İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın diqqəti Zəngəzur dəhlizində - Soçi görüşündən sonra Aşqabadda Əliyev və Ərdoğanın mesajları

2218 28.11.2021 21:09 Gündəm A A

Geridə qoyduğumuz həftə həm Azərbaycan, həm türk dünyası, həm region ölkələri, həm bizimlə tərəfdaş, dost olan dövlətlər, həm də bölgəmizlə bağlı maraqlı olan bütün güclər üçün kifayət qədər önəmli və yaddaqalan oldu. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə baş tutan mühüm görüşlərdə verdiyi mesajlar, imzalanan bəyanatlardakı ölkəmizin maraqlarının təmininə yönəlik məqamlar xüsusi vurğulanmalıdır.

26 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşündə imzalanan bəyanatla bağlı kifayət qədər təhlillər verilib.

001 (2).JPG (771 KB)

Qısa xülasə olaraq qeyd edə bilərik ki, Azərbaycan və Ermənistan liderlərinin 15 dekbarda Brüsseldə baş tutacaq ikitərəfli görüşündən öncə bu görüş vacib qiymətləndirilir. O baxımdan ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda - Ermənistanın imza atdığı kapitulyasiya sənədində üzərinə götürdüyü öhdəliklərə əməl olunması, ələlxüsus Zəngəzur dəhlizi, kommunikasiyaların açılması ilə bağlı məsələ bir daha 26 noyabr bəyanatında əksini tapır və konkretləşir. Yəni 26 noyabrda imzalanan sənəddə bunun üçün qısa müddətdə mexanizmlərin hazırlanması razılaşması heç də sadə məsələ deyil. Böyük ehtimalla, 15 dekabda keçiriləcək ikitərəfli görüşədək çox mühüm addımların şahidi olacağıq.

Burada bir incə nüansa diqqət edək. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov facebook səhifəsində bir maraqlı fikir paylaşıb. O hesab edir ki, 26 noyabrda əslində çox ciddi anlaşmalar var, sadəcə, bunlar açıqlanmaq üçün deyil. Təbii söhbət bu məsələlərin gizli tutulmasından deyil, pozitiv, Azərbaycanın və bütövlükdə bölgənin xeyrinə olacaq razılaşmaların icra olunanadək açıqlanmasının təxribatçı və marıta yatmış, bölgədə sabitlik olmasını istəməyən güclər tərəfindən sabotaj edilə bilməsi ehtimalından, onun önlənməsi cəhdlərindən, provokasiyalardan gedə bilər.
Yoxsa proseslərdə xüsusi ilə Azərbaycan xalqından gizlədiləcək bir məqam olması ağlabatan deyil. Çünki hazırda, ümumiyyətlə Vətən Müharibəsindən sonrakı mərhələlərdə bütün proseslər Azərbaycanın xeyrinədir. Yalnızca Ermənistan tərəfi müxtəlif oyunbazlıqlar, təxribat cəhdləri etməklə, xarici təzyiqlərlə, habelə daxildəki revanişist, pozucu qüvvələrin təsiri ilə nəzərdə tutulan, üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyi müəyyən qədər yubadıb. Ancaq indi bu limit də bitib, bundan sonrakı mərhələdə konkret addımlar atılmalıdır, buna şübhə yoxdur. Azərbaycan daha heç bir halda səbr edəsi deyil, eynilə Rusiya Putinin də imzası olan sənədin əhəmiyyətli bəndlərinin icrasından yayınmağı Ermənistana bağışlamaz, bu, çox pis nəticələr verər...

Hazırda müzakirələr daha çox Zəngəzur dəhlizi ilə bağlıdır. Burada bir məqamı qeyd edək ki, bu dəhlizin işə düşməsi təkcə Azərbaycan, Türkiyə və Rusiyanın deyil, qlobal güclərin də ciddi marağındadır. Çünki yeni dünya düzənində bu marşrutun işə düşməsi mühüm əhəmiyyət kəsb edir. Faktiki olaraq Azərbaycanın Qarabağ Zəfərinin fonunda bölgədə yaranmış yeni reallıqlar Zəngəzur dəhlizinin qısa müddətdə işə düşməsini bir şərtə çevirib. Ermənistanın bundan boyun qaçırmaq şansı da yoxdur. Eyni zamanda ermənilər normal məntiqlə, ağılla yanaşsalar, bu dəhliz daha çox Ermənistanın inkişafı, düşdükləri acınacaqlı durumdan çıxmaları üçün faydalıdır.
         

                                ***

Soçi görüşündən az sonra - bu istiqamətdə ciddi müzakirələrin davam etdiyi vaxtda 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında Zəngəzur dəhlizinin prioritet mövzu olması da diqqətdən yayınmır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda çıxışında qeyd edib: “...İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

e37f4f19b05fc4c539ced59a2ac2d538.jpg (124 KB)

Habelə, toplantıda çıxış edən Türkiyə Prezidenti deyib: “Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür...
Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır”.

23bd566455a0df70dfe7fd7664da5a38.jpg (74 KB)

Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT kimi mühüm bir qurumun tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi bütün dünyaya mesajdır.
Habelə, Türkiyə Prezidentinin də xüsusi olaraq bu məsələyə diqqət yetirməsi ciddi mətləblərdən xəbər verir. Faktiki olaraq bu, geriyədönməz bir prosesdir, hansısa sabotajlarla bunu uzatmaq, əngəlləmək mümkün deyil.
Məsələ ondadır ki, sözügedən nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və qlobal bir əhəmiyyətə malik olacaq.

Bəllidir ki, Azərbaycan son illərdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Nəqliyyat və logistika sahəsində görülən işlər, qoyulan investisiyalar özünü doğruldub və təhlükəsizlik baxımından da diqqət cəlb edir. Azərbaycanın bölgədəki liderliyi və verdiyi təminatlarla Zəngəzur dəhlizinin də reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaranması deməkdir.
Şübhəsiz, İƏT üzvü olan ölkələrin də bu dəhlizdən istifadəsi onların da marağındadır. Praqmatik yanaşdıqda İƏT-ə üzv ölkələr bu nəqliyyat dəhlizindən böyük faydalar götürəcəklər.
Təbii, siyasi, dostluq konteksti ilə yanaşı, iqtisadi maraqlar baxımından dəhlizin önəmi ayrı-ayrılıqda ölkələri və qlobal gücləri də cəlb etməyə bilməz. Üstəlik, nəzərə alsaq ki, İƏT-ə üzv ölkələrinin bir neçəsi həm də KTMT üzvüdür, mənzərə bir qədər də aydın görünür. Onlar Rusiyanın da marağında olan Zəngəzur dəhlizinə ikiqat önəm verəcəklər.

Soçidən sonra Aşqabad görüşündə - İƏT-in qəbul etdiyi qətnamələrdə, qərarlarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzalamış olduqları sənədlərdə əks olunan “dəhliz” ifadəsinin yer alması bu prosesə verilən dəstəkdir. Heç şübhəsiz, İƏT regionunda də Zəngəzur dəhlizi məsələsi çox ciddi izlənilirdi, bundan sonra məsələnin bu platforma üzərindən daha geniş təşviqinin şahidi ola biləcəyik. Heç də kiçik platforma deyil: Hazırda İƏT-in 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan...

Təxminən 2 həftə sonra isə Zəngəzur dəhlizi Avropada müzakirə ediləcək.

Bütün bunların fonunda deyə bilərik ki, hazırda dünyanın nəzərlərinin xüsusi yönəldiyi mühüm məsələlərdən biri də məhz Zəngəzur dəhlizidir. Bu o deməkdir ki, Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmaların şahidi olmaqdayıq. Proqnozlaşdırılan gedişatı tormozlamaq mümkünsüzdür.

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR