İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət şirkətlərinin kreditləri yenə büdcədən qaytarılır - səbəb...

727 24.05.2022 10:39 İqtisadiyyat A A

Rəşad Həsənov: “Dövlətin hansı sahələrdə və istiqamətlərdə alınan kreditlərə zəmanət verəcəyi dəqiq müəyyən olunmalıdır”

Azərbaycanda dövlətə məxsus şirkətlərin dövlət zəmanəti ilə aldıqları kreditləri qaytarmaq sahəsində problemlər aktual olaraq qalmaqdadır. Hər biri mühüm bir sahədə yeganə inhisarçı olan dövlət şirkətləri qeyri-şəffaf idarəetmə, korrupsiyanın səviyyəsinin yüksəkliyinə görə daim tənqid olunurlar. Bu şirkətlər həm də xarici maliyyə-kredit təşkilatlarından dövlət zəmanəti ilə aldıqları irihəcmli kreditləri qaytarmırlar, nəticədə ağırlıq dövlətin üzərinə düşür. Hazırda inhisarçı dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldıqları kreditlərin həcmi bir neçə milyard dollardan yuxarıdır. İndiki vəziyyət davam edəcəyi təqdirdə, bu borcun hamısını dövlət özü qaytarmalı olacaq. Bu isə hər il dövlət büdcəsinə yüz milyonlarla manat əlavə yük deməkdir.

2021-ci ilin dövlət büdcəsinin icrasına dair məlumatdan aydın olur ki, ötən il “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitindən ümumilikdə 1 milyard 373,6 milyon manat, o cümlədən 1 milyard 215,4 milyon manat, 58 milyon ABŞ dolları (98,7 milyon manat) və 29,8 milyon avro (59,5 milyon manat) istifadə edilib. Sənədə əsasən, istifadə edilmiş vəsaitin 880 milyon manatı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanunun 2.20-ci maddəsinə əsasən dövlət büdcəsinə transfert edilib. Bununla yanaşı, bir sıra dövlət müəssisələrinin dövlət zəmanətli borcları üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən, ümumilikdə 493,6 milyon manat, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin 215,1 milyon manat, “Azərenerji” ASC-nin 101,2 milyon manat, “Azərbaycan Hava Yolları” QSC-nin 34,8 milyon manat, “Azərişıq” ASC-nin 22,5 milyon manat və “Aqrarkredit” QSC-nin 120 milyon manat məbləğindəki öhdəlikləri Təminat Fondunun vəsaiti hesabına icra olunub.

Dövlət şirkətləri Təminat Fonduna olan borclarını da qaytarmırlar. 2021-ci ildə Təminat Fonduna 235,4 milyon manat məbləğində vəsait daxil olub. Daxil olan vəsaitin 34,3  faizini və ya 80,8 milyon manatıın borc sazişləri, yerləşdirilmiş vəsaitlərə hesablanmış faiz və dövlət zəmanətinin verilməsi ilə bağlı haqlar üzrə daxilolmalar təşkil edib. Yerdə qalan 154,6 milyon manat məbləğində vəsait isə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq dövlət borcuna xidmət ilə əlaqədar nəzərdə tutulmuş xərclərin icrası zamanı yaranmış qənaətin payına düşür.

2021-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri 2 milyard 198,8 milyon manat həcmində nəzərdə tutulmuşdu. Büdcənin icrasına dair sənəddə qeyd olunur ki,  həmin vəsaitin 2 milyard 31,7 milyon manatı xarici dövlət borcuna (1565,4 milyon manatı əsas, 466,3 milyon manatı isə faiz ödənişləri), 167,1 milyon manatı  isə daxili dövlət borcuna (6,9 milyon manatı əsas, 160,2 milyon manatı isə faiz ödənişləri) xidmət üçün sərf olunmalıydı. Bunun müqabilində hesabat ilində xarici dövlət borcuna xidmət xərcləri 1 milyard 878,7 milyon manat (1 milyard 512,5 milyon manat əsas borc və 366,2 milyon manat faiz borcu), daxili dövlət borcuna xidmət xərcləri isə 165,4 milyon manat (6,9 milyon manat əsas borc və 158,5 milyon manat faiz borcu) təşkil edib.

2021-ci il ərzində bir sıra xarici borc öhdəlikləri üzrə faiz dərəcələrinin tərkib hissəsini təşkil edən istinad dərəcələrinin (LİBOR, EURİBOR və s.) beynəlxalq maliyyə təşkilatlarının proqnozlarından aşağı olması faiz ödənişlərinin, avro, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) və yapon yeninin məzənnələrində baş verən azalmalar və icrası davam etdirilən layihələr üzrə icraçı qurumlar tərəfindən kredit vəsaitlərindən zəif istifadə edilməsi əsas borc ödənişlərinin proqnozlaşdırılandan az icra olunmasına səbəb olub. Bunun nəticəsi olaraq 2021-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərdən 154,6 milyon manat məbləğində vəsaitə qənaət olunub. Qeyd olunan vəsait “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.

Bu il yanvarın 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 faizi) olmaqla, xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in 14,9  faizini təşkil edib.

Qeyd edək ki, dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldıqları kreditlərə məsuliyyətsiz yanaşması uzun illərdir həllinə çalışılan, lakin nail olunmayan aktual problemlərdən biridir. Bir sıra hallarda dövlət şirkətləri dövlətin zəmanəti ilə götürdüklər kredit vəsaitlərini vaxtında istifadə etmədiklərinə görə irihəcmli borclar yaranır. 2015-ci ildə dünya bazarında neftin qiyməti kəskin düşərkən hökumət dövlət zəmanəti alınan kreditlərlə bağlı hərəkətə keçdi. Kredit götürən dövlət qurumlarına Maliyyə Nazirliyinin xüsusi nümayəndələri təyin edildi.

