İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyüşdə, diplomatiyada, siyasətdə... qalib LİDER - yubilyara təbrik əvəzi  

1232 24.12.2021 09:47 Gündəm A A

Bəşəriyyət tarixində minlərlə ölkə rəhbəri, lideri olub. Onların çoxu haqda yalnız arxivlərdən məlumat tapmaq mümkündür. Liderlərin cüzi bir faizinin adını sadə insanlar belə daim - əsrlər keçsə də xatırlayır, unutmur, onlar bir növ daş yaddaşına çevrilib. Bu şəxslər gerçək xilaskardır, fatehdir, tarixdə xüsusi izlər qoyublar, heç zaman unudulmurlar və unudulmayacaqlar...

Çünki sıradan bir rəhbər deyil, müzəffər sərkərdə olduqları, dövlət qurduqları, torpaqları yağıdan azad etdikləri, eyni zamanda hərəsi öz dövründə yeni düzən qurduğu, rəhbərlik elədiyi dövləti sürətlə inkişaf etdirdiyi, irəliyə apardığı, istər diplomatiyada, istər siyasətdə möhtəşəm, sarsılmaz irs, iz qoyduqları üçün fərqləniblər.

Seçildikləri üçün həmişə barələrində danışılır, fəaliyyətləri, metodları daim öyrənilir, tətbiq edilir, nümunə kimi göstərilirlər.
Uzun dövrdən, onilliklərdən bəri belə liderlər tükənməkdədir.

21-ci əsrdə Azərbaycanın qismətinə belə bir lider düşüb, şükürlər olsun!

Əsrlər boyu işğallara, ilhaqlara məruz qalan Azərbaycan son 200 ildə ilk dəfə olaraq torpağını düşməndən geri alan Qalib Azərbaycana çevrildi.

Odur ki, indi istər Azərbaycanda, istər türk dünyasında, istərsə də dünyada barəsində ən çox danışılan şəxslərdəndir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

1610729428_aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.jpg (138 KB)

Əlbəttə, bu qələbəyə gedən uzun, çətin bir yol var. Asanlıqla olmayıb...

İlham Heydər oğlu Əliyev Azərbaycan Prezidenti olduğu 18 ildə hansı işləri gördü, nələr etdi, bunu əlbəttə ki, bir yazıya sığışdırmaq mümkün deyil.

Bildiyimiz qədəri ilə təriflənməkdən heç də xoşlanmır. Ancaq Azərbaycanı qalib, Qarabağı işğaldan azad etməyi bacaran Liderin 60 illik yubileyi günündə dövlət üçün etdiklərinə qısa nəzər salmaq, qeydlər etmək ən yaxşı təbrik ola bilər...

2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilərkən yaddaşlarda daha çox qalan iki şüar səsləndirmişdi: “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”.

prezident_180418_11.jpg (102 KB)

Ötən 18 il ərzində istər daxili siyasətdə, istərsə də xarici siyasətdə böyük uğurlara imza atdı. Bütün azərbaycanlıların prezidenti oldu, hər bir azərbaycanlı onunla fəxr etdi, qürur duydu. 

Daxildə apardığı siyasət nəticəsində opponentləri təbii olaraq o qədər zəiflədi ki, xalq onların varlığını belə unutdu. Əlbəttə, səbəbsiz deyil, doğru idarəçilik, səmimi davranış və həyata keçirilən böyük sosial yönümlü işlər Prezidentə ciddi inam formalaşdırıb.

preszident1.jpg (239 KB)

Ən əsası, Qarabağ məsələsində heç zaman bir addım da olsa geri çəkilmədi, xalqın, dövlətin maraqlarına uyğun olmayan bütün variantları iqnor etdi. Hətta İlham Əliyevin sarsılmaz mövqeyinə görə, Qarabağ məsələsində ortaya iradə qoyduğuna, güzəştlərə getmədiyinə görə müəyyən dönəmlərdə məkrli, ermənipərəst Qərb, Avropa dairələri Azərbaycanda inqilab edib iqtidarı dəyişmək cəhdləri də edirdilər. “Demokratiya” adı altında pərdələnərək, Azərbaycanı işğalla barışmağa məcbur etməyə çalışırdılar.

Ancaq İlham Əliyev əzmlə bu cəhdlərin qarşısını aldı, xalq da fərqində idi ki, Qarabağ, dövlət, millət, milli maraqlar üçün səmimiyyətlə mübarizə aparır.

Anti-Azərbaycan planlar bu yolla alınmadıqda müxtəlif “həll planları” təklif etdilər: 3+1, 3+2, 4+2, 5+2 və s...
Ancaq bunların heç biri ilə də razılaşmadı Azərbaycan rəhbəri. Çünki güzəşt tələb olunurdu hamısında...
Bütün bunların fonunda ən radikal müxalif liderlər belə Azərbaycanın son 18 ildəki xarici siyasətinin uğurlu olduğunu etiraf edirdilər.

Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələrlə münasibətlərin maksimum inkişafı xarici siyasətdə mühüm prioritetlərdən oldu və bunun hansı uğurları gətirdiyini müharibə və postmüharibə dövründə gördük.

Yeri gəlmişkən, Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilməsi də 2021-ci ilin ən böyük hadisələrindəndir...

abe74b66-8b4f-324a-932d-837aa5e8137e_850.jpg (97 KB)

Buradaca bir xüsusi qeyd yerinə düşür, Prezidentimizin dostluqda nə qədər sədaqətli olması da ayrıca bir mövzudur. 

Onun qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla səmimi dostluğu, qardaş münasibəti bir örnəkdir! 

591838.jpg (17 KB)

                               ***

Ötən dövr ərzində NATO, Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətlə inkişaf etdi və etməkdədir.

nato.jpg (61 KB)

Azərbaycanın xarici siyasətin bir elementi kimi, 2008-ci ildən “Bakı prosesi” çərçivəsində sivilizasiyalararası, mədəniyyatlərarası dialoq formatının və müzakirə platformaları yaradıldı.

2012-ci ildə Azərbaycan “Eurovision” musiqi müsabiqəsinə, 2015-ci ildə l Avropa Oyunlarına, 2017-ci ildə İslam Həmrəylik Oyunlarına, “Formula 1” yarışmasına, digər çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdi. İlkin dövrlərdə bunun xeyli tənqidçisi vardı. Ancaq zaman göstərdi ki, biz dünyanın mühüm bir parçasına çevrilərək, bu yöndə də doğru davranmışıq...

                                        ***
Bugünkü vəziyyətdən və bütün parametrlər üzrə həyata keçirilən işlərdən o qənaətə gələ bilirik ki, İlham Əliyev Qarabağın sülh yolu ilə işğaldan azad edilməsi üçün bütün mümkün variantları işə salıb, dünyaya çağırışlar edib və nəhayət Vətən Müharibəsindən başqa çıxış yolu qalmadığı bəlli olub.
Proseslər göstərdi ki, İlham Əliyev Vətən Müharibəsinə ən xırda detallara qədər nəzərə alaraq çox ciddi hazırlaşıb və qısa müddətdə Zəfər çalacağımıza, BMT-nin qətnamələrini təkbaşımıza, özümüz icra edə biləcəyimizə əmin olaraq Ali Baş Komandan kimi orduya əmr verib.
Xalqına sədaqətlə xidmət etdiyi, daim insanlarımızın rifahının yüksəldilməsinə çalışdığı, bütün vədlərinə hər zaman əməl etdiyi və böyük etimad qazandığı üçün xalqın da onun ətrafında yumruq kimi birləşməsinə bütün dünya şahid oldu.
                                     

                                       ***

Əlbəttə, müharibədə qalib olmaq üçün ən vacib olan məsələ güclü iqtisadiyyata yiyələnmək idi. Bəlkə də hansısa tənqidlər səslənə bilər iqtisadiyyatla bağlı. Təbii, sağlam tənqidə hər zaman yer var. Ancaq ümumilikdə bir faktı göstərmək kifayət edir ki, Azərbaycan iqtisadi qlobal böhrandan üzüağ çıxdı. Avropa dövlətləri belə tənəzzülə sürətlə yuvarlananda biz çox cüzi təsirlər hiss etdik.

Ölkəmizin 2020-ci il üzrə “Doing Business” hesabatında dünyanın “Ən islahatçı 20 ölkəsi” sırasında yer alması da nəzərdən qaçmayan məsələdir.

2 ildir dünyanı saran koronovirus pandemiyası sınağından da üzüağ çıxan azsaylı ölkələrdənik. Hətta bu məsələdə təşəbbüskar, dünyanın müxtəlif ölkələrinə yardımlar etmiş dövlətik.

Yekun müqayisə olaraq deyə bilərik ki, əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,3 milyard manat təşkil edirdisə, bu göstərici son 18 ildə 20 dəfəyədək artıb. 2022-ci il üçün 29 milyard 879 milyon manat təşkil edən büdcə elə 23 dekabrda təsdiqləndi...
Regionların iqtisadi inkişafı üzrə 4 proqram icra olunub - 2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramları qəbul və icra edilib.

Bu illər ərzində məcburi köçkün şəhərcikləri ləğv olunaraq, müasir şəhərciklər salınıb.

Neftdən asılılığın aradan qaldırılması prioritetlərdən biri olub. Aqrar sahənin inkişafı ilə bağlı görülən işlər ciddi nəticələr verməkdədir.
Bu gün balaca dediyimiz Azərbaycan böyük dövlətlərin əksərinin nail ola bilmədiyi bir uğura da imza atıb. Azərbaycan peyk dövlətidir, orbitdə “Azərspace-1” və “Azerspace-2” telekommunikasiya peyklərimiz var. Həmçinin, “Azersky” müşahidə peykini buraxaraq dünya kosmik klubunun üzvünə çevrilmişik.

Без названия.jpg (7 KB)

Yeri gəlmişkən, bu peyklərin böyük faydasını Vətən müharibəsi zamanı da gördük...

Korrupsiya və rüşvətxorluqla mübarizədə çox böyük işlər görüldüyünü desək yanılmarıq. Əlbəttə, korrupsiya və rüşvətxorluq birbaşa insan amili ilə bağlı olduğundan dünyanın demokratiya beşiklərində də bu halın qarısını 100 faiz almaq mümkün deyil.

Azərbaycan Prezidentinin illərdən bəri bu yöndə gördüyü işlərin nəticəsini insanlar gündəlik həyatında da görür.

“ASAN” Xidmət bu sahədə böyük bir uğurdur. İlham Əliyevin təşəbbüsü, ideyası olan “ASAN” bir model kimi brendimizə çevrilib. Xeyli ölkə bu sistemin analoqunu qurub və qurur.

1g4adrclmubtb28e5n7eseg6t2asan xidemt.jpg (125 KB)

Rüşvətxor icra başçılarının, nazir və idarə rəhbərlərinin həbsi ardıcıl bir prosesə çevrilib.

Enerji, nəqliyyat sektorunda görülən işlər də olduqca mükəmməldir, hədəflərə addım-addım nail olmuşuq: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub Qaz Dəhlizi” və onun TAP və TANAP kimi tərkib hissələri gerçəkləşdirilib. Ölkənin nəqliyyat infrastrukturunda inqilabi dəyişiklik var. Yolsuzluq şikayətimizi minimuma enib. Bakı-Tbilisi-Qars, Qəzvin-Rəşt-Astara kimi strateji əhəmiyyətli layihələr icra olunub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması ölkəmizin Avrasiya regionunun əsas dəniz nəqliyyatı və logistika qovşağına çevrilməsi perspektivlərini yüksəldib.

Ölkəmiz Çinin “Bir kəmər, bir yol” layihəsinə qoşulub, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə çevrilib.

Və hazırda Qalib Azərbaycan “Zəngəzur dəhlizi”ni reallaşdırır! Bu, nağıl kimi görünürdü cəmi ilyarım öncə. Xəyallar gerçək olur...

İlham Əliyevin rəhbərliyi altında qazanılan Qarabağ Zəfəri və ondan sonra bütövlükdə bölgədə yaranmış vəziyyət dünyanı bir daha düşünməyə vadar etdi. İlkində bir çoxları susurdular, yaxud hansısa cığal davranışlar sərgiləyirdilər. Ancaq ötən 1 il ərzində xeyli müşahidələr apardılar və İlham Əliyevin apardığı siyasətin doğru olmasını bəziləri birbaşa, açıq, bəziləri də dolayısı ilə etiraf edirlər. Buna məcburdurlar. Qərbdən, Avropadan verilən mesajlar, təkliflər (xüsusən Brüssel prosesi) onu göstərir ki, dünya birliyi indiki şəraitdə Azərbaycanın regionda yaratdığı geosiyasi reallığın bölgənin inkişafı, Ermənistanın da böhrandan yaxa qurtara bilməsi üçün alternativi olmadığı qənaətinə gəlib...

Burada yazmaqdan dayanıb, bir daha düşünürəm: 18 ilə bu miqyasda - yazmaqla bitmək bilməyən dövləti prosesləri həyata keçirmək necə mümkün olub? Yaxın-uzaq ölkələrin də son 18 ilini müqayisə edirsən qeyri-ixtiyari. Məsələn, bizə bəziləri Gürcüstanı, Qırğızıstanı, Ukraynanı “nümunə” göstərirdi bir vaxtlar. İndi baxaq, ötən 18 ildə Gürcüstan harada qaldı, biz hansı yüksəyə, zirvəyə qalxdıq. Ukrayna nə durumdadır, biz nə cür diqtə edirik...
18 ilə ölkəmizi bunca inkişaf etdirmək, son 200 illik tarixdə ilk dəfə qalib dövlətə çevirməyi başqa biri bacarardımı? Əlbəttə, yox. Bunun üçün gərək özündə bütün liderlik keyfiyyətlərini – yüksək intellekt, xarizma, siyasi yetkinlik, cəsarət, iradə, qorxmazlıq, diplomatiya bacarığı, mübarizlik, səmimiyyət, natiqlik, yüksək dil bilgilərinə sahib olmaq - birləşdirəsən.

şuşa.jpg (510 KB)

Ötənlərdə müxalif liderlərdən biri demişdi ki, Qarabağı kim azad etsə, Azərbaycanın ən böyük lideri də o olacaq...
Yubiley - 60 yaşınız mübarək, Qarabağımızı azad edən, MÜZƏFFƏR, QALİB LİDER!

Elşad MƏMMƏDLİ, ''Yeni Müsavat'' qəzetinin redaktoru 

3a711bd8ba59c29ab74f9b80ab2f6621.jpg (85 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR