Beynəlxalq analitik şirkət Cirium 2025-ci il üzrə aviasiyada punktuallıq reytinqini yayımlayıb.
Musavat.com xəbər verir ki, reytinqə əsasən, aviaşirkətlər arasında birinci yeri Aeromexico tutub. Şirkətin reyslərinin 90,02 faizi vaxtında icra olunub.
İkinci pillədə Səudiyyə Ərəbistanının milli daşıyıcısı Saudia (86,53%), üçüncü yerdə isə Scandinavian Airlines (SAS) — 86,09% göstərici ilə qərarlaşıb.
“Platin” mükafatı üzrə xüsusi kateqoriyada isə Qatar Airways fərqlənib. Aviaşirkət yüksək əməliyyat dayanıqlığı və ümumi göstəricilərinə görə ən yaxşı nəticəni göstərib.
Cirium-un metodologiyasına görə, reys cədvəldə göstərilən vaxtdan maksimum 15 dəqiqə gecikmə ilə çıxış qapısına çatdıqda punktual hesab olunur.
Hava limanları üzrə nəticələrdə ən punktual iri hava limanı kimi Çilidə yerləşən Arturo Merino Benítez International Airport seçilib. “Platin” mükafatı isə İstanbul Hava Limanına verilib.
Qeyd olunur ki, qiymətləndirmə zamanı təkcə reyslərin vaxtında uçuşu deyil, həm də gecikmələrin sərnişinlərə təsir dərəcəsi əsas meyar kimi nəzərə alınıb.
Musavat.com