2018-ci ildə  “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq olunub. Prezident İlham Əliyevin göstərişi ilə hazırlanan strategiyada dövlət zəmanəti ilə alınan kreditlərlə bağlı sərt tələblər müəyyənləşib. Bu ilin aprel ayında birinci rübün sosial-iqtisadi yekunlarına dair müşavirədə çıxış edən İ.Əliyev dövlət şirkətlərinin xarici borclanması məsələsinə də toxunub: “Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq. Eyni zamanda dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq”.

Prezident Samir Şərifovu danladı - “Mən sadə sual verirəm, sən başlayırsan  leksiya oxumağa” / VİDEO - Günün Səsi

Maliyyə naziri Samir Şərifovun müşavirədə verdiyi məlumatdan aydın olub ki, növbəti 3 il ərzində borcun yenidən maliyyələşdirilməsi daxil edilmədən ümumi borclanma 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Borcun yenidən maliyyələşdirilməsini də nəzərə alınmaqla, yaxın 3 ildə 8,3 milyard manat həcmində borcun cəlb edilməsi planlaşdırılır. Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə olunacaq vəsaitlər təşkil edəcək. Yəni bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub.

2020-ci ildə Prezidentin fərmanı ilə iri dövlət şirkətlərinin idarəetməsinin təkmilləşdirilməsi, şəffaflaşmasını təmin etmək üçün Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Dövlət şirkətlərinin böyük əksəriyyəti holdinqin idarəçiliyinə verilib, onlarda müşahidə şuraları yaradılıb. Lakin 2021-ci ildə əldə olunan nəticələr göstərir ki, idarəetmə sahəsində görülən işlər dövlət şirkətlərinin fəaliyyətində ciddi bir dəyişikliyə gətirib çıxarmayıb: onların aldıqları xarici kreditlər üzrə ödənişləri yenə dövlətin üzərində yük olaraq qalmaqdadır. Belə ki, 2022-ci il dövlət büdcəsinin dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri 1 milyard 792 milyona manat məbləğində nəzərdə tutulub. Bu, proqnozlaşdırılmış dövlət büdcəsi gəlirlərinin təqribən 6,7 faizi, xərclərinin isə 6 faizi deməkdir. Bunun 1 milyard 560 milyon manatı xarici dövlət borcu üzrə ödənişlər olacaq. Bu da dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 87,1 faizinə, dövlət büdcəsi gəlirlərinin 5,8 faizinə, dövlət büdcəsi xərclərinin 5,2 faizinə bərabərdir. Bunun 407,6 milyon manatı faiz ödənişləri, 1 milyard 152,4 milyon manatı isə əsas borc ödənişi olacaq.

Göründüyü kimi, xarici dövlət borcuna xidmət xərcləri hələ də büdcədən mühüm bir hissəni əhatə etməkdədir. Onun tərkibində iri dövlət şirkətlərinin borclarına görə ödənişlər əhəmiyyətli paya malikdir.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, hazırda büdcədən ödənilən dövlət şirkətlərinin son 2-3 ildə aldıqları xarici kreditlər üzrə yaranan borclar deyil: “Bu borclanmalar son 10-12 ildə edilən borclanmalardır. Uzun müddət ərzində dövlət şirkətlərinin dövlət zəmanəti ilə xaricdən vəsait cəlb etməsi sahəsində ciddi nəzarət yaradılmadı. Nəticədə dövlət şirkətləri qaldıra bilməyəcəkləri yükün altına girdilər. Bu kreditlər götürülən vaxtlarda biz dəfələrlə onları alan şirkətlərin qaytarmaq imkanlarının olmayacağına dair xəbərdarlıqlar səsləndirdik, lakin təəssüf ki, nəzərə alan olmadı. Dövlət şirkətlərinin idarəetməsindəki qeyri-şəffaflıq iri bir məbləğdə borc yükünün yaranmasına səbəb oldu. İndi həmin borcların qaytarılması vaxtıdır, amma şirkətlər bunu edə bilmirlər”.

Ekspertə görə, son illərdə dövlət şirkətinin idarəçiliyində həyata keçirilən dəyişikliklər müəyyən maliyyə intizamının  formalaşmasına səbəb olub: “Buna görə də xarici borcların qaytarılması sahəsində irəliləyişlər olacaq, növbəti illərdə ödənişlər azalacaq, çünki əsas borcların qaytarılması prosesi başlayıb. Lakin bu kreditləri faktiki olaraq, batmış vəsaitlər hesab etmək olar. Çünki onlar real investisiya şəklində qoyulmadığı üçün bu gün  hər hansı gəlir gətirmir. Cəzasını isə dövlət, vergi ödəyiciləri çəkirlər. Düşünürəm ki, dövlət şirkətlərinə dövlət zəmanəti ilə kredit alınmasının qadağan olunması çıxış yolu ola bilməz. Çünki bu halda onlar daha baha kreditlər alacaqlar ki, bu da sonda yenidən qaytarılma problemi yaradacaq. Buna görə də ölkədə xarici borclanma ilə bağlı qəbul edilmiş hədəflər çərçivəsində dəqiqləşmə aparılmalı, dövlətin hansı sahələrdə və istiqamətlərdə alınan kreditlərə zəmanət verəcəyi dəqiq müəyyən olunmalıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR