər vardır, papa çıxır binanın eyvanına, meydana toplaşanları ellikcə əfv eləyir. Lakin biz hələlik bu cür radikal əfv qaydalarına keçə bilmərik. Müstəqilliyimiz kövrəkdir. Ətrafda çoxlu düşmənlər var və onlar ölkəmizdə sabitliyi xaincəsinə pozmaq üçün hər cür fürsət gəzirlər. O baxımdan, dövlət başçısı hamımızı birdən əfv eləsə camaat qudurar, həddini aşar. Hissə-hissə, xırda-xırda, bala-bala hamı əfv ediləcəkdir, darıxmayın.

Sözgəlişi, camaat əfvi o qədər çox xoşlayır ki, bəzi vətəndaşlarımız dönə-dönə əfvə düşürlər, yorulmurlar. Çıxır türmədən, təzədən girir, yenə çıxır, yenə girir... Hiss olunur bu, artıq əfv manyakıdır, bağışlanma xəstəsidir. Belələrini nə qədər müalicə eləsən xeyri yoxdur. Həmişə əfvə düşməyə çalışacaqlar.

Azərbaycandakı əfvin gözəllikləri dünyada çox məşhurdur, İrandan, Pakistandan, Çindən, başqa ölkələrdən hər il nə qədər adam gəlir bizim türməyə düşür. Sonra əfv olunmaq üçün. Yəqin biz əfv turizminin inkişafına baxmalıyıq. 28 may əfvində belə əcnəbilərdən 3 nəfərin adı vardı: Shahlacheshm Charzehkhoun Hosseın Mozaffar (İran), Kondakçı Resul (Türkiyə), İsabayev Nizamiddin Fazliddinoviç (Özbəkistan). Mən təsəvvür edirəm onların həmvətənləri bu yoldaşlara necə həsəd aparırlar. Axı Azərbaycanda əfvə düşmək hər kəsə qismət olmur.

Bəzən də biz əfv kağızında qəribə personajlarla rastlaşırıq. Bu il belə biri Şəmsi Səmədzadə adlı yoldaş olmuşdur. Onun əhvalatı müəyyən mənada ekzotikdir, fərqlidir, üstündə geniş dayanmağa məcburuq.

Birincisi, bu yoldaş iddia edir ki, guya 1990-cı illərdə gələcək və artıq keçmiş baş prokurorumuz Zakir Qaralova şapalaq vurduğu üçün ömürlük həbs cəzasına məhkum edilmişdir. İndi isə 22 il həbsdən sonra əfvə düşübdür. Deyir məni heç nəyə görə tutmuşdular.

Şübhəlidir. Çünki bizdə heç nəyə görə ömürlük cəza nadir hallarda verilir. Heç nəyin cəzası 5 ildən 10 iləcəndir. Örnək üçün, bu əfvdə buraxılan Saleh Rüstəmli heç nəyə görə 7 il 3 ay cəza almışdı. Hamı da buna inanırdı. Çünki cəza cinayətə uyğun olmalıdır.

İkincisi, Qaralova şapalaq vurmaq, hətta təkrar şapalaq halında, 22 il həbsə səbəb ola bilməzdi. Burda bizim bilmədiyimiz nələrsə var. Məsələn, ən güclü qanqsterlərimiz keçmiş MTN-də, Eldar Mahmudovun başçılığı altında işləyiblər, heç onlar şapalağa bu qədər cəza kəsməmişdir. Pulu, var-dövləti alıb adamı buraxırdılar. Guya Qaralov bu qədər prinsipial imiş? Lətifə danışmayın.

Üçüncüsü, Şəmsi müəllim and içir ki, araq zavodunun yiyəsi olsa da, ömrü boyu dilinə spirtli içki dəyməyib. Guya araq içmək nəsə pis işdir. Piş işdirsə, bunu niyə istehsal edirdin? İstehsal üçün dünyada min dənə ayrı şey var.

Dördüncüsü, Şəmsi müəllim türmədə intervü vermişdi, yalan olmasın, azadlıqdakı icra başçıları, rəislər, deputatlar, nazirlər, köşə yazarları, manıslar və prokurorlardan sağlam, gümrah görünürdü. Bu da bizim penisentiar sistemin, ədliyyənin, türmələrin nə qədər gözəl istirahət yeri olmasının əlaməti, isbatı, aksiomudur. O zaman ortaya haqlı sual çıxır: “Əgər Zakir müəllim şapalağın qisasını almaq istəyirdisə, səni niyə elə kurorta, sanatoriya şəraitinə salırdı?” Elə göndərərdi Zərdab rayonuna müstəntiq, canınla əlləşərdin.

Beşincisi, hamınıza əfvə düşməyi arzu edirəm.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR